Avropa və Sakit okeanın altına çökmüş qitələrə dair izlər tapan araşdırmaçılar bunun daha böyük kəşflərə yol açacağını iddia edir. Yunan filosofu Sokratın tələbəsi Platon 2 min il əvvəl öz kitablarında baş verən şiddətli zəlzələ və sellərin Atlantida adlı qitə və ya sivilizasiyanı yoxa çıxarmasından bəhs edirdi.
Teleqraf.com xəbər verir ki, Platondan əsrlər sonra araşdırmaçılar Atlantidanın bir əfsanə olmadığı qənaətindədir.
Platondan sonra itmiş qitələr haqda çoxsaylı rəvayətlər uyduruldu, nəzəriyyələr irəli sürüldü. Lakin aparılan yeni araşdırmalar Atlantida və buna oxşar itmiş şəhər və qitələrin sadəcə əfsanədən ibarət olmadığını ortaya qoyur.
Araşdırmaçılar Platonun irəli sürdüyü nəzəriyyələrin gerçək olduğunu deyir. Platonun iddia etdiyi miqyasda olmasa da, itmiş qitələr gerçəkdir və bunların bəşəriyyətə böyük təsirləri olub.
Hollandiyanın Utrext Universitetinin araşdırmaçısı Dav Van Hinsbergen “Böyük Adriya” adlanan itmiş qitələrin sirlərini çözməyə çalışır...
Böyük Adriyanın sirləri
Sentyabrın əvvəlində “Gondvana” jurnalında yayımlanan bir məqalədə Van Hinsbergen və həmkarları ilk dəfə Böyük Adriyanı ortaya çıxarmaq üçün Aralıq dənizinin dibində və sahillərindəki qayalıqlarda araşdırmalara başladığını açıqladılar. Van Hinsbergenə görə, araşdırma aparılan qayalar Qrenlandiyaya qədər uzanır.
Ehtimala görə, Böyük Adriya okean dibində yox, Cənubi Avropa ölkələrinin altındadır. Elm adamları 140 milyon il əvvəl iki qitənin toqquşduğunu iddia edir. Bu prosesdə Böyük Adriya tamamilə çökərək indiki İtaliya, Yunanıstan və Baltik ölkələrinin altında qalıb.
Üstəgəl, çökmüş yeganə qitə Böyük Adriya deyil, araşdırmalar keçmişdə yoxa çıxan digər qitələri ortaya çıxarmaqda davam edir.
Qədim qayalıqları araşdıran mütəxəssislər dünyanın bütün qədim qayalarının dəlilləri ilə bərabər yoxa çıxdığını ehtimal edir. Planetdə həyatın necə yaranmasına dair sualların cavabı dərinliklərdə gizlənmiş ola bilər.
İz axtarışında
Lakin itmiş qitələr tamamilə yox olmayıb, çöküşdən sonra arxalarında öz izlərini də qoyub.
Van Hinsbergen Böyük Adriyadan ayrılan qayaların Alp dağlarına doğru sürüşdüyünü, bütün qalıqların Cənubi İtaliya və Xorvatiya ərazilərinin altında qaldığını bildirir. Hinsbergenə görə, torpağın onlarla kilometr altına sürüşən qayalar torpaq qabığına öz təsirlərini göstərə bilir.
Böyük Adriya dönəmindən qalma əhəng qayaları milyonlarla illər ərzində yüksək temperatur və təzyiq nəticəsində mərmərə çevrilib. Böyük Adriya və Avropa arasındakı sürtülmə bu çökmüş qayaların bir qədər üzə çıxmasına səbəb olub. Van Hinsbergen qədim yunan və romalıların memarlıqda istifadə etdiyi mərmərlərin bu qayalardan əldə edildiyini deyir. Yəni, yunan filosofu Platon gerçək bir Atlantidanın üstündə yaşayırdı, amma bunu bilmirdi.
Böyük Adriya izinə rast gəlinən yeganə itmiş qitə deyil, Yeni Zelandiyanın altına çökmüş daha bir yoxa çıxmış qitə araşdırılır.скачать dle 12.1