Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Azərbaycan Respublikasında dövlət müstəqilliyinin bərpasının 28-ci  ildönümü və Əhməd bəy Ağoğlunun 150 illiyi münasibətilə tədbir keçirilib.
Bakisesi.com xəbər verir ki, ATMU-nun rektoru İlham Mədətov çıxışında diqqətə çatdırıb ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir.  
Azərbaycan bir əsrdə iki dəfə müstəqil, suveren dövlətini yaratmaq imkanına sahiblənib. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı.  İkinci tarixi imkan isə 70 ildən sonra yarandı. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Rektor ölkəmizin tarixi taleyində ən şərəfli günlərdən biri olan 18 oktyabr 1991 –ci ilə qədər və ondan sonrakı dönəmləri detallı şərh etdi. Azərbaycan Respublikasını ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti, sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991),  İsveçrə (23 dekabr 1991),  İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) və b. dövlətlər tərəfindən ,o cümlədən BMT-yə üzv qəbul olunmaqla  (2 mart 1992) beynəlxalq aləmdə de-fakto tanındığını dedi.
Universitetin professoru Məhərrəm Zülfüqarlı “Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Əhməd bəy Ağoğlunun istiqlal və hürriyət uğrunda mübarizəsi” adlı məruzəsi ilə çıxış edib.
ATMU-nun “İctimai fənlər” kafedrasının müəllimi Bünyamin Qənbərov, tələbə Əlisa Muradov və digər tədbir iştirakçıları 1991-ci ilin18 oktyabrınadək olan tarixi mərhələyə qısa ekskurs elədilər. “ATMU-nun ali təhsil müəssisəsi olaraq hər zaman müstəqilliyimizin möhkəmlənməsinə  töhfə verəcəyi” fikrini xüsusi vurğuladılar.скачать dle 12.1