Nəsimi Rayon Məhkəməsində “Yurd”un Nəzarət-Təftiş Komissiyasının keçmiş sədri Aydın Əliyevin sədr Əli Kərimliyə qarşı iddiası üzrə növbəti məhkəmə iclası keçirilib. Kərimlinin müdafiə tərəfinin iştirak etmədiyi məhkəmədə Aydın Əliyevin ədalətli tələbinə obyektiv baxılıb və o, təşkilat üzvlüyünə, eləcə də vəzifəsinə bərpa edilib.
Beləliklə, hakim Rəşid Səmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında “Yurd”a və təşkilatın sədri Kərimli Əli Əmirhüseyn oğluna qarşı “Ümumi yığıncağın qərarının ləğv edilməsi, partiya üzvlüyünə və Nəzarət-Təftiş Komissiyasının sədri vəzifəsinə bərpa olunması” ilə bağlı iddia tələbi təmin olunub. Qərara əsasən, təşkilatın Ali Məclisinin Rəyasət Heyətinin ümumi yığıncağının 10 iyun 2019-cu il tarixli qərarı ləğv olunub. Bundan əlavə, iddiaçı A.Əliyevin təşkilat üzvlüyünə və Nəzarət-Təftiş Komissiyasının sədri vəzifəsinə bərpası qərara alınıb.
İndi Kərimli nə edəcək?
Məhkəmə iclasına getməyən Əli Kərimli yəqin ki, çox keçmədən bunu da özünə, siyasi fəaliyyətinə qarşı təzyiq kimi dəyərləndirəcək, məhkəməni sifarişli (kimin sifarişi ilə?-müəll.) qərar çıxarmaqda ittiham edəcək. Ancaq ixtisasca hüquqşünas olan Əli Kərimli özü də bilməmiş deyil ki, məhkəmə hüquqi əsas olmadan şəxsin təşkilat üzvlüyünə və təşkilatdakı vəzifəsinə bərpası barədə qərar çıxara bilməzdi.

Kərimli diktatura qurduğu təşkilatında qanunsuz qərarlar verərkən o qədər boşluqlar qoyub ki, qanunsuzluğu aradan qaldırmaq üçün bir məhkəmə qətnaməsi yetərlidir.
Belə şəraitdə məhkəmə nə etməliydi? Kərimlinin qanunsuz qərarına haqq qazandırmalı idi? Hər dəfə Kərimlinin iddiası və hegemonluğu baş tutmalıydı? Təbii ki, yox! Bu da oldu! Bu dəfə ən yaxın ətrafına daxil olan, təşkilatda uzun illər əmək sərf edən birisi Kərimlini qanunun dili ilə yerində oturtdu.
Kərimlinin illər sürən avtoritarizmi sona çatır
Əli Kərimli onsuz da böyük bir partiyanı məhz diktator düşüncə, avtoritar idarəetməylə dağıtdı. 1995-ci ildən başlayan çabalarla urmaq istədiyi avtoritarizmi 2000-ci ildə finişə çatdırdı. Elçibəyin vəfatından sonra AXCP faktiki olaraq, əlindən çıxdı. AXC-yə kollektiv üzv etdirdiyi “Yurd”la qaldı, lakin AXCP adına iddia etdi. Onda da siyasi və hüquqi çəkişmə oldu. Amma bağlı olduğu dairələrin təzyiqi AXCP adının onda qalmasını təmin etdi və məhkəmələr də məhz bu təzyiqin nəticəsində Kərimlinin AXCP olmadığını sübut etmədi və ya edə bilmədi.
Eyni hal daha sonra da iki dəfə yaşandı. 2002-ci və 2015-ci ildə Əli Kərimlinin “Yurd”u AXCP adından məhrum edilmədi. Bu qərarların verilməməsində təbii ki, çox nüanslar var.
Mənzərənin aydın olması üçün ancaq birinə toxunmaq kifayət edər. Əgər “Yurd”un AXCP, Əli Kərimlinin AXCP sədri olmadığı, ümumiyyətlə, Əli Kərimlinin özünün və ətrafının AXCP-yə dəxli olmadığı təsdiqlənsəydi, hay-həşirdən qulaq tutulacaqdı. Qaraguruh səsini başına atacaqdı və onların guruhuna xaricdən də qoşulacaqdılar. Xor kapellası insandan, hüquqdan dəm vurub, içlərində isə maraqlarını təmin etmək üçün şərikli siyasi bizneslərini artıracaqdılar. Bir sözlə, bayquş səsləri aləmi bürüyəcəkdi. Az qala Cakartadan Quma, Qumdan Bonna, Bonndan Vaşinqtona və bəlkə də Kozlariçin bir zaman QİÇS üzrə səfir olduğu Latın Amerikasına qədər çox yerdən notalar, bəyanatlar, çığır-bağırlar səslənəcəkdi. Məhz buna görə Əli Kərimli AXCP adına o zaman sahib oldu, indi də bu adı özündə saxlamaq üçün İDDİA edir. Çünki bu ad ona siyasi maxinasiyalar üçün çox lazımdır. Bütün siyasi iddialarını bu ad altında həyata keçirmək ona əlavə avantajlar qazandırır, yeni imkanlar verir, qazanc gətirir.
Kərimlinin Elçibəyin təşkilatına haqqı çatırmı?
Əli Kərimli özü də bilməmiş deyil ki, Əbülfəz Elçibəyin təşkilatına iddia etməyə heç bir haqqı yoxdur. Nə siyasi, nə mənəvi haqqı olan bu adam onda nə istəyir? Ancaq AXCP adı altında gizlənmək, aldığı sifaişləri icra etmək, hakimiyyəti yox, dövləti dağıtmaq və bu dağıntılar üzərində özünə miskin xoşbəxtlik, taxt-tac qurmaq. İllərlə çiyin-çiyinə gəldiyi adamları şantajla, böhtanla, şəxsiyyətəpərəstişlə ittiham edən, avtoritarizminə qurban verən, o adamların adi söz demək hüququnu belə yasaqlayan bu BALACA STALİN sabah bu ölkəyə nə verə bilər?
Bunu bilməyən yoxdur ki, Əli Kərimli AXCP-ni özününküləşdirməyi bacarmadığı kimi, “Yurd”u da AXCP-ləşdirməyi bacarmadı. Çünki AXCP onun düşüncəsindəki, avtoritarizmin hakim olduğu partiya deyildi. Orda demokratik ab-hava, şəxsi rəyə hörmət, qərar qəbulunda müzakirə mühiti hökm sürürdü. Bunlar Kərimliyə dibdən yad məhfumlar olduğuna görə AXCP-yə rəhbərlik iddiasında olduğu və hətta bunu bir müddətlik əldə etdiyi dövrdə belə həyatını mübarizəyə, bu təşkilat üçün fədakarlığa həsr edən hər kəsi yanında yox, qarşısında gördü.
Kərimli AXCP-ni kərpic-kərpic dağıtdı. Arif Paşadan Qulamhüseyn Əlibəyliyə qədər hamı təşkilatdan məhz onun avtoritar düşüncəsinə görə getdi. Cəbhəni yaradanların, qoruyub saxlayanların, nüfuzlu quruma çevirənlərin olmadığı təşkilatda AXCP-likmi qalır? Qalmadı da. Əli Kərimli heç bir vaxt cəbhəçi ola bilmədiyi kimi, AXCP də heç bir vaxt Əli Kərimlinin təşkilatı olmadı. Üstəlik, Elçibəyin özü ilə də, yaratdığı təşkilatla da, həmin təşkilatda təmsil olunan şəxslərlə də mənəvi bağlarını çoxdan qoparan Əli Kərimli əlində imkan olarsa, AXCP-Elçibəy adlarının bir nöqtədə kəsişməsini belə əngəlləyər. Ancaq tarix və hələ də Elçibəy adının ona yaratdığı imtiyazlar buna imkan vermir. Başqaları bilməsə də, özü xatırlayar ki, hələ Elçibəyin sağlığında hansı müavininə ABŞ səfirliyində “siyasi meyit” dedirtdirib. O şahidlərdən bəzilərinin səsyazıları da var.
Şəffaflıq…
Xalq Cəbhəsində Əli Kərimliyə qədər bir hesabatlılıq olub. Lakin Kərimli özünü rəhbər elan edəndən bu hesabatlılıq yoxa çıxıb. Çünki Əli Kərimli cəbhəçilər qarşısında hesabat verməyi iddiasına sığışdırmadığı kimi, bu hesabatın onu hər cür maliyyə dəstəyindən məhrum qoyacağını da bilirdi. Məhz buna görə verilən yardımlar və inaələr mənimsənilib, şəxsi məqsədlərə xərclənməsi üçün münbit şəraiti yaradıb. Adlı-sanlı cəbhəçiləri doğma təşkilatdan uzaqlaşdırmaq bahasına olsa da. Çünki Kərimliyə mübarizlər yox, maddi təminatını asanlıqla həyata keçirə biləcəyi mühit lazım idi.
Bir epizodu burada demək yerinə düşər. Hətta Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondundan bir zamanlar “Azadlıq” qəzetinə də yardım ayrılırdı. Amma Kərimli tənqid etdiyi hakimiyyətin özünün de-fakto baş redaktorluq etdiyi qəzetə ayırdığı vəsaiti mənimsəməkdən vaz keçmədi. Əli Kərimliyə qarşı məhkəmə iddiasında Aydın Əliyev də haqlı və əsaslı olaraq, təşkilatın maliyyə mənbələri ilə bağlı bəzi iddialar səsləndirib. Aydın Əliyev məgər haqsızdır? Haqlıdır. Çünki bilirdi ki, partiyaya qeyri-rəsmi yolarla pul gəlir, lakin o pullar necə xərclənirsə, bir Əli Kərimli bilir. Ona görə də haqlı olaraq, NTK sədri olduğu vaxtda partiyanın heç bir qanuni maliyyəsinin olmadığını, əldə edilən ianə və qrantların Əli Kərimli tərəfindən mənimsənildiyini deyir.
Məhz elə buna görə də, Aydın Əliyev məhkəmədən partiyadakı ianələrin mənimsənilməsi faktı ilə bağlı məlumatların prokurorluq tərəfindən araşdırılmasını xahiş edib. Əgər bu istiqamətdə araşdırmalar aparılarsa, yəqin ki, çox nəsnələr üzə çıxacaq. Hələlik isə Kərimlinin adına iddia etdiyi partiyada illərlə davam edən avtoritarizminə “dur” deyilib. Haqq-ədalət yerini tapıb. Əli Kərimli indiyə qədər “təkcə mən” iddiası ilə idarə etdiyi təşkilatında verdirdiyi qanunsuz qərarların ləğvindən dərs götürəcəkmi? Yoxsa yenə də səsini çıxaranları, ona gizlində olsa belə etiraz edənləri təşkilatından qovacaq? Kərimli xislətindəki biri üçün bu sualın cavabı birmənalı olaraq “yox” ola bilərdi, əgər ortada məhkəmə qərarı olmasaydı...






скачать dle 12.1