Uşaqların sevimli animasiya filmi “Maşa və Ayı” cizgi filminin növbəti buraxılışında Azərbaycandan bəhs edilir.
Cizgi filminin bu buraxılışı Azərbaycanın “Məlikməmməd” nağılı əsasında hazırlanıb.
Cizgi filmində uşaqlara düzgünlük və dürüstlük aşılanır. Filmdə Azərbaycanın adət və ənənələrindən bəhs edilir. Azərbaycanın milli naxışlarından tutmuş, şahın buxara papağı, şahzadə Məlikməmmədin və nişanlısı Göyçək Fatmanın milli geyimləri, həmçinin Maşanın masasının üzərində olan milli mətbəximizin şəkərbura, paxlava və qoğal kimi inciləri, armudu stəkanda çay, regiona məxsus nar, üzüm, armud kimi meyvələrin olması filmə xüsusi rəng qatıb.
Eyni zamanda, cizgi filmində azərbaycanlıların armudu stəkanda çay içməyi xoşlamaları xüsusi vurğulanır.
Qeyd edək ki, bir müddət əvvəl “Maşa və Ayı” cizgi filmi Azərbaycanın “Cırtdan” xalq nağılı əsasında hazırlanan bölümü çəkilmişdi.
Animasiyada milli mətbəx nümunələrimiz dolma, şəkərbura və paxlava nümayiş olunub, məşhur “Cücələrim” mahnısı səsləndirilib. “Maşa və Ayı” cizgi filmi indiyə qədər dünyanın 39 ölkəsində nümayiş olunub.
Sonradan isə həmin hissə “YouTube” kanalından silinmişdi. Bununla bağlı "news.ru" saytına açıqlama verən istehsalçı şirkət rəsmisi Dmitri Laveyko animasiyanın Azərbaycana həsr olunan bölümündə bəzi adlarda səhvə yol verildiyini və bunlar düzəldikdən sonra isə yenidən “YouTube” səhifəsinə yüklənəcəyini qeyd etmişdi.








скачать dle 12.1