Vətən müharibəmizin şəhid hərbçilərindən biri də müddətdən artıq hərbi qulluqçu İbadov Vüqar Sadiq oğludur.
 
Şəhid hərbçimizin anası Gültamam Məhərrəmova Moderator.az-a açıqlaması zamanı iki oğlunun hərbçi olduğunu bildirib: 
“Oğlanlarım Vüqar və Fuad hərbçidir. Vüqar 2016-cı ildən orduda müddətdən artıq hərbçi qulluqçu kimi xidmətə başladı. Daha sonra kiçik oğlum Fuad da qardaşının təklifi ilə hərbçi olmaq qərarına gəldi. Vətən müharibəsi zamanı hər ikisi Füzuli istiqamətində döyüşürdülər. Vüqar idarə etdiyi tankıyla çox böyük qəhrəmanlıqlar göstərib, düşməni ağır itkilərə məruz qoyub. Fuad isə ağır yaralanıb və indi də “Papanin” hospitalında müalicə olunur. Qubadlı-Cəbrayıl istiqamətində cəbhəni tankıyla yaran Vüqar olub. Bir mərmiylə 40 nəfərə yaxın düşmən əsgərini məhv edib. Oktyabrın 19-da isə qəhrəmancasına şəhid olub”. 
 

 
Şəhid anası İcra Hakimiyyətində ona qarşı laqeyd münasibət göstərildiyindən şikayətlənib:
 
“İndi beş medalla təltif edilən oğluma görə mənə Cəlilabad İcra Hakimiyyətindən deyirlər ki, get bizə Vüqarın ordenin gətir ki, yaşadığınız küçəyə adını verək, yolunuza asfalt çəkək, torpaqla təmin edək. Bunu mənə Cəlilabadın icra başçısının müavini Elnarə Həsənova dedi. Elnarə Həsənova mənə dedi ki, “ola bilər ki, sizdən hökumətin, millətin, dövlət qurumlarının xoşu gəlmir və ona görə də sizə baxmırlar”. Onun bu səs yazısını indi də saxlamışam və mətbuata təqdim edəcəm.  
 

 
Şəhid anaları mənim canımdır, hamısı mənim kimi övlad ağrısıyla yanır. Bu sözü mənə deyərlər?! Mən kimə nə pislik etmişəm ki?! Bu söz biz şəhid ailəsinə ləkədir. Məni problemim Elnarı xanımladır, Göytəpə qəsəbəsinin bələdiyyəsiylədir. Oğlumun adına küçə versinlər, yolumuzu asfalt etsinlər, ailəsini torpaqla təmin etsinlər. Vüqarın iki övladı qalıb və bir dükan tikib onları dolandırmaq istəyirəm. Bir ildir ki, Cəlilabad İcra Hakimiyyətinin yolundayam və mənə hər dəfə deyirlər ki, get, işin düzələcək, amma aldadırlar. Bəs nə vaxt düzələcək?! Mən də torpaq əkib-becərib şəhid balamın övladlarını böyütmək istəyirəm. Bu ev-eşiyi mənə Vüqar tikdi, amma heç özü oturmadı. İndi ikinci oğlum Fuad da pis vəziyyətdədir, müalicə olunur. 
 
Vüqarın 13 yaşında Kənan adlı oğlu və 9 yaşında Xədicə adlı qızı qalıb. Xədicə Bakıda Humanitar liseydə oxuyur. Kənan isə Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimov adına liseydə təhsil alır.  Vüqarın ailəsi Sumqayıtda ikiotaqlı mənzillə təmin edilib. Amma evə köçməyə əşyalarımız olmadığı üçün rayonda qalıblar. “YAŞAT” Fondu ailəsinə əşyalar almaq üçün 2200 manat pul verdi. Bildirdilər ki, üç aydan sonra yenidən müraciət edərsiniz. O verdikləri pula da bir soyuducu, televizor və paltaryuyan aldım. Daha sonra yenə müraciət etdim, amma bildirdilər ki, artıq sizə köməklik olunub. Evə yataq dəsti almalıyam ki, yatmağa yerimiz olsun. 
 

 
Mən rayonda məmurların özbaşınalığıyla bağlı ölkə başçısına müraciət etmişdim. Cənab Prezident də cavab məktubunda bildirmişdi ki, şəhid anasının problemi həll edilsin. Amma bu günə qədər problemim həll edilməyib. Göytəpənin bələdiyyə sədri İlqar Həsənova deyirəm ki, oğlumun ailəsi torpaqla təmin olunmalıdır, amma vermir. 
 
İcra başçımız Rafiq Cəlilov Vüqarın ad günündə və bir də il mərasimində iştirak edib. Amma şəhid oğlumun məzarı üstünə bir dənə əklik gətiməyiblər. Verilən 11 manat sığorta puluyla da Vüqarın məzarının üstünü bağlatdırmışam, xatirə otağını düzəlmişəm və bir də yolda plakatını tikdirmişəm. 
 
İcra başçısının müavini Elnarə Həsənova Vüqarın ad günündən üç gün öncə bizə gəlib dedi ki, “nədən ehtiyacınız var?”. Dedim ki, bağışlayın, mənə çatmadı. Hər şeydən ehtiyacımız var. Heç nəyimiz yoxdur. Amma bu sözlərimizin cavabında heç bir köməklik etmədi. İl mərasimində Elnarə Həsənova gəlib dedi ki, “şəhidlər arasında fərq var. Başqa şəhidlərə il mərasimində 1000 manat, sizə isə 700 manat pul veriləcək”. Bunun nə fərqi var ki?!  
 

 
Hər ay 300 manat gülə pul verib, Vüqarın məzarı üstünə qoyuruq. Gedin baxın görün orda bir bələdiyyənin, şəhər sovetinin, İcra Hakimiyyətinin adından bir əklik var? İlqar Həsənova dedik ki, bizi iki dənə üç metrlik bayraq verin, dedi ki, yoxdur. Biz şəhid ailəsinə baxmırlar. Oğlum Fuad yaralıdır, amma bələdiyyə sədri İlqar Həsənov deyir ki, ona torpaq düşümür. 
 
Cəlilabad Elektrik şəbəkəsi hələ Vüqar şəhid olmamışdan öncə bizə 475 manat cərimə yazıb.(“Azərişıq” ASC) İndiyə qədər müraciətlər edirik ki, o cəriməni silsinlər, amma bizi süründürürlər”. 
 
Qeyd edək ki, Vüqar İbadov ölümündən sonra ölkə başçısı tərəfindən “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. 
скачать dle 12.1