“İkinci Qarabağ Müharibəsi 10 noyabr 2020-ci ildə bitsə də, Ermənistan Azərbaycana münasibətdə 2 müharibəni hələ də davam etdirir”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. Deputat bildirib ki, bunlardan biri mina müharibəsi, digəri isə informasiya müharibəsidir.
“Ermənistan mina müharibəsi siyasətini elə həyata keçirir ki, onu mina terrorizmi siyasəti kimi də dəyərləndirmək olar. Ermənistan işğal altında saxladığı bütün əraziləri minalamışdı. Bu yaxınlarda Ermənistanın Ağdam, Füzuli və Zəngilan rayonlardakı minalanmış ərazilərin xəritəsini Azərbaycana verməsindən sonra məlum oldu ki, həmin xəritələrin dəqiqliyi 25 faizdir. Yəni, 75 faiz reallıqdan uzaq olan xəritədir. Ermənistanın bu addımı növbəti diversiya davranışıdır, bunun özü insanların yenidən həlak olması üçün atılan bir addımdır. Bu artıq hərbi cinayətdir. Bu yaxınlarda da Ermənistan yenə minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etdi. İndi kim inana bilər ki, doğru xəritə verilib. Ermənistanın dəqiq minalanmış ərazilərin xəritəsini verməsi ehtimal çox azdır”.
Deputat bildirib ki, bu gün Daşaltı yaxınlığında 2 nəfərin minaya düşməsi başqa bir reallığı üzə çıxardı.
“Məlum oldu ki, Ermənistan həm də mina terrorirsti, mina diversiya addımlarını atır. Belə ki, piyada əleyhinə minaların altında tank əleyhinə yerləşdirilir. Burada məqsəd odur ki, fəlakətin miqyası böyük olsun, daha çox insan həlak olsun. Ermənilər bunu etməklə istəyirlər ki, insanlar qorxu içində yaşasınlar və işğaldan azad olunmuş ərazilərə qayıtmaq fikrindən daşınsınlar. Bu onların siyasətidir. Müharibə dövründə bizim yaşayış obyeklərini ballistik raketlərlə, fosforlu raketlərlə atəşə tutan Ermənistan dövləti indi də öz faşist, terrorçu xislətini ortaya qoyur. Ermənistan bir yandan əməkdaşlıqdan danışır, digər yandan isə Azərbaycana qarşı mina müharibəsini davam etdirir”.
“Dövlət başçısı İlham Əliyev dəfələrlə yüksək beynəlxalq kürsülərdən bu məsələləri qaldırıb” – deyə deputat əlavə edib:
“Cənab Prezident deyib ki, Ermənistan Azərbaycana qarşı mina terrorunu davam etdirir. Bütün bunlara görə Ermənistan cavab verməlidir. Yəqin ki, beynəlxalq məhkəmələrdə qaldırılan məsələlər sırasında Ermənistanın Azərbaycan əhalisinə qarşı mina müharibəsi siyasəti də əsas məsələlərdən biri olacaq. Bu istiqamətlərdə çox ciddi işlər getməkdədir. Ermənistan bu cinayət əməlinə görə beynəlxalq məhkəmələrdə cavab verəcək”.
скачать dle 12.1