İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının (İƏT Pİ) 16-cı Konfransında iştirak etmək üçün İstanbulda səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 9-da Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Mustafa Şentop görüşdən məmnunluğunu bildirib.
Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə olunan Zəfərdən sonra Qarabağda, eləcə də Cənubi Qafqazda yeni imkanların yarandığını vurğulayan Türkiyə parlamentinin sədri bu Qələbənin regionun inkişafı, gələcək imkanlar, sülh və əməkdaşlıq baxımından əhəmiyyətindən danışıb. İşğaldan azad olunan Azərbaycan ərazilərinin bərpası və yenidən qurulması məsələlərinə toxunan Mustafa Şentop həmçinin Zəngəzur dəhlizinin açılması ilə bölgədə yaranacaq yeni imkanlar və bunun bütün türk dövlətlərinə müsbət təsirini xüsusi qeyd edib. O, iki qardaş ölkə arasındakı münasibətlərin, birlik və həmrəyliyinin hər zaman olduğu kimi, bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib.

Sahibə Qafarova Türkiyədə özlərini Vətəndəki kimi hiss etdiklərini bildirib. Sahibə Qafarova Azərbaycanla Türkiyə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin çox möhkəm təməllərə malik olduğunu bildirərək, diqqətə çatdırıb ki, dövlət başçılarımızın şəxsi dostluq münasibətləri ölkələrimiz arasındakı birliyin bugünkü yüksək səviyyəyə çatmasında mühüm rol oynayır.

Milli Məclisin sədri noyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsünə uyğun olaraq Azərbaycan Milli Məclisinin təşkilatçılığı ilə İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis iclasında verdiyi dəstəyə görə Türkiyə tərəfinə minnətdarlığını ifadə edib.

Azərbaycanın tarixi Zəfəri ilə nəticələnən 44 günlük Vətən müharibəsini xatırladan Sahibə Qafarova hər zaman olduğu kimi, bu dövr ərzində də başda dövlət başçısı Rəcəb Tayyib Ərdoğan olmaqla istər Türkiyə dövlətinin, istərsə də Türk xalqının daima Azərbaycanın yanında olduğunu bir daha vurğulayıb. O, deyib ki, dünya 44 günlük Vətən müharibəsində bir daha Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin şahidi oldu.

İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının 16-cı Konfransının yüksək səviyyədə təşkil olunduğunu vurğulayan Sahibə Qafarova Azərbaycanın sözügedən qurumla əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirib. Qeyd edib ki, Türkiyə tərəfinin İƏT Pİ-yə sədrliyi təşkilatın fəaliyyətinə yeni stimul verəcək. Spiker diqqətə çatdırıb ki, dövlət başçımız cənab İlham Əliyev İslam ölkələri və İƏT-lə əməkdaşlığa, birgə fəaliyyətə böyük diqqət göstərir, Azərbaycan nümayəndə heyəti İƏT Parlament İttifaqında fəal iştirak edir. Milli Məclisin sədri İƏT-in ölkələr arasındakı əlaqələrdə güclənən rolu, dünyada artan islamofobiya və onun yaratdığı təhlükələr, COVID-19 pandemiyasına qarşı qlobal mübarizə və bir sıra digər məsələlər haqqında fikirlərini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.



15:00

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşüb.

TBMM sədri bu barədə "Twitter” hesabında paylaşım edib.

Qeyd edilib ki, TBMM sədri Mustafa Şentop ev sahibliyi etdiyi İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının 16-cı sessiyasında Milli Məclisin sədri Sahibə Qafarova və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
скачать dle 12.1