Tanrı türk əsgərini qorusun, ümid edirəm ki, Türkiyə bu bataqlığa tam batmayacaq.
Axar.az xəbər bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, illərlə qurudulması çətin olacaq bataqlıq Türkiyəni zəiflədə, iqtisadiyyatına böyük zərbə ola bilər:
“Türkiyə ordusu güclüdür, açıq hərbi savaşda istənilən “kürd” birləşmələrini darmadağın edə bilər. Amma bölgədə hibrid müharibə gedir, bir müddət sonra partizan müharibəsinə də dönə bilər. Türk əsgəri səhərin işığında adi kəndli, qaranlıq düşən kimi isə silahlı başkəsənə çevrilən düşmənlə üzbəüz qalacaq. Türkiyə Suriyada SSRİ-nin Əfqanıstanda, ABŞ-ın Sayqonda rast gəldiyi müharibə tipi ilə qarşılaşa bilər”.
Ekspert bildirib ki, bu müharibə Türkiyənin iqtisadiyyatına ciddi zərbələr vuracaq, çünki qardaş ölkənin iqtisadiyyatı uzun hərbi əməliyyatlara hazır deyil. “Əgər Tramp bir tvitlə lirəni 2,5 faiz dəyərdən sala bilirsə, birja günə 3 faiz dəyər itirirsə, deməli, qardaş ölkənin iqtisadiyyatı arzulanan səviyyədə deyil”, - N.Cəfərli deyib.
Ekspertin sözlərinə görə, savaşı Türkiyə təkbaşına aparır, ancaq bəhrə götürmək istəyənlər var:
“Həm Rusiya və İran, həm də ABŞ öz maraqlarına görə Türkiyənin bataqlıqda daha dərin batmasını istəyir və bu ölkələrin heç birinin marağı Türkiyənin marağı ilə üst-üstə düşmür. Tam tərsinə, hər bir ölkə Türkiyənin əli ilə öz problemlərini həll etmək istəyir. Rusiya Türkiyənin əli ilə ABŞ-ı Suriyadan çıxardaraq, Əsədə müxalif kürdləri məhv etmək istəyir. ABŞ isə Ankaranın vasitəsilə Rusiya və İranı orada zəiflətmək, kürdləri isə ayaqda saxlamağı hədəfləyir. İran bu məslədə Rusiya ilə eyni hədəflərə çatmaq niyyətindədir, amma əsas hədəfi İran-İraq-Suriya-Livan şiə xəttinin işlək olmasıdır”.
İqtisadçı ekspertin sözlərinə görə, Türkiyənin müdaxiləsindən ən çox Əsəd qazanır:
“Dünənə qədər “Qatil Əsəd” deyilən zat indi Türkiyənin dəstəyi ilə ölkənin tamamına hakim olmaq istəyir. Siyasətçilərin vaxtilə buraxdığı səhvləri indi mehmetçik düzəltməyə çalışır”.скачать dle 12.1