Mayın 8-də Belarusda prezident seçkilərinin vaxtı (9 avqusta təyin olunub-red.) elan ediləndə çoxları üçün sürpriz sayılacaq xəbər yayıldı. Məlum oldu ki, peşəkar diplomat, hüquq elmləri namizədi, Belarusun “Silikon vadisi”nin (Yüksək Texnologiyalar Parkı) qurucusu Valeri Tsepkalo da prezidentliyə namizədliyini irəli sürəcək. Xəbər sürətlə sosial şəbəkələrdə tirajlandı və yerli istifadəçilər “artıq bizim də bir ümidimiz var” tipli dəstək mesajları yazmağa başladılar. Gözlənilmədən ortaya çıxan rəqibin bioqrafiyası Lukaşenkonun prezidentliyə qədərki həyat yolundan ciddi şəkildə fərqlənir.
Belarusun Qrodno şəhərindən olan 55 yaşlı Valeri Tsepkalo Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunudur. Həm universiteti, həm də aspiranturanı fərqlənmə diplomu ilə başa vurub, beynəlxalq hüquq üzrə hüquq elmləri doktoru dərəcəsini alıb.
1990-cı illərin əvvəllərində SSRİ-nin Finlandiyadakı səfirliyində işləyib. Sovet İttifaqı dağılandan sonra Belarusa qayıdıb. O, həmçinin MDB icra katibinin müşaviri və 1994-cü ildə keçirilən ilk prezident seçkiləri zamanı Lukaşenkonun təşviqat qərargahının rəhbərlərindən olub.
Tsepkalo 29 yaşında Belarus Xarici işlər nazirinin birinci müavini təyin edilib. 32 yaşında Belarusun ABŞ və Meksikadakı səfiri olub. Belarusa qayıdandan sonra isə prezidentin elm və texnologiya üzrə köməkçisi postunu tutub.
Amerikada “Silikon vadisi”ni ziyarət edəndən sonra öz ölkəsində də onun oxşarını yaratmaq qərarına gəlib.
Dediyinə görə, məlum ziyarət zamanı “Silikon vadisi”ndə İT sahəsində çalışan Belarus sahibkarların sayı onu olduqca təəccübləndirib: “Həmin an düşündüm ki, uğur qazanmaq üçün Belarusu tərk etməyə nə ehtiyac var?”.

Valeri Tsepkalo
2004-cü ildə V.Tsepkalo Belarusda Yüksək Texnologiyalar Parkının (YTP) yaradılması təşəbbüsünü irəli sürür. Ölkənin ilk onlayn-konfransında 150 alim, iş adamı və proqramçı bu layihəni müzakirəyə çıxarır. 2005-ci ildə YTP açılır və Valeri Tsepkalo ona 12 il rəhbərlik edir.
Yüksək Texnologiyalar Parkı Belarus üçün bir dönüş nöqtəsi olur. Bütün dünya “World of Tanks”, MSQRD, “Viber”, “Maps.me”, “Flo” kimi, yerli rezident-şirkətlərin layihələri haqqında danışmağa başlayır. YTP-ni Belarusun Sovet İttifaqı dağılandan sonra qurduğu “kosmos” adlandırırlar.
Parkın özəlliyi onda olur ki, rezident-şirkətlər bütün korporativ vergi, o cümlədən əlavə dəyər vergisi və gəlir vergisindən azad olunurlar. İşçilər üçün fərdi gəlir vergisinin sabit faiz dərəcəsi olur və o, ümumi illik gəlirə daxil edilmir.
Valeri Tsepkalonun 12 illik fəaliyyəti dövründə YTP rezidentlərinin sayı 237-yə çatır. 2017-ci ildə mal və xidmətlər ixracının illik həcmi 49 dəfə artaraq 1 milyard dollardan çox olur. Parkda çalışan mütəxəssislərin sayı 13 dəfə artaraq 2,5 mindən 32,6 minə yüksəlir.
2020-ci ilin əvvəlində Yüksək Texnologiyalar Parkında ümumilikdə 61 min işçisi olan 800-dən çox şirkət qeydiyyata alınır. 2019-cu ildə YPT rezidentlərinə məxsus xidmətlərin ümumi ixracı 2 milyard dolları ötür.
1 mart 2017-ci ildə “Financial Times” Belarusdakı Yüksək Texnologiyalar Parkından yazaraq onu “Google”la müqayisə edir. Ertəsi gün prezident Lukaşenko gözlənilmədənValeri Tsepkalonu YPT rəhbəri vəzifəsindən azad edir. Onun yerinə Belarus prezidentinin köməkçisi, Prezident Administrasiyasının əsas ideoloji şöbəsinin müdiri Vsevolod Yançevski təyin olunur.

Aleksandr Lukaşenko
Bu xəbər Belarusun İT ictmaiyyəti üçün şok effekti yaradır. Tsepkalo özü heç bir açıqlama verməyərək gözlərdən itir. Sonradan onun Mirzo Ulugbek İnnovasiya Mərkəzinin yaradılmasında Özbəkistan hökumətinə dəstək verdiyinə dair xəbərlər yayılır.
2018-ci ilin noyabr ayında Valeri Tsepkalo Minskdə startaplar və texnologiyalar haqqında mühazirə oxuyur və keçmiş Sovet İttifaqı ölkələrini dolaşdığını bildirir: “İndi coğrafiya genişlənir. Sinqapur fond birjasında ilk Malayziya ICO-su üçün Sinqapur və Malayziyaya gedəcəm. Bu, olduqca maraqlı təcrübədir. Belarusda necə tətbiq olunacağını bilmirəm, amma bu gün trenddə olan budur “.
O vaxtdan sonra YTP-nin keçmiş rəhbərini yada salan olmur. Mayın 8-də Valeri Tsepkalo yaddaşları təzələmək üçün geri döndü. Və “Facebook” səhifəsində bəyan etdi ki, 9 avqustda Belarusda keçiriləcək prezident seçkilərində iştirak edəcək.
Tsepkalo geniş açıqlama verərək Belarusdakı mövcud rejimi sərt tənqid etdi. O, enerjili şəxslərin ya təcrid edildiyini, ya da ölkədən sıxışdırıldığını bildirdi. Onun sözlərinə görə, yürüdülən repressiv siyasət nəticəsində Belarus cəmiyyətində nə yaradıcılıq qalıb, nə də cəsarət: “Sürətlə dəyişən dünyada biz əsas anlayışın “düşmən” olduğu köhnəlmiş təsəvvürlərdə ilişib qalmışıq. Şərqi Avropada ən yüksək potensiala sahib olan ölkədən Avropa qitəsindəki ikinci kasıb ölkəyə çevrilmişik”.
Tsepkalo hesab edir ki, bütün xalqın hər gün bir insanın əhval-ruhiyyəsinə baxdığı köhnəlmiş idarəetmə sistemindən imtina etməyin və Belarus xalqının gücünü özünə qaytarmağın vaxtı gəlib.
Belarusu başqa bir ölkə kimi görmək istədiyini deyən potensail namizəd ölkəsinin gələcək illər üçün inkişaf proqramını, həmçinin təşəbbüs qrupunun yaradıldığını elan edib.
Bu günə qədər Valeri Tsepkalo ictimaiyyət qarşısında çıxış etməyib, jurnalistlərin heç biri onunla şəxsən ünsiyyət qura bilməyib. “Azadlıq” radiosunun Belarus xidməti onun anası ilə danışıb. Lakin o, oğlunun prezidentliyə namizədliyini irəli sürmək niyyəti barədə heç nə bilmədiyini deyib.

Mayın 11-də Valeri Tsepkalo “dev.by”-a müsahibəsində prezident seçkilərində iştirak etmək niyyətini təsdiqləyib. Həmçinin deyib ki, seçki kampaniyasını Minskin nüfuzlu bir rayonunda yerləşən şəxsi evini satmaqla maliyyələşdirmək fikrindədir.
Tsepkalo təkcə Belarusun deyil, bütün postsovet məkanının həyatında olay yaradacaq proqram hazırladığını bildirib. Hazırda Minskdə olduğunu deyən Tsepkalo onu da qeyd edib ki, İT şirkətlərinin heç birinin onun seçki kampaniyası ilə əlaqəsi yoxdur.
İndi bir çoxlarını həm də bu sual maraqlandırır – Belarusda 25 ildir azad və ədalətli seçkilərin keçirilmədiyini bilə-bilə Valeri Tsepkalo nəyə arxayın olaraq Lakaşenkoya rəqib olur? Yoxsa o, Lukaşenkonun öz adamı və ya Kremlin lahiyəsidir?
Belarusun tanınmış siyasi şərhçisi Artyom Şraybman bu variantları istisna edib. Şraybmanın sözlərinə görə, tanıyanlar Valeri Tsepkalonu müsbət xarakterizə edirlər: “Onunla işləyən keçmiş yüksək vəzifəli məmurlar və ya onunla yolları kəsişən şəxslər Tsepkalonu çox fövqəladə, qeyri-standart və özünə hədsiz dərəcədə qiymət verən insan kimi təsvir edirlər. Ola bilsin ki, kampaniyanın gücü ilə nəyisə dəyişə biləcəyinə özünü ciddi şəkildə inandırıb. Tanıyan insanların heç biri onun seçkiyə təkbaşına getdiyinə şübhə etmir. Bu da təəccüblüdür. Biz avtoritar bir ölkədə yaşayırıq və burada yalnız prezidentin növbəti prezident seçkilərində qalib gəlmək şansı var. Digər tərəfdən, Tsepkalonun nəyə arxayın olduğu mənə aydın deyil. Bu sistemdə işləmiş məmur olub və Belarusda seçkilərin necə keçirildiyini yaxşı bilir. Ya mövqeyini bildirməyə gedir, ya da gələcək siyasi karyerası üçün çalışır. Səslərin ədalətli sayılmadığı ölkədə səslərini necə qoruyacağı ilə bağlı planlarını elan etməlidir. Bunu eşitmədən bu barədə dəqiq nəsə deyə bilmirik”.
Tərcümə Strateq.az-ındır
скачать dle 12.1