İsrail dövlətinin yaranmasının və birinci Ərəb-İsrail müharibəsinin başlamasının 72-ci ili tamam olur. Bu tarix həm də planetin ən uzunömürlü və mürəkkəb münaqişələrindən birinin yaranma ildönümüdür. Həmin münaqişənin yaxın illərdə həll olunması gözlənilmir.
Qəribə də olsa, hər iki xalq bu tarixi qeyd edir, ancaq fərqli, daha dəqiq desək, bir-birinə zidd formada. Fələstinlilər mayın 15-ni “nakba”, yəni böyük fəlakət günü kimi qeyd edir, bu tarixdə yürüşlər, etiraz aksiyaları keçirir. İsraillilər üçün isə mayın 14-ü bayramdır, təxminən iki min ildən sonra yenidən qurulan yəhudi dövlətinin quruluş tarixi kimi qeyd olunur.
İkinci Dünya Müharibəsindən sonra Fələstində ərəblər və yəhudilər arasında münaqişənin sürətlə dərinləşdiyini görən Britaniya hakimiyyəti məsələni BMT-nin müzakirəsinə çıxarıb. 1947-ci ilin noyabr ayının 27-də Fələstin-İsrail məsələsi BMT Baş Məclisində səsverməyə çıxarılır.
BMT Baş Məclisində keçirilən səsvermədə 33 səs lehinə, 13 səs əleyhinə, 10 ölkə bitərəf qalmaqla qəbul olunan qərara əsasən, Fələstin torpaqlarında iki - ərəb və yəhudi dövlətinin yaradılması təklif olunur.
BMT-nin qərarına əsasən, Fələstin ərazisinin 56 faizində, yəni 14,1 min kv. km-də yəhudi dövləti, 11,1 min kv. km-də, yəni 43 faizlik ərazisində isə ərəb dövləti yaradılmalı idi. Qalan 1 faizlik ərazi - Qüds şəhəri və ətrafı BMT nəzarətində beynəlxalq idarəçiliyə veriləcəkdi.
Ancaq ərəblər və onları dəstəkləyən az sayda ölkə bu plana qarşı çıxdı. Ərəblər, ümumiyyətlə, yəhudi dövlətinin yaradılmasına qarşı idi. Məhz bu yanaşma sonrakı 70 ildə ağır və amansız münaqişənin əsasını qoydu.
1948-ci il mayın 14-də BMT qərarı əsasında yəhudi dövləti – İsrail elan olundu. Dünya yəhudiləri bu hadisəyə ən azı son 30 il ərzində ciddi şəkildə hazırlaşmışdılar. Fələstin əraziləri 1918-ci ildə Britaniya mandatlığına daxil olduqdan sonra buraya yəhudi köçü başlayıb.
Fermalar, yəhudi istehsal müəssisələri və təşkilatları, paralel olaraq silahlı dəstələri formalaşıb. Bu səbəbdən də mayın 14-də İsrail dövləti elan olunanda yeni dövlətin bir sıra strukturları artıq mövcud idi və necə deyərlər, bütün variantlara hazırlaşmışdı.
Ərəblər isə İsrailin yaranmasına bir gün sonra - mayın 15-də müharibə ilə cavab verdi. Beş ərəb ölkəsinin İsrailə qarşı başladığı müharibə qısa müddətdə ərəblərin məğlubiyyəti ilə başa çatır. Bu müharibədə İsrail BMT qərarı ilə Fələstində ərəb dövlətinin yaradılması üçün ayrılmış ərazinin yarıya qədərini də işğal edir. Bununla da, ərəblərin dövlət qurması mümkün olmur. Ən əsası, Qüds şəhərinin beynəlxalq statusu itir, şəhərin qərb hissəsini İsrail, şərq hissəsini isə İordaniya ordusu ələ keçirir.
Növbəti ərəb-İsrail müharibəsi 1956-cı ildə (Süveyş müharibəsi) baş verib. Üçüncü ərəb-İsrail müharibəsi isə 1967-ci ildə dörd ərəb ölkəsinin – Misir, Suriya, İordaniya və Fələstin silahlı birliklərinin iştirakı ilə olub. Bu müharibə nəticəsində İsrail Qəzza zolağını Misirdən, Qüdsün şərq hissəsini isə İordaniyadan alır. Eyni zamanda, Suriyanın Qolan təpələrini də işğal edir.
1973-cü ildə ərəblərin qisas və itirilmiş əraziləri geri qaytarmaq məqsədilə planlaşdırdığı “Youm Kippur” müharibəsi də İsrail ordusunun qalibiyyəti ilə başa çatır. Bundan sonra fələstinlilər daha çox partizan müharibəsi ilə İsrailə qarşı savaşmağa başlayır. 1987 və 2000-ci illərdə baş verən iki “İntifada” iğtişaşları fələstinlilərin İsrail işğalına qarşı kütləvi etiraz hərəkatı kimi tarixə düşür.
Lakin nə 1960-1970-ci illərdə Yasir Ərəfatın liderliyindəki sol ağırlıqlı Fələstin silahlı müqaviməti, nə də 1990-cı və 2000-ci illərdəki HƏMAS kimi islamçı silahlı müqavimət qrupları münaqişənin sona çatdırılması, Fələstin dövlətinin yaradılması istiqamətində ciddi məsafə qət edə bilmədi.
Bunun əvəzində daha yaxşı silahlanmış və təcrübə toplamış Fələstin müqavimət qrupları son illərdə daha tez-tez İsraillə qarşıdurmaya gedir, kiçikmiqyaslı toqquşmalar baş verir. 2008 və 2014-cü illərdə isə İsrail ordusu HƏMAS və “İslami-Cihad” kimi silahlı qruplaşmalara qarşı Qəzza və İordan çayının qərb sahillərində genişmiqyaslı hərbi əməliyyatlar həyata keçirib, bombardmanlar nəticəsində çoxlu sayda dinc fələstinli öldürülüb.
1993-cü ildə Yasir Ərəfat və İsrailin Baş naziri İshak Rabin arasında imzalanmış “Oslo anlaşması” iki tərəfin münaqişəni sülh və birbaşa danışıqlar yolu ilə həll etməsini nəzərdə tutsa da, iki il sonra İshak Rabinin radikal yəhudi tərəfindən qətlə yetirilməsi müəyyən mənada bu danışıqları da baltaladı.
Fələstin münaqişəsinin həlli ilə bağlı növbəti və hələlik sonuncu cəhdi ABŞ Prezidenti Donald Tramp edib. Trampın kürəkəni Cared Kuşnerin müəllifi olduğu yeni sülh planı hər iki tərəfin ciddi ərazi güzəştlərini nəzərdə tutmur və əsasən, Fələstində infrastrukturun yenilənməsini və ciddi həcmdə sərmayə qoyuluşlarını nəzərdə tutur.
Ancaq gözlənildiyi kimi, ərəblər bu planı qəbul etmədilər. Həmin plana əsas maneələrdən biri də ABŞ prezidentinin bundan əvvəl Fələstin mövzusunda qəbul etdiyi qərarlardır. Donald Tramp 2017-ci ilin dekabrında Qüds (Yerusəlim) şəhərini İsrailin paytaxtı kimi tanıyan qərara imza atıb.
Bir il sonra isə işğal olunmuş Qolan təpələrini İsrail ərazisi kimi tanıyıb. Hər iki qərar müsəlman aləmində, eləcə də, dünyada etirazla qarşılansa da, Tramp geri addım atmayıb.
Ümumiyyətlə, yəhudi siyasətçiləri və ictimai rəyi indi güzəştə hazır kimi görünmür. Bunu son bir ildə keçirilən növbədənkənar parlament seçkiləri zamanı əsas siyasi blokların hər ikisinin liderinin Qərb sahili ərazisindəki torpaqları ilhaq etmə sözü verməsi də təsdiqləyir. Bu güzəştsizlik münaqişənin yaxın zamanda həll olunması ilə bağlı ümidləri azaldır.
Çünki İsraildə sağ cinahın radikal çağırışları fonunda Fələstində radikal qüvvələrin mövqeyi ilbəil möhkəmlənir. Hətta son illərdə bir çox ərəb ölkələrinin İsraillə normallaşma tərəfdarı kimi çıxış etməsi belə radikal qanadın mövqeyinə təsir etmir.
Üstəlik, İranın dəstək verdiyi və silahlandırdığı qruplar indi təkcə Livan və Fələstində deyil, həm də Suriyada möhkəmlənib. Baş verənlər qarşıdakı illərdə hər iki tərəfdə radikal, müharibə tərəfdarı olan qanadın daha güclü olacağını göstərir. Bu isə o deməkdir ki, Fələstində köklü sülh yaxın zamanda real deyil.скачать dle 12.1