Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məktubda Azərbaycan ilə Argentina Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə öz həmkarı Xorxe Faurieni təbrik edib.

XİN-dən BAKİSESİ.com-a verilən məlumata görə, təbrik məktubunda Elmar Məmmədyarov 25 il ərzində iki ölkə arasında bir çox istiqamətlər üzrə, xüsusən ikitərəfli siyasi dialoq, iqtisadi və ticari əlaqələr və mədəniyyət sahələrində əməkdaşlığın daim inkişaf etdiyini bildirib.

Azərbaycan və Argentinanın eyni zamanda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan birgə öhdəlikləri qeyd olunub. Bu xüsusda, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin qəbul olunmasında və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həlli istiqamətində Argentinanın ölkəmizə davamlı dəstəyi xüsusi vurğulanıb.

Elmar Məmmədyarov mövcud əlaqələrin gələcəkdə daha çoxşaxəli inkişafı üçün birgə səylərin əhəmiyyətini qeyd edib və qarşı tərəfi Azərbaycana səfər etməyə dəvət edib.

Argentinanın xarici işlər naziri Xorxe Faurie xarici işlər naziri Elmar Məmmədyarova ünvanladığı məktubda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə təbrikini çatdırıb. 8 noyabr 1993-cü ildə Moskva şəhərində imzalanmış bu sazişin ölkələrimiz arasındakı əlaqələrin dərinləşməsi naminə əhəmiyyəti qeyd olunub.

Məktubda Azərbaycan nümayəndə heyətinin iki ölkə arasında keçirilən 4-cü siyasi məsləhətləşmələrdə iştirak etmək məqsədilə Argentinaya səfəri xüsusilə vurğulanıb.

Sonda Argentina xarici işlər naziri Xorxe Faurie hər iki xalqın rifahı naminə ikitərəfli əlaqələrin inkişafı üçün birgə səylərin artırılacağından əmin olduğunu qeyd edib.скачать dle 12.1