Dekabrın 27-də Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzinin açılışı olub.

BAKISESI.COM xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dövlət başçısına raport verib.

Prezident İlham Əliyev İdman-Sağlamlıq Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov görülən işlər və burada yaradılan şəraitlə bağlı dövlət başçısına ətraflı məlumat verib.

Qeyd edək ki, müasirliyi ilə diqqəti cəlb edən mərkəzdə tikinti işləri yüksək keyfiyyətlə aparılıb. Ümumi ərazisi 14 min kvadratmetr olan idman qurğusunda bütün zəruri infrastruktur yaradılıb.

Prezident İlham Əliyev İdman-Sağlamlıq Mərkəzinin universal zalında yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, 1950 tamaşaçı yerlik universal zalda idmanın müxtəlif növləri üzrə yarışlar təşkil etmək mümkündür. Burada əsasən Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubu fəaliyyət göstərəcək. İdman-sağlamlıq klubu tərəfindən əsas diqqət nazirliyin hərbi qulluqçularının və dövlət qulluqçularının fiziki hazırlığının yüksəldilməsinin həyata keçirilməsinə yönəldilib. Bundan başqa, klub nazirliyin qurumlarında idmanın müxtəlif növləri üzrə yarışların keçirilməsində iştirak edərək yığma komandaların, ayrı-ayrı idmançıların, məşqçilərin respublika və beynəlxalq əhəmiyyətli yarışlara qatılmasını təmin edir. Klub, həmçinin xilasetmə qurumlarının fəaliyyət istiqamətlərinə uyğun olaraq idman yarışları da təşkil edir. Son illər idman-sağlamlıq klubunun üzvləri müxtəlif yerli və beynəlxalq yarışlarda mühüm uğurlar qazanırlar. İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə hər il “Mübarizlər” yarışı keçirilir. Bu il keçirilən yarışda klubun təmsilçiləri 8-i əcnəbi iştirakçıdan ibarət olmaqla, 45 komanda arasında birinci yeri tutub. Bundan başqa, klubun üzvləri 20-dək çempionatda, o cümlədən dünya və Avropa birinciliklərində, həmçinin digər turnirlərdə uğurla çıxış ediblər. Klubun kişilərdən ibarət voleybol komandası Azərbaycan çempionatında müvəffəqiyyətlə çıxış edərək ikinci yeri tutub. Klubda inkişaf etdirilən əsas idman növləri arasında nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq səmti müəyyənetmə, dağadırmanma, beşnövçülük və çoxnövçülüyə də xüsusi diqqət yetirilir.

İdman-Sağlamlıq Mərkəzinin trenajor, cüdo, boks, güləş, karate və taekvando zallarında da idmançılar üçün hərtərəfli şərait yaradılıb. Məşqçilərin otaqları da məhsuldar fəaliyyət üçün hər cür imkana malikdir. Zallarda məşqlərin keçirilməsi və yarışların təşkili üçün mükəmməl şərait var. İdmançılara həkim nəzarəti də yüksək səviyyədə təşkil olunub.

Qeyd edilib ki, İdman-Sağlamlıq Mərkəzinə daxil olan restoran və mətbəxdə də xidmətin müasir səviyyədə təşkili üçün hər cür şərait yaradılıb. Buradakı üzgüçülük hovuzu da ən müasir standartlara cavab verir. Hovuzun uzunluğu 25 metr, eni isə 12 metrdir. Ölkəmizdə yeniyetmə və gənclərin idmanın üzgüçülük növünə də marağı ildən-ilə artır. Bu zalda üzgüçülük yarışlarını 120 nəfər izləyə biləcək.

İdman-sağlamlıq klubunun üzvləri yalnız nazirliyin əməkdaşlarından ibarətdir. Hazırda klubun 300-dək üzvü var. Klubun üzvləri bu idman qurğusunda cüdo, güləş, karate, üzgüçülük, gimnastika, taekvondo və digər idman növləri üzrə ustalıqlarını artırırlar. Gələcəkdə idman növlərinin sayının artırılması nəzərdə tutulur. İdman-Sağlamlıq Mərkəzinin həyətində geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb.



скачать dle 12.1