Dənizkənarı Bulvarda UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununun Azarkeş Festivalı artıq mayın 25-dən etibarən start götürüb.
Azarkeş Festivalı ictimaiyyətin böyük marağına səbəb olub. Mayın 25-də Müxtəlif əyləncə qurğuları ilə tanış olan festival ziyarətçiləri, həmçinin Maykl Ouen və Françesko Toldo ilə şəkil çəkdirmək, onlardan imza almaq imkanı da qazanıblar.
Ötən həftə məlumat yayılmışdı ki, mayın 25-dən etibarən Bakı sakinlərinin şəhərin mərkəzinə, konkret olaraq Nizami küçəsinə daxil olmalarında məhdudiyyət yaranacaq. Lakin görünən budur ki, heç bir qadağa tətbiq edilməyib. Yaradılan şəraitdən hər kəs yararlana, əylənə bilir. Beləliklə də Bakıda final öncəsi bir coşqu yaşanır.
Azarkeş Festivalı Dənizkənarı Bulvarda təşkil olunub və mayın 29-na qədər fəaliyyət göstərəcək. İctimaiyyət üçün girişin sərbəst olduğu Azarkeş Festivalında Bakının Dənizkənarı Bulvarının ecazkar mənzərəsinin fonunda Avropa Liqasının kuboku ilə şəkil çəkdirmək, festivalın əsas səhnəsində Bakının və ümumilikdə Azərbaycanın ən yaxşı DJ-lərinin, qruplarının və ifaçılarının çıxışlarından zövq almaq, müxtəlif futbol məşğələlərində və həyəcanverici Virtual Reallıq zonasında bacarıqlarınızı sınaqdan keçirmək, mükafatlar qazanmaq və bü Avropa Liqasının əyləncəli suvenirlərini əldə etmək mümkündür. Uşaq Zonasında uşaqlar hava ilə doldurulmuş qala üzərindən tullana bilər, üzlərinə rəsm çəkdirə və hava ilə doldurulmuş futbol qapılarında futbol bacarıqlarını sınaqdan keçirə bilərlər. 
Ərazidə təhlükəsizliyə də yüksək qaydada əməl olunur. İnsanlar festival ərazisinə daxil olan zaman X-ray cihazları və metal detektorlar ilə yoxlanılır. Eyni zamanda festivalın keçirildiyi ərazidə Daxili İşlən Nazirliyinin əməkdaşları da xidmət aparır. Ərazidə sabitliyin qorunmasına nəzarət edirlər. 
Qeyd edək ki, finalda "Arsenal" və "Çelsi" komandaları üz-üzə gələcək.
Festivaldan fotoları təqdim edirik:
Əli Rais,
Musavat.com
Fotolar müəllifindir.













































скачать dle 12.1