Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə Unikal.org-a bildirib ki, Şirvan Milli Parkınını ərazisinə daxil olaraq ceyran ovlayan 3 nəfər Salyan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq  şöbəyə gətirilib.
Araşdırma zamanı bir baş ceyran əti və bir ov tüfəngi götürülüb. Ət müayinə olunmaq üçün müvafiq laboratoriyaya göndərilib. Ov tüfənginin isə Rəşad Əsədova məxsus olduğu müəyyənləşib. Laborator müayinələrin nəticələri açıqlandıqdan sonra saxlanılan hər 3 şəxsin əməlinə hüquqi qiymət veriləcək.
xxx
19:50
Şirvan Milli Parkının ərazisinə daxil olaraq ceyran ovlayan 3 nəfər şəxs parkın mühafizə işçiləri tərəfindən saxlanılıb.
Şirvan Milli Parkının direktoru Arzu Mustafayev Unikal.org-a bildirib ki, parkın cənub hissəsində bir baş ceyranın brakonyerlər tərəfindən ovlanması ilə bağlı daxil olan operativ məlumat əsasında milli park əməkdaşlarından ibarət qruplar qanun pozucularının izinə düşüb. Təqibdən yayınmaq məqsədilə özlərini ərazidəki cənub kollektoruna atan brakonyerlər üzərək parkın digər hissəsinə keçib. Lakin onlar, xidməti vəzifələrini yerinə yetirən milli parkın çevik qrupuna müqavimət göstərməyə çalışsalar da yaxalanıb və brakonyerlərin hər üçünün şəxsiyyəti müəyyən edilib. Araşdırma zamanı brakonyerlərin Həsənov Natiq Namik oğlu, Məhəmmədzadə İsmət Fikrət oğlu, Əsədov Rəşad Sücəddin oğlu olduğu məlum olub.
Zəruri ilkin sənədləşmə işləri aparılaraq, barələrində lazımi hüquqi hərəkətlərin görülməsi məqsədilə brakonyerlər Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib.скачать dle 12.1