Gəncə şəhərində həyat yoldaşını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirməkdə ittiham olunan 1986-cı il təvəllüdlü Zaur Orucovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
 Zaur Orucovun barəsində olan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Dadaş İmanovun icraatına verilib.

Bu cinayət işi üzrə məhkəmə yaxın günlərdə başlanacaq.

İttihama görə, Zaur Orucov Gəncə şəhəri, Zülfü Hacıyev küçəsində həyat yoldaşı, 1995-ci il təvəllüdlü Nuranə Quliyevanı şəxsi münasibətlər zəminində bıçaqlayaraq qətlə yetirib.

Zaur Orucov polis əməkdaşları tərəfindən yaxalanıb.

İstintaq araşdırması zamanı məlum olub ki, hadisədən əvvəl Nuranə Quliyeva ərindən boşanmaq istəyib.

Buna görə də onların arasında mübahisə yaranıb. Nuranə Quliyeva Zaur Orucovu yaşadıqları evdən qovub.

2019-cu il noyabrın 15-də, gecə saatlarında evə gələn Zaur Orucov qapını bağlı görüb. O, evin pəncərəsindən içəri daxil olub və yataqda yuxuda olan Nuranə Quliyevaya 8 bıçaq zərbəsi vurub.

Qadın Gəncə Şəhər Beynəlxalq Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Zaur Orucov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilir.
скачать dle 12.1