Qubad İBADOĞLU,
ADR Hərəkatının sədri, professor
 
Ağır zəmanəyə gəldik – büdcəyə, pensiya fonduna, işsizlikdən sığorta fonduna, iri vergi ödəyicisi olan bütün dövlət şirkətlərinə, polisə, hərbçiyə, məmura, icra hakimiyyətinə, bələdiyyəyə, bir sözlə, hər kəsə pul lazımdır.
Dövrümüzün, aktuallığına görə Hamletin məşhur “olum, ya ölüm” dilemmasından geri qalmayan sualı belədir: hamıya yetəcək pulu hardan tapmalı?
Etiraf edək ki, sualı eşidənlərin çoxunun ağlına ilk olaraq Neft Fondu gəlir. Ancaq bu gedişlə Fondda toplanan vəsaitin ünvansız və səmərəsiz xərclənməsi ilə ordakı pulun da axırına tezliklə çıxıla bilər. Bəs, sonra?
Ölkəni idarə edənlər sonrasını heç vaxt fikirləşməyiblər. Əgər fikirləşsəydilər, vaxtında iş görmək əvəzinə, xalqı gecə-gündüz yalançı statistika və islahat nağılları ilə yuxuya verməzdilər.
Biz cəmiyyət olaraq indi uzun və dərin yuxudan sonrakı qismən anlaqlı vəziyyətdəyik, tam ayılmamışıq, yuxu ilə gerçəklik arasında var-gəl edirik, yarıyuxulu beynimiz nə baş verdiyini tam qavramaqda çətinlik çəkir. Beynimizi zorlayırıq və yavaş-yavaş anlayırıq ki, qızıl kimi vaxtı-fürsəti əldən vermişik, “üstü bəzək – içi təzək” inkişaf cəhalətin girdabında qəhr olub. Ölkəni nə sivil qaydada idarə edəcək institutlar yaranıb, nə də sağlam ictimai-siyasi davranışlar formalaşıb.
Təxminən, belə bir vəzyyətdəyik: eyni gəminin sərnişinləri kimi, 30 il əvvələ dönürük, ancaq bir istsina ilə – 30 il öncə neftdən, qazdan qazancımız olmasa da, zamanımız və qürurumuz yetərincə idi. Təəssüf ki, zaman rahatlığımızın yeminə çevrildi, qürurumuz isə, Qarabağ kimi, əsarətdədir.
Ancaq bütün bunlar bizdə gələcəklə bağlı bədbinlik yaratmamalıdır. Nəyin bahasına olursa-olsun, “Sizif əməyi”ndən qurtulmalı, o daşı o dağın başına çıxarıb, əks tərəfə dığırlatmalıyıq. Bunun üçün isə hər şeyi şıfırdan başlamalıyıq.
Yeni dünyada köhnə qaydalarla buna nail olmaq mümkünsüzdür. Dəyişməliyik və toplum olaraq ictimai şüura yiyələnməliyik. Nədən bu günə qədər ictimai şüura sahiblənə bilmədik? Ona görə ki, “BİZ” yoxuq, “BİZ” heç nəyi həll etmir və ya ən yaxşı halda çox az şeyə təsir edə bilir. Bu durum imkan verir ki, hakimiyyət cəmiyyət üzərində qəti hökmranlığını davam etdirsin və onu daima əzsin. “BİZ” olmayan toplum hakimiyyətdən fayda gözləmir. Hakimiyyət də vahid olmayan toplumun qarşısında məsuliyyət hiss etmir.
Cəmiyyətin sağlam təməli – “BİZ”, faktiki, mövcud deyil, üstəlik, hər gün içimizdəki nifrəti bir-birimizə yönəltməklə, toplumu daha da zəiflədir, taqətdən düşmüş “bədənə” zərbələr endirir, bir-birimizin qəniminə çevrilirik. Məhz bu səbəblərdən toplumda “BİZ” faktoru yaranmır.
Növbəti əsas sual “Nə etməli?”dir.
“BİZ”, ilk növbədə, cəmiyyətimizi, sonra isə cəmiyyətimizin beynini yaratmalıyıq. İnsanların cəmiyyəti süurlu olmalıdır. Bu süur rolunu sosial şəbəkələrdə “BİZ” oynaya bilər. İndiyə qədər heç bir sosial şəbəkə layihəsi düşünən beyinləri bir yerə yığa bilməyib. Müxtəlif siyasi güc mərkəzlərinin və tənha müstəqillərin fikirləri var, amma yaradıcı – tədqiqedici məsləhət meydanı, ictimai təşəbbüs formatı yoxdur. Bir sözlə, xalqın zəruri ehtiyaclarını öyrənərək onları “BİZ” formatında eyni mövqeyə gətirən, toplumun fikirlərini hakimiyyətə olduğu kimi, dürüst catdiran və hakimiyyəti “BİZ”lərlə hesablaşmağa və effektiv işləməyə məcbur edən ümumi format (meydan) yoxdur.
Nəhayət, sonuncu sual belədir: biz bu meydanı yaradıb, misiyamızı reallaşdıra bilərikmi?
Cəmiyyət bağça kimidir: arzu olunanlar becərilməyəndə arzu olunmayanlar artıb coxalır. İnsan cəmiyyəti canlı orqanizm misalıdır – inkisaf etmirsə, geriyə gedir, deqradasiya uğrayır. Orqanizmin inkişafı beynin formalaşmasından asılı olduğundan, inkişafın məntiqi ardıcıllığı alqoritmi yaradılmalıdır. İnkişaf alqoritmini düzgün qurmaq və səmərəli işlətmək üçün isə cəmiyyətin beyni olmalıdır.
Odur ki, cəmiyyətin qurtuluşu üçün “BİZ” olmağa istəkli, ən fəal üzvləri bir meydanda birləşdirmək qərarını vedik. “BİZ” birliyin sadə və neytral nümunəsidir. “BİZ” qrupu xalqın qrupudur, bu sosial sifarişdən yaranan ictimai təşəbbüslər üçün meydan, cəmiyyətin gələcəyini düşünən insanlar üçün imkanlar yaradan vasitədir. Bu, mənim, sənin deyil, bizim qrupumuzdur. Bu qrupda “BİZ” düşüncəsində olan və “BİZ”in gücünə inanları səfərbər etməklə, onlarda dəyişikliklərə inam yaratmaqla, ictimaiyyətin narazılığını dərhal əlaqədar hakimiyyət orqanlarına çatdırmaqla indiyə qədər göstərdiyimiz ictimai təşəbbüsləri (“Virusu məktəblərə buraxmayaq”, “Metronu dayandıraq”, “Birdəfəlik yardıma müraciət edək”) davam etdirməli, qərarların qəbulunda ictimai iştirakçılığa və təsirlərə nail olmalı, nəhayət, hökuməti düzgün, şəffaf, hesabatlı və effektiv işləməyə vadar etməliyik.
Niyyətimiz hədəfimizin göstəricisidir!
Biz birləşmək qərarı verdik, siz necə, BİZ olmağa hazırsınız?скачать dle 12.1