İsrail kəşfiyyatının (MOSSAD) rəhbəri Yossi Koen Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vasitəsilə Sudanın Təhlükəsizlik Şurası sədrinin köməkçisi Məhəmməd Həmdam Daqalo ilə görüşüb.
Bakısəsi Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Londonda fəaliyyət göstərən “Al-Araby Al-Jadeed” saytı məlumat yayıb.
Məlumata görə, görüşə BƏƏ-nin Milli Təhlükəsizlik Xidmətinin müşaviri Təxnun bin Zayed də qatılıb. Görüşdə Sudan və İsrail arasında normallaşma prosesini nəzərdə tutan sazişin imzalanması məsələsi müzakirə edilib.
Sudan Təhlükəsizlik Şurasının sözçüsü Məhəmməd əl-Fəqi isə bu barədə yayılan məlumatları təkzib edərək, belə bir görüşün keçirilmədiyini bildirib.
Digər yandan, “Röyter” ABŞ hökumətinin İsrail və ərəb ölkələri arasındakı vasitəçilik missiyasını davam etdirdiyi haqda məlumat yayıb. Belə ki, ABŞ Dövlət katibi Mayk Pompeonun bu məqsədlə bu gün İsrail və BƏƏ-yə səfər edəcəyi açıqlanıb. Pompeonun bu iki ölkə ilə yanaşı Bəhreyn, Oman, Qətər və Sudana gedəcəyi də gözlənilir.
Pompeodan sonra ABŞ prezidentinin kürəkəni, Ağ Evin müşaviri Jared Kuşner, habelə rəsmi Vaşinqtonun beynəlxalq müzakirələr üzrə rəsmi nümayəndəsi Avi Berkovitzin sentyabr ayında Yaxın Şərqə gələcəyi deyilib. Prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayn və Dövlət Departamentinin İran üzrə xüsusi nümayəndəsi Brayan Hukun da bu səfərdə iştirak edəcəyi bildirilib.скачать dle 12.1