Hətta  sovet dönəmindən  bizim cəmiyyətimizdə  ali təhsilə xüsusu maraq olub. İmkanı olanda, olmayanda, istedadsız-istedadlı hər kəs ali təhsil almağa can atıb.  
Bu bir tərəfdən yaxşı haldır. Amma ali təhsil diplom xatirinə olanda bunun heç bir faydası olmur, əksinə cəmiyyət üçün təhlükəli olur.
Son illər səhiyyəmizdə sağ ayağın əvəzinə sol ayağı kəsən həkimlər, yaxud  savadsız müəllimlər və digər peşə sahibləri durmadan artıb. 
Ona görə də diplom xatirinə ali təhsil almaq cəmiyyət üçün müsbət hal deyil. 
Bu diplomun əvəzinə  yaxşı bir peşəyə, sənətə yiyələnmək həm cəmiyyət üçün, həm də vətəndaşın özü üçün çox faydalı olar. 
Nizami babamız əbəs yerə deməyib ki:

Kamil bir PALANÇI olsa da insan,
Yaxşıdır, yarımçıq PAPAQÇILIQ-dan. 

Bəli, savadsız həkim, yaxud prokuror olmaqdansa, yaxşı, peşəkar AŞPAZ,  DƏLLƏK, BƏNNA, NEFTÇİ  olmaq daha üstündür. 
Bunları yazmaqda məqsədimiz odir ki, bizdə PEŞƏ TƏHSİLİ-nə maraq yaransın.  
Vaxtilə sovet dönəmində Peşə Təhsili üzrə Dövlət Komitəsi var idi. Və hər il orta məktəbi bitirən minlərlə  şagird bu və digər peşələrə yiyələnmək üçün peşə məktəblərinə qəbul olurdular. 
Onlar təhsil müddətində yataqxana ilə təmn olunur, təqaüd alırdılar. Təhsil müddətində uyğun sahələrdə, zavodlarda, fabriklərdə, tikintidə praktiki təcrübə keçirdilər. Və mütəxəssis olaraq yetişirdilər. Sonra isə təyinat üzrə işlə təmin olunurdular. Hətta iş yerindən onlara ev də verilirdi.
Bəs bu gün..? 
Ölkəmizdə peşə-ixtisas təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə  Prezident  İlham Əliyevin  2016-cı il 20 aprel tarixli fərmanı ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradıldı. Bu bir daha onu göstərir ki, ölkəmizdə peşə-ixtisas təhsilinə böyük  ehtiyac var  və  bu məsələ ölkə rəhbərliyinin ciddi nəzarətindədir. 
Ancaq təəssüf ki, bəzi peşə liseylərinin rəhbərləri dövlətin bu sahəyə qayğısını və ayırdığı  vəsaiti öz şəxsi maraqları üçün istifadə edir, hətta qanunsuzluqlara imza atmaqdan çəkinmir, bəzi hallarda cinayətə yol verirlər. 
Görəsən, belə şəxsləri Peşə Liseylərinə direktor təyin edəndə  cənab  Təhsil naziri nə fikirləşir ?
Təsəvvür edirsiniz  Peşə liseylərində bir neçə gözətçi işə götürülür, amma maaşları kim alır və əvəzində kimin əmək stajı yazılır ? 
Liseyin  balansında olan avtomobillərə yazılan yanacaq sərfi, təmir və istismar xərcləri də direktorlar üçün qazanc mənbəyidir.
 Ali təhsili olmayanlara liseydə dərs  saatının verilməsi və əvəzində  alınan rüşvət, saxta mühasibat sənədləri ilə silinən pullar və daha nələr. 
Ən maraqlısı odur ki, 1 ildir davam edən karonavirus pandemiya dövründə də bu əməllər davam edir.
Yəni bir soruşan yoxdur ki, dərs olmadığı üçün yuxarıda sadaladığımız  “pul silinmələri” necə baş verə bilər ? 
Liseylərdəki  istehsalat təlim ustalarına yazılan maaşlar necə bölünür ? 
Axı, istehsalat yoxdur. 
Bir sözlə, peşə liseylərində vəziyyət  dözülməzdir. 
Yaxşı olar ki, Təhsil Nazirliyinin  rəhbərliyi bu barədə ciddi-ciddi düşünsün.скачать dle 12.1