Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 2019-cu ildə tətbiqi nəzərdə tutulan buraxılış və qəbul imtahanları ilə bağlı yalnış anlaşılan məsələlərə aydınlıq gətirib.

DİM-dən “BAKİSESİ.com"averilən məlumata görə, Şura sədri şagird, abituriyent, müəllim, valideyn və KİV nümayəndələrinə müraciət ünvanlayıb:

“2019-cu ildə tətbiq olunacaq yeni qəbul modelində nəzərdə tutulan dəyişikliklər abituriyentlərin biliklərinin daha dəqiq şəkildə üzə çıxarıl¬masına kömək göstərmək məqsədi daşıyır. Bu dəyişikliklərin bir sıra üstünlükləri var. İlk növbədə I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınır və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunur. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər. Bununla da buraxılış imtahanlarının nəticələri yekun attestasiya, V ixtisas qrupu və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün əsas olmaqla yanaşı, I-IV ixtisas qrupları üzrə də müsabiqənin bir komponentinə çevrilmiş olur. Burada qəbul imtahanı fənlərinin saylarının azaldılması da vurğulanmalıdır. Belə ki, əvvəlki illərdə olduğu kimi abituriyentlər 3 buraxılış və 5 qəbul imtahanı fənni deyil, 3 buraxılış və 3 qəbul imtahanı fənni üzrə imtahan verəcəklər. Abituriyentlərin imtahan yükü daha da azaldılmışdır. Bundan əlavə, yeni qaydalarla qəbul imtahanlarının birinci mərhələsinin (buraxılış imtahanlarının) nəticələrinin iki il qüvvədə olması, yəni cari və növbəti tədris illərində abituriyentə ali təhsil müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququnun (birinci mərhələdə iştirak etmədən, abituriyent imtahanın ikinci mərhləsini verir) verilməsini nəzərdə tutur. Bu da müsbət addım kimi qiymətləndirilməlidir.

Bu imtahanlarda abituriyentlərin özləri tərəfindən yazılı şəkildə cavablandırılması tələb olunan müəyyən sayda tapşırıqlardan da istifadə olunacaqdır.

Bu tapşırıqlarla demək olar ki, bütün abituriyentlər artıq tanışdırlar və yuxarıda qeyd etdiyimiz monitorinq imtahanlarında, eləcə də 9-cu sinif üzrə buraxılış imtahanlarında məhz bu növ tapşırıqlara da cavab vermişlər. Yeni model tapşırıqlarının sayı da ümumi imtahan suallarının sayına nisbətdə çox azdır. Hələlik qəbul imtahanlarında hər fənn üzrə cəmi 3 belə tapşırığın istifadə olunması nəzərdə tutulub. Bu tip tapşırıqlardan istifadə kurikulum standartlarının tələbidir və bizə abituriyentlərin yeni təhsil proqramlarında nəzərdə tutulmuş məzmun xətləri üzrə bacarıqlarını ölçmək imkanı verəcəkdir.

Bu növ yazılı cavab tələb edən tapşırıqların obyektiv yoxlanılması ilə bağlı da müəyyən fikirlər səslənir. Yazı işlərinin yoxlanılması prosesi Dövlət İmtahan Mərkəzində bu məqsədlə hazırlanmış, müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüterdən istifadə etməklə markerlər tərəfindən aparılır. Yazı işlərinin yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanmışdır. Yoxlama prosesinə respublikanın paytaxtı və regionlarından ümumtəhsil müəssisələrinin müəllimləri, ali təhsil müəssisələrinin uyğun ixtisaslar üzrə mütəxəssisləri və magistrləri cəlb edilir. Onlar əvvəlcə qiymətləndirmə meyarları ilə tanış olur və treninqlərdə (kalibrləmə prosesində) iştirak edirlər, yalnız treninq mərhələsini uğurla başa vuranlar marker qismində müqavilə əsasında yazı işlərinin yoxlanılması prosesinə cəlb olunurlar. Mərkəzdə markerlərin fənlər üzrə məlumat bazası formalaşdırılıb və bu baza artıq müntəzəm olaraq təkmilləşdirilir və zənginləşdirilir.

Bu il buraxılış imtahanlarında markerlər tərəfindən 2 milyondan artıq yazı işi (açıq tipli tapşırıq) yoxlanılmışdır. Açıq tipli tapşırıqların yoxlanılması bizdən müəyyən qədər vaxt tələb edir və bu təbii haldır. Amma imtahanların iki mərhələdə və müxtəlif vaxtlarda keçirilməsi, eləcə də markerlərin sayının getdikcə artması qiymətləndirmə prosesinin mümkün qədər tez başa çatmasına imkan verəcək.

Müəllimlər arasında müəyyən qədər narahatlıq doğuran və iradlar səsləndirilən fikirlərdən biri də xarici dil fənni üzrə imtahanının məzmununda edilmiş dəyişiklikdir. Bilirsiniz ki, burada əsas dəyişikliklərdən biri də imtahanda istifadə olunacaq 30 tapşırıqdan 6-nın “dinləyib-anlama” bacarıqlarının yoxlanılmasına aid olmasıdır.

Heç kəsə sirr deyil ki, xarici dil bilmək müasir dövrdə artıq ehtiyac halına gəlmişdir. Buna görə də rus dili ilə yanaşı, ingilis, alman və s. dillərin də lazımi səviyyədə öyrədilməsi əsas məqsədlərdən olmalıdır. Bu sahədə olan mütəxəssislərin tədqiqatları göstərir ki, şagirdlər xarici dili dinləmə və danışıq kimi aktiv metodlarla da öyrənməlidir.

Fənn kurikulumunun xarici dil fənni üzrə müəyyən etdiyi 4 məzmun xəttinə aid bacarıqların yoxlanılması tələb olunur. DİM və Təhsil Nazirliyinin İşçi qrupunun rəyi əsasında hələlik bəzi alt standartların yoxlanılması üçün əlavə vasitələr tələb edildiyindən, onlara aid tapşırıqlardan istifadə olunmur. “Danışma” məzmun xətti üzrə bilik və bacarıqlar da buraxılış imtahanında hələ ki, yoxlanılmır.

Bu imtahanda əsas etibarilə 3 (“Dinləyib-anlama”, “Oxu” və “Yazı”) məzmun xətti üzrə alt standartların yoxlanılması və qiymətləndirilməsi həyata keçiriləcək. “Dinləyib-anlama” məzmun xətti üzrə, əsasən, müraciətlər zamanı sadə sualları cavablandırmaq, müraciətlərə uyğun tapşırıqları ardıcıl icra etmək, dinlədiyi mətndəki fakt və hadisələri qruplaşdırmaq, ümumiləşdirmələr aparmaq bacarıqları yoxlanılır. Bu bacarıqların da fənn kurikulumunda, dərsliklərdə şagirdlərə aşılanması nəzərdə tutulub və 11 ildir ki, həyata keçirilir. Dərsliklərdə bununla bağlı tapşırıqlar yer alıb.

“Dinləyib-anlama” ilə bağlı tədris vəsaitlərinin, audio faylların, disklərin azlığından şikayət olunur. Məlumat üçün bildirək ki, yaxın günlərdə “Abituriyent” jurnalının xüsusi buraxılışları çap olunacaq. Burada fənn proqramları, həmçinin imtahan modelinə uyğun tapşırıqlar da dərc olunacaqdır. Dinləmə bacarıqlarının yoxlanılmasına dair nümunə tapşırıqlar da jurnallarda öz əksini tapacaqdır. Dövlət İmtahan Mərkəzinin saytında isə audio fayllar yerləşdiriləcək. Hər kəs bu faylları öz telefonuna və ya kompüterinə yükləyib qulaq asmaqla jurnalda verilən tapşırıqları yerinə yetirə bilər.

Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanan və yaxın vaxtlarda işıq üzü görəcək digər vəsait xarici dilllərə aid “Yeni təhsil proqramları (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları”dır. Burada da hər bir bölmə üzrə “dinləyib-anlama” bacarıqlarının yoxlanılması ilə bağlı tapşırıqlar yer alacaq. Bu audio fayllar da DİM-in saytında xüsusi bir bölmədə yerləşdiriləcək.

Bundan əlavə, biz axı müasir informasiya cəmiyyətində, yeni texnoloji inqilabların baş verdiyi bir dövrdə yaşayırıq. Hazırda istənilən bir xarici dillə bağlı lazımi məlumatların tapılması şagird və müəllimlər üçün çətin olmamalıdır. Kurikulumun bir cəhəti də tələbyönümlü olmaq deyilmi? Müasir təhsil sistemində şagird aktiv öyrənəndir, biliyə çatma yollarını araşdırandır. Hər bir məktəbdə kompüterlər mövcuddur. Hər birimizin əlində bir yox, bir neçə telefon var. Özümüz bəzən indiki uşaqların bütün günü əllərində telefon qulaqlarında qulaqlıqla vaxt keçirmələrindən şikayət etmirikmi? Bu vasitələrdən səmərəli istifadənin zamanı nə vaxt gələcək? Bir məsələ barədə də fikirləşməliyik. Məktəbdə xarici dili tədris edən müəllim hansı dildə danışır? İngilis dili dərsində müəllim ingilis dilində danışmırmı? Şagird dərsdə hansı dildə cavab verir? Bu məgər “dinləyib-anlama” bacarıqlarına təsir etmirmi? 11 ildir ki, yeni sistemdən danışılır, tətbiq olunur. Biz daha 11 il də gözləməliyikmi? Bu suallar hər kəsi düşündürməlidir. “Dinləyib-anlama mətni ilə bağlı yaranan süni ajiotajın ciddi bir əsası yoxdur. Təbii hər bir yenilik insanda müəyyən qədər həyəcən yaradır. Lakin əminik ki, Mərkəz tərəfindən təqdim olunacaq materiallar, keçiriləcək sınaq imtahanları (yeri gəlmişkən DİM tərəfindən ingilis dili fənni üzrə 2018-ci ilin əvvəlində monitorinq imtahanı da keçirilib və burada şagirdlərin “dinləyib-anlama” qabiliyyətləri də yoxlanılıb) abituriyentlər üçün proqamın mənimsənilməsində yardımçı vasitə olacaqdır.

Abituriyentlər və onların valideynləri, bu proseslə əlaqəli olan elmi-pedaqoji ictimaiyyət baş verən dəyişikliklərdən narahat olmamalıdırlar. Çünki bu dəyişikliklər mərhələ-mərhələ, onların elmi əsası öyrənilərək, təcrübədə sınaqdan keçirilərək tətbiq olunur.

Keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 25 illik, həmçinin Dövlət İmtahan Mərkəzinin son 2 ildəki fəaliyyəti ərzində imta¬han¬ların məzmun və forma-sında aparılan dəyişik¬liklər abituriyentlərin biliklərinin daha obyektiv və şəffaf şəkildə qiymətləndirilməsi məqsədi daşımışdır. Bu gün də təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımların atılmasına və ümumi təhsilin keyfiyyət göstəricilərinin, qiymətləndirmə mexanizmlərinin dünya standartlarına uyğunlaşdırılmasına ehtiyac vardır".скачать dle 12.1