Prezident İlham Əliyevin ölkəmizin hərtərəfli inkişafına hesablanmış siyasəti Azərbaycanı daha işıqlı sabahlara, daha firavan gələcəyə aparır.

“Bakisesi.com”-un məlumatına görə, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayevin rəsmi mətbuatda dərc olunan məqaləsində deyilir.

Nazir qeyd edib ki, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində müstəqilliyimiz möhkəmlənir, dövlətimiz qüdrətlənir, ölkəmiz davamlı və dayanıqlı inkişaf edir, Azərbaycanın dünyada nüfuzu artır:

"İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən ötən 15 ildə ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atıb, dövlətçiliyimiz, siyasi və iqtisadi müstəqilliyimiz daha da güclənib, ölkənin davamlı və dayanıqlı inkişafı, sürətlə modernləşməsi təmin edilib, Azərbaycan inkişaf edən ölkələr sırasında layiqli yer tutub".

Ş.Mustafayev vurğulayıb ki, statistik göstəricilər Azərbaycan iqtisadiyyatının inkişafını və dayanıqlığını bir daha təsdiq edir: "Belə ki, 2004-2017-ci illərdə ümumi daxili məhsul istehsalı real ifadədə 3,2 dəfə, o cümlədən qeyri-neft ÜDM 2,8 dəfə, sənaye məhsulu istehsalı 2,6 dəfə, o cümlədən qeyri-neft sənayesi 2,2 dəfə, əsas kapitala yönəldilmiş vəsaitlər 3 dəfə, o cümlədən tikinti-quraşdırma işləri 4,9 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 1,7 dəfə, yükdaşımalar 2,1 dəfə, informasiya və rabitə xidmətləri 11,2 dəfə, pərakəndə ticarət dövriyyəsi 3,8 dəfə artıb. Bu dövrdə dövlət büdcəsinin gəlirləri 13,5 dəfə artıb. 2004-cü ildən 2018-ci ilin oktyabr ayının 1-dək ölkənin strateji valyuta ehtiyatları 28 dəfə artaraq 45 milyard ABŞ dollarını ötüb.

Cənab İlham Əliyev ilk dəfə Prezident seçiləndə ölkədə 600 min yeni iş yerinin yaradılacağına söz vermişdi. O zaman bu, bəzilərinə xəyal kimi görünürdü. Dövlət başçısı bu məqsədə vaxtından əvvəl nail oldu. Belə ki, son 15 ildə Azərbaycanda 2 milyondan çox yeni iş yeri açılıb".

Nazir bildirib ki, son 15 ildə Azərbaycanda 6-sı beynəlxalq olmaqla, 7 hava limanı inşa olunub, 14 min kilometrdən çox müasir yollar çəkilib, 453 körpü, tunel tikilib və ya təmir olunub, Xəzər dənizində 270 gəmidən ibarət iri ticarət donanması yaradılıb, 1750-dən çox yaşayış məntəqəsi təbii qazla təmin edilib, qazlaşdırma səviyyəsi 94%-ə çatdırılıb:

"Əhalinin dünya standartlarına uyğun keyfiyyətli içməli su ilə təmin olunması məqsədilə 27 şəhər və rayon mərkəzində su və kanalizasiya şəbəkəsi yaradılıb, 230 su anbarı tikilib, 300-dən çox artezian və subartezian quyusu qazılıb, modul tipli 466 sutəmizləyici qurğu quraşdırılıb. Bu sahədə Oğuz-Qəbələ-Bakı su kəmərinin və Ceyranbatanda sutəmizləyici qurğunun tikintisi mühüm əhəmiyyət kəsb edir. Görülmüş işlər nəticəsində mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunan əhalinin sayı 2 dəfədən çox artıb".скачать dle 12.1