Prezident İlham Əliyev isə müstəqil Azərbaycan dövlətinə REAL MƏZMUN qazandırdı 



1991-ci ildə SSRİ-nin dağılması ilə 15  respublika, o cümlədən Azərbaycan  öz müstəqilliyini elan etdi, yəni kağız  üzərində  BƏYAN etdi. 
Ancaq kağız üzərində BƏYAN etməklə, real müstəqillik, real dövlət olmaq tam fərqli anlayışdır. 
Yəni kağız üzərində müstəqilliyi elan etmək, tarixi şəraitin verdiyi şansdan yararlanmaq ayrıdır, dövlətə və dövlətçiliyə REAL MƏZMUN vermək isə çox çətin, çox problemli məsələdir. 
Biz kimlərisə təftiş etməkdən, kimlərinsə fəaliyyətinə kölgə salmaqdan uzağıq. Ancaq tarixi saxtalaşdırmaq da yolverilməzdir. 
Bir müddət əvvəl cənab Prezident İlham Əliyev xüsusi olaraq  vurğuladı ki,  bizə  saxta tarix  lazım deyil. 
Bəli, məhz  buna görə, qeyd etməliyik ki, 1993-cü ildə Ulu Öndər hakimiyyətə gələnə kimi Azərbaycan rəhbərləri  nəinki bütün qonşu dövlətlərlə, hətta qardaş Türkiyə  ilə münasibətləri  bərbad duruma salmışdı, ölkə vətəndaş müharibəsi vəziyyətində idi. 
Bəlkə yadımıza salaq ki, Şuşa  bir neçə saata, Kəlbəcər bir günə işğal olunmuşdu. Yəni Azərbaycan hətta kağız üzərində müstəqilliyini itirmək üzrə idi. Az qala hər partiyanın  özünün qoşunu, ordusu var idi, vahid ordudan söhbət gedə bilməzdi. Azərbaycan  ayaq altında idi, ermənilər  Bakıya gəlməklə bizi hədələyirdilər. İndi çoxları bilərəkdən bunu unutmağa, unutdurmağa çalışır. 
Bax, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev Azərbaycanı məhz  bu durumda  qəbul etdi. Heydər Əliyevin missiyası Azərbaycanı ayağa qaldırmaq, dikəltmək idi, vahid ordu yaratmaq idi. 
Ulu Öndər  qısa vaxtda çox çətinliklə başıpozuq  silahlı qrupları ləğv etdi, xarici siyasət kursunu qaydaya saldı, vahid ordu yaratdı, dağılmış ölkə iqtisadiyyatını bərpa etdi  və ən əsası  xarici  neft şirkətləri ilə “Əsrin müqaviləsini ” imzaladı. 
Bəli, “Əsrin müqaviləsi”, daha doğrusu, Heydər Əliyev Azərbaycanın talehini yaxşılığa  doğru dəyişdi, obrazlı desək, Azərbaycanı ayağa qaldırdı.  
Ancaq, təəssüf ki, 2003-cü ilədək erməni işğalı altında olan torpaqlarımızın  azad olunması üçün zaman çatmadı. 
Lakin Ulu Öndər artıq Azərbaycanı ayağa qaldırmışdı, böyük dövlətlərlə münasibət normallaşmışdı, ölkədə vahid ordu, vahid komandanlıq yaranmışdı, əhalinin yaşayış səviyyəsi 1993-cü ildəkindən qat-qat yaxşı idi, yüz minlərlə məcburi köçkün ordusu dövlətin təminatını hiss edirdi. Və ən əsası Heydər Əliyev dövlətin xarici siyasət sektorunu çox dəqiq müəyyən etmişdi. 
2003-cü ildə Prezident seçilən cənab İlham Əliyevin qarşısındakı ən böyük problem torpaqlarımızın azad edilməsi idi. Cənab İlham Əliyev əbəs yerə demir ki, 20 ildir ən çox Qarabağın azad edilməsi üçün çalışırdım.
Bəli, Prezidentin 20 illik ağır iş qrafikindən sui-istifadə edən bəzi məmurlar, nazirlər, icra başçıları, komanda üzvləri öz neqativ əməlləri ilə görülən işlərə kölgə salırdılar. Bu isə istər-istəməz cəmiyyətdə müəyyən narazılıqlar yaradırdı. Bu təkcə məmur problemi deyildi, bu məsələdə bəzi xarici dövlətlər də maraqlı idi. Bu barədə  az müddət əvvəl cənab Prezident də öz fikrini bildirib. Bəli, bəzi qüvvələr rəngli inqilab, ərəb baharı və s adlarla ölkəni qarışdırmaq, Qarabağ problemini yaddan çıxartmaq istəyirdilər. Məhz Qarabağ problemini yaddan çıxartmaq. 
Cənab İlham Əliyev siyasi məharətlə bütün bu problemləri aradan qaldıra bildi, hətta bəzən siyasi komandanın bütün ağırlığını şəxsən öz üzərinə götürdü və 44 günlük  Vətən Müharibəsində 30 ildir işğalda qalan  torpaqlarımızı azad edərək TARİX YAZDI. 
Bəli, bu gün tam əminliklə demək olar ki, cənab İlham Əliyev təkcə Azərbaycanın deyil, Cənubi Qafqazın lideridir. Cənubi Qafqazın gələcəyi ilə bağlı bütün məsələlərdə cənab İlham Əliyev söz sahibidir. 
Bir sözlə, Müzəffər Ali Baş Komandan Qarabağı azad edərək dünyanı  fakt qarşısında qoydu. 
Unutmamalıyıq ki, biz bir millət olaraq az qala 200 ildir torpaqlarımızı verə-verə  gəlirdik. Nə qədər acı olsa da bunu etiraf etməliyik. 
Biz  2-3 kəndin, ən yaxşı halda 1-2 rayonun azad edilməsini arzulayırdıq, ancaq bu gün torpaqlarımızın böyük hissəsi düşmən tapdağından azad edilib, bu gün Şuşa bizimdir, Ağdam, Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı, Füzuli, Cəbrayıl, Xocavənd  bizimdir. 1 il əvvəl biz bu barədə heç düşünə bilməzdik. 
Bir sözlə, Heydər Əliyevin ayağa qaldırdığı Azərbaycanı artıq İlham Əliyev uğurla irəli aparır. 
Bu TARİXİ UĞURUN qazanılmasında Birinci Vitse Prezident xanım Mehriban Əliyevanın rolu əvəzsizdir. Mehriban xanımın dünyanın mədəniyyət mərkəzlərində keçirdiyi mühüm görüşlər Azərbaycan xalqı ilə bağlı çox müsbət  fikir formalaşdırır. Unutmayaq ki, mənfur ermənilər, erməni diasporu əllərində olan imkanlardan istifadə edərək  xalqımızı dünyaya az qala vəhşi kimi təqdim etmişdilər. Məhz Mehriban xanımın misilsiz xidmətləri nəticəsində  artıq dünyada xalqımıza hörmət və ehtiramla yanaşırlar. Mehriban xanımım şəhid və qazi ailələrinə ana, bacı qayğısı artıq dillərdə dolaşır. 
Heydər Əliyev Fondunun vitse prezidenti Leyla xanım Əliyevanın  mədəniyyətlərarası  dialoqun yaranmasında, milli mədəniiyətimizin dünyada təbliğində gördüyü işlər də ölkəmizin gələcəyinə yönəlik mühüm işlərdir.     
Bütün bu qeyd etdiyimiz ürəkaçan, cəmiyyətdə qürur doğuran əməllərlə yanaşı, etiraf etməliyik ki, ölkəmizdə müəyyən problemlər də var. Bunu hamıdan çox öz çıxışlarında cənab prezident İlham Əliyev özü dönə-dönə vurğulayır. 
Yazının  girişində əbəs yerə qeyd etmədik ki:
Prezidentin 20 illik ağır iş qrafikindən sui-istifadə edən bəzi məmurlar, nazirlər, icra başçıları, komanda üzvləri öz neqativ əməlləri ilə görülən işlərə kölgə salırdılar.
Bəli, bu gün  həmin məmurların cavab vermək zamanıdır.
Bu gün onlarla icra başçıları, nazirlər, komitə sədrləri, irili-xırdalı məmurlar həbsxanada haqlı cəzalarını çəkirlər. 
Söhbət təkcə həbs olunmaqdan getmir. Söhbət dövlət məmurunun xalq, dövlət və prezident qarşısındakı məsuliyyətindən  gedir. 
Cənab Prezident rüşvətə, korrupsiyaya qarşı az qala müharibə elan edib, ölkədə çox ciddi iqtisadi və siyasi islahatlar gedir, siyasi komanda yenilənir, idarəetməyə yeni düşüncə, yeni təfəkkür gəlir. 
Bir sözlə, cənab Prezident Qarabağın azad edilməsindən sonra öz komandasının yeniləşdirir. Bu istiqamətdə atılan addımlar öz müsbət nəticəsini verir. 
Təssəvür edirsiniz, hətta hər şeydə mənfi nəsə axtaran kəslər belə atılan addımları təqdir etməyə başlayır. 
Doğrudan da, ölkənin güc  strukturlarında baş verən müsbət kadr dəyişiklikləri insanlarda gələcəyə böyük ümid yaradır. 
Daxili İşlər Nazirliyinin millətimizin gələcəyi üçün həyata keçirdiyi tədbirlər, narkomaniya ilə mübarizə, vətəndaşların asayişinin təmin olunması, şəxsən cənab nazir  Vilayət Eyvazovun DİO-da yaratdığı nizam-intizam vətəndaşlarda dövlətə inam yaradır. 
Eyni zamanda cənab Əli Nağıyevin rəhbərliyi altında Dövlət Təhlükəsizlik Xidmətinin  həyata keçirdiyi anti-terror əməliyyatları cəmiyyətimizdə yüksək fərəhlə qarşılanır. 
Obyektivlik naminə qeyd etməliyik ki, hörmətli Kamran Əliyev  Baş prokuror təyin olunandan sonra prokurorluq orqanlarında ciddi islahatlar həyata keçirilir. 
Müdafiə nazirliyinin  44 günlük Vətən müharibəsində qazandığı uğurları  isə bütün dünya gördü. 
İqtisadi sahədə isə, cənab nazir Mikayıl Cabbarov başda olmaqla İqtisadiyyat Nazirliyinin apardığı islahatlar, sahibkarlar, iş adamları üçün yaradılan münbit şərait, büdcə gəlirlərinin artırılması, qeyri-neft sektorunun inkişafı ölkəmizin gələcəyinin rəhnidir.  
Unutmayaq ki, yuxarıda adını sadaladığımız  qurumlar Azərbaycan dövlətinin onurğa sütunlarıdır. Və cənab Prezidentin formalaşdırdığı yeni komandanın nüvəsidir. 
Və yeni siyasi komanda Müzəffər Ali Baş Komandanın, cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Ən əsası ölkəmizdə Prezident və XALQ BİRLİYİ var.    
Müdrik atalarımız demişkən, BİRLİK OLAN YERDƏ DİRİLİK OLAR.
Gundelik-baku.comскачать dle 12.1