Qaradağ rayonu ərazisindəki daş karxanaları sözün həqiqi mənasında ölüm mənbəyinə çevrilib. 
Dəfələrlə mətbuatdan  oxuyuruq ki, Qaradağda daş karxanasında fəhlə öldü...fəhlənin başına daş düşdü...fəhlə diri-diri yandı...
Heç orta əsrlərdə də  işçilərə qarşı belə münasibət olmayıb. 
Mediada yayılan məlumatlardan bəlli olur ki, rayonun icra başçısı Süleyman Mikayılov  hər daş karxanasına  yüksək miqdarda aylıq qoyub. Hansı karxana sahibi icra başçısının “aylığını” vaxtında çatdırmırsa, işığı söndürülür, texnikası əlindən alınır. Təsəvvür edirsiniz, karxananın işığı xəbərsiz söndürülür və qəfil yananda hansısa fəhlənin əli, qolu yox olur. 
Ümumiyyətlə, daş karxanaları  çox ciddi problemə çevrilib. 
Birincisi,  daş karxanaları rayon ərazisindəki bütün “ağa”lara haqq verdiyindən  bütün ağırlıq yazıq fəhlələrin üzərinə düşür. 
Ancaq ən böyük problem bu deyil. Ən dəhşətlisi odur ki, bu daş karxanalarının sahibləri ölkəmizi ciddi təhlükə altına qoyurlar. 
Karxanaların cəmləşdiyi ərazilərdən biri də rayonun Sahil qəsəbəsidir. Qəsəsbənin icra nümayəndəsi Əli Surxay oğlu  Əliyevdir.  
Bu adamın özünün  20-dək karyeri, 100-dən artıq  obyekti fəaliyyət göstərir. 
Qəsəbədə  karyer monopolisti kimi tanınan Şikar adlı şəxs ərazidəki  karxanalara qaydaları diqtə edir. Kimsə qaydalardan kənara çıxa bilməz. 
Rayon ərazisində yığılan aylıqları  başçının müavini Nadir Muradov və İmran adlı şəxs  toplayır. Əslində bu iki şəxs  icra başçısı Süleyman Mikayılovun rayondakı “qara kassir”idir. 
İmran bütün qara işlərin görülməsində birbaşa tapşırığı  icra başçısının müavini Nadir Muradovdan alır.
Yuxarıda qeyd etdiyimiz “karyer monopolisti”  Şikarı isə bütün dairələrdə İmran müdafiə edir. 
Yəni  Nadir-İmran- Şikar  üçlüyü  rayondakı bütün daş karxanalarını öz əllərində cəmləşdiriblər. 
Əgər belə demək mümkündürsə, bu “üçlük”  karyer sahiblərini istismar edir, karyer sahibləri isə bu istismarın əvəzini təbiətdən çıxırlar. 
Məlumdur ki, daş karxanaları  yerin təki, alt qatları ilə işləyirlər. Bu karxanalar yerin qatını dəhşətli dərəcədə zədələyirlər. Bu isə paytaxt Bakı üçün  real təhlükə yaradır. 
Çünki karxanalar kubik çıxarmaq üçün  mütləq üst qatdakı suxurları dağıtmalıdırlar ki, kubik qatına çatsınlar. 
Hansı ki, bu  çox vacib olan suxurlar  yerin qabarma və çəkilməsini tarazlaşdırırlar. Bunların sıradan çıxarılması ciddi zəlzələ təhlükəsi yaradır. Mütəxəssislər bunun nə olduğunu gözəl bilirlər. 
Təsəvvür edirsiniz, əgər daş karxanasına yalnız 2 qat kəsilməsinə rəsmi icazə verilibsə, karyer sahibləri 5 qatı kəsirlər. Bu isə ciddi ekoloji problemlər yaradır.
Bütün bu problemlərin olduğu Sahil qəsəbəsinin icra nümayəndəsi Əli Əliyev isə qəsəbədəki bütün qanunsuz tikililərin “pullarını” yığmaqla məşğuldur. 
Sözün qısası, Qaradağdakı daş karxanaları rayon sakinlərinə yay-qış  zəhərli toz uddurur. 
Bəs görəsən, rayon rəhbərliyi, konkret desək, icra başçısı Süleyman Mikayılov nə düşünür ?
Şəhidinə hörmət qoymayan icra başçısından nəsə gözləməyə dəyərmi ? 
P.S. Növbəti yazıda Qaradağda baş verən bütün özbaşınalıqlar haqqında yazı dərc edəcəyik. Bizi izləyin. /Gundelik-baku.com/скачать dle 12.1