Ülvi Quliyev barəsindəki tənqidlərdən nəticə çıxarıb işində DÖNÜŞ yarada bilmədi...
Amma “Dönüş-1” tikinti şirkətini yaradıb sakinlərin evini başına uçurdur...
Haqqını yediyin sakinlər mandatının alınmasını gözləyir, Ülvi Quliyev...
Deputat Ülvi Quliyev və onun kimi deputatlar barəsində təkrar-təkrar yazmağımızın səbəbi şəxsi münasibət-filan, yaxud kimisə ifşa etmək-zad deyil.
Yeganə məqsədimiz vətəndaşların dövlətə olan inamını qorumaqdır.
Ulu Öndər əbəs yerə demirdi ki, dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə.
Bəli, cənab Ülvi Quliyev və onun bəzi həmkarları deputat toxunulmazlığı deyəndə elə başa düşürlər ki, deputat nə istəsə edə bilər, qanunları poza bilər, vətəndaşın evini başına uçurda bilər. Bütün bunlara baxmayaraq deputata toxunmaq olmaz.
Cənablar ! Bu çürük fəlsəfədən və ziyanlı düşüncədən əl çəkin.
Son bir neçə ildə Milli Məclisin üzvlərinin həbs olunduğunu, haqlı cəza aldıqlarının şahidi olmuşuq.
Bizim heç kimə, o cümlədən deputat Ülvi Quliyevə cəza arzulamaq niyyətimiz yoxdur.
Amma deputat Ülvi Quliyev də bilməlidir ki, cəzasılıq mühiti dövləti sarsıdır. Yəqin ki, bunu Ülvi Quliyev də istəməz.
İkinci vacib bir məsələ odur ki, bütün sivil cəmiyyətlər qəbul edir ki, tənqid olmasa, inkişaf, tərəqqi də olmaz. Əlbəttə, söhbət sağlam və qərəzsiz tənqiddən gedir.
Amma çox təəssüf ki, deputat Ülvi Quliyev və onun bəzi həmkarları tənqiddən nəticə çıxartmır. Və “Babam mənə kor deyib, gəlib-gedəni, vur deyib” prinsipi ilə fəaliyyət göstərirlər.
Cənab deputat !
Biz düşünürdük ki, mətbuatın sizin barənizdə yazdıqlarından bir nəticə çıxarıb, işinizdə DÖNÜŞ edəcəksiniz. Çox təəssüf ki, biz bunun şahidi olmadıq.
Əksinə siz “Dönüş-1” tikinti şirkətiniz vasitəsilə vətəndaşların mülkiyyət hüququnu pozursunuz, insanları təhdid edirsiniz.
Cənab Ülvi Quliyev, illər uzunu dərman satmaqla milyonlar qazanmısan, özünün və oğlun Orxan Quluzadənin biznesinin sorağı uzaq Londondan gəlir, bahalı avtomobil kolleksiyalarınız və s.
Olsun. Bizim kiminsə sərvətini, mülkünü və pullarını saymaq niyyətimiz yoxdur.
Baxmayaraq ki, o pullar halal yolla qazanılmayıb.
Sizə məxsus apteklər şəbəkəsində baş verən qanunsuzluqlardan, maxinasiyalardan, xoşagəlməz məqamlardan, hətta millətimizin sağlamlığına ciddi ziyan vuran hallardan hamının xəbəri var. Amma bunları eşələyib özümüzün və sizin kefinizə soğan doğramaq istəmirik.
Amma siz də bilməlisiniz ki, bütün bunların bir sonu olmalıdır.
Hətta ölkə başçısı da deyir ki, xalqdan, qanunlardan qorxmursunuzsa, barı Allahdan qorxun.
Bəli, cənab deputat, siz və bəzi həmkarlarınız Allahın səbrini daşırırsınız.
Siz imkansız insanlardan nə istəyirsiniz ?
Tikinti biznesi ilə məşğul olmaq istəyirsən, buyur, məşğul ol, xeyirli olsun. Amma birincisi, unutmamalısan ki, dövlətimizin qanunları deputatın biznes fəaliyyəti ilə məşğul olmasını qadağan edir. Bu qanunları saymırsınız. Bunu da harasa yazdıq.
Bəs vətəndaşın evini başına uçurmağı hara yazaq ?
“Dönüş-1” tikinti şirkətini yaxın qohumun İlkin Quliyevin adına qeydiyyatdan keçirmisən. Bu şirkətlə bağlı şikayətlər bitib-tükənmək bilmir.
Bəli, dəfələrlə yazmışıq ki, cənab deputatın tikinti şirkəti Səbail rayonu, Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi, ev 42, mənzil 19 və 16-da yaşayan sakinlərin həyatını fəlakətə döndərib.
Bir daha xatırladırıq ki, tikinti biznesi ən rentabelli sahədir, bura 1 qoyub 10 götürüsünüz. Yenə bir söz demirik. Barı kasıb insanların haqqına girməyin.
Həmin evlər sakinlərin sonuncu ümid yeridir. Onu da başlarına uçurdursunuz, Ülvi müəllim.
Heç kimə sirr deyil ki, bu gün Bakıda biznesmenlər bahalı ərazilərdəki mənzil sahibləri ilə “bazarlıq” edir və onları köçürdərək bahalı göydələnlər tikirlər. Amma bu köçürmə də halallıqla olmalıdır, sakinlər razı salınmalıdır.
Razılıq nədir ? Ev sahibləırinə real bazar qiymətinə uyğun məbləğ verin ki, onlar da özlərinə normal həyat qura bilsinlər.
Cənab Ülvi Quliyev ! Biz Bakıdakı tikinti bumunu ciddi araşdırmışıq. Və bilirik ki, tikinti maqnatları sakinləri razı sala bilməyəndə, hədə-qorxuya əl atırlar, təzyiq edirlər, kiminsə hasarını uçurdurlar, kiminsə qazını, işığını kəsirlər, hətta məhkəmə yolu ilə sakinləri halal mənzillərindən çıxartmağa çalışırlar.
Bu məsələdə həmin ərazinin icra başçıları da sizin kimi deputat-biznesmenlərə dəstək olur. Hətta Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də yəqin ki, döşünüzdəki deputat nişanından çəkinir.
Hətta digər çirkin məqsədlər də bizə bəllidir. Amma...
Əmması odur ki, bəs insanlıq məsələsi, bəs qəlbinizdəki Allah xofu hara getdi ?
Niyə həmin ərazidə evi olan və PA-da çalışan Ramiz Muxtarovun evinin pulunu artıqlaması ilə verirsən, amma Nəsir Məmmədli kimi kasıb sakinlərin haqqını yeyirsən.
Hətta idmançı dostlarını kasıb, imkansız sakinlərin üzərinə göndərirsən ?
Cənab deputat, şəhid ailəsinə bayramda 2 kilo ət göndərib özünü reklam edirdin. Başa düşmürsən ki, vətənpərvərlik 2 kilo ətlə, sosiska ilə ölçülmür.
Yaxşı oğlun Orxan Quluzadə Qarabağda yaşıdları kimi vuruşmadı. Başa düşürük, hamıdan qəhrəmanlıq gözləmək olmaz. Bəs, onda oğlun Orxan niyə tikinti ərazisindəki sakinlərə güc göstərir ?
Bütün bu baş verən biabırçılıqlara Səbailin icra başçısı Vüqar Zeynalov da səssizcə tamaşa edir.
Tikintiyə Nəzarət Agentliyi də tikinti ərazisinə dəfələrlə baxış keçirsə də kobud qanun pozuntularının qarşısını almaqda acizdir.
Hətta Ülvi Quliyev rəsmi sənəddə 12 mərtəbə göstərilsə də binanın 13-cü mərtəbəsini də tikmək istəyir.
Digər daxil olan məlumatdan bəlli olur ki, sakinlərin etirazından ehtiyyat edən cənab Ülvi Quliyev tikinti işlərini gecələr, hamı yatandan sonra aparır, lap ged ay batandan sonra gəl....
Cənab Ülvi Quliyev ! Atalar deyib ki, gecənin xeyrindən gündüzün şəri yaxşıdır.
Gəl, daşı ətəyindən tök, döşündəki nişana hörmət qoy, işində DÖNÜŞ yarat və insanların haqlarını pozma.
Çünki haqqını pozduqların sənin mandatının alınmasını, hətta həbsini gözləyirlər. Gör, insanları hansı həddə çatdırmısan..?
Amma unutma ki, biz səninləyik. İşində DÖNÜŞ yaradana qədər...
Şərikiniz, Uni Klinikasının direktoru Əli Həsənovla bağlı növbəti yazıda bəhs edəcəyik. /Gundelik-baku.com/