Şəhərciyi təmin edən SU DEPOSU-nun üzərində supermarket  tikilib..

Cənablar, on minlərlə  insanın talehi ilə oynamayın...

Uzun illər  qəzalı  binalarda yaşayan məcburi köçkünlərin  normal yaşayışını təmin etmək üçün Azərbaycan dövləti milyonlarla  dövlət vəsaiti sərf edərək  mənzillər, şəhərciklər tikərək öz vətəndaşlarının  qayğısına qalıb. Yəni  qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması  hər zaman dövlətimizin, cənab Prezident  İlham Əliyevin, Birinci Vitse-Prezident  Mehriban xanım Əliyevanın diqqət mərkəzində olub. 
Amma çox təəssüf ki, bəzi yerində olmayan məmurlar belə möhtəşəm işlərə kölgə salırlar. 
Məlumdur ki, məcburi köçkünlərin, əsasən Zəngilandan olan köçkünlərin yaşayışı  üçün Dövlət Proqramı çərçivəsində Abşeron rayonunun Mehdiabad qəsəbəsində şəhərcik inşa edilib. Burada minlərlə köçkün ailəsi geniş və rahat mənzillərlə təmin ediliblər. 
Hətta şəhərciyin ərazisində köçkün ailələrdən olan uşaqlar üçün məktəb və uşaq bağçaları da fəaliyyət göstərir. Bu məktəblərdə  minlərlə şagird təhsil alır, müəllim kontingenti  çalışır. 
Şəhərçikdəki  binalarda yaşayan sakinlərin  suya olan ehtiyacını ödəmək üçün ərazidə  böyük ölçüdə ( təxminən 200 x 15 ) Su deposu tikilib istifadəyə verilib. Yəni sakinlərin gündəlik  su tələbatı bu depo vasitəsilə təmin edilir. 
Məlumdur ki, ata-babalarımız, müdriklərimiz suyu həyat mənbəyi adlandırıb, su aydınlıqdır deyiblər. 
Təəssüf ki, Abşeron rayonunun Mehdiabad qəsəbəsində köçkünlər üçün inşa edilən böyüktonnajlı  Su deposu aydınlıq deyil, böyük təhlükə mənbəyidir. 
Niyə və nə üçün ?
Bir daha qeyd edək ki, şəhərciyin ərazisində  irilixırdalı ticarət obyektləri, iaşə  obyektləri fəaliyyət göstərir. Bunlardan biri də şəhərciyin girişində inşa edilmiş "REAL" supermatketidir. 
Şəhərciyin sakinləri ən çox alış-verişlərini bu market vasitəsilə edirlər. Amma...
Əmması odur ki, bu boyda supermarket  Su deposunun üstündə tikilib və fəaliyyət göstərir. 
Bunu hansı ağılın sahibi, hansı vəzifəli, hansı məmur düşünüb edib deyə bilmərik. 
Bu tikintiyə kimlər icazə verib, kimlər göz yumub onu da bilmirik. 
Ancaq azacıq ağlı başında olan adam görür ki, Su deposunun üstündə tikilən  supermarket  burada yaşayan sakinlər üçün  ciddi təhlükə mənbəyidir. Bu yüksək həcmli su deposunda qəza baş verərsə, kütləvi ölüm halları ola bilər. Ərazidə minlərlə şagird, bağça uşaqları təhsil alır. İraq olsun qəza nəticəsində baş verəcək ölüm hallarını təsəvvür etmək olmur. Əgər bu deponun qabağı açılarsa, nələr baş verəcək ? 
Əgər kütləvi ölüm halları baş verərsə, bunun məsuliyyətini kimlər daşıyacaq ? 
Lap tutaq ki, kimlərsə məsuliyyətə cəlb olundu. Bununla nəsə dəyişəcəkmi ?  
Və mütləq qəza baş verməlidir ki, nəticə çıxardaq ? 
Görəsən şəhərciyin yerləşdiyi Abşeron rayon icra hakimiyyətinin baş bilənləri, memarları, tikintiyə məsul şəxslər bunu görmür ? 
Bəs on minlərlə məcburi köçkünün, uşaqların yaşadığı bu ərazidə  “gecpartlayan bomba”nı kim tikib istifadəyə verib ?
Biz  marketin-filanın tikilməsinin əleyhinə deyilik. Məgər o boyda şəhərcikdə başqa ərazi  tapa bilmirdilər ki, marketi su deposunun üzərində tikiblər ? 
Bu ərazidə Qaçqınkomun MİS rəisləri də var, yəqin ki, onlar da məlumatlıdır. 
Bizim Gündəlik-bakı olaraq kimisə ittiham etmək fikrimiz və niyyətimiz yoxdur. 
Biz həyəcan təbili çalaraq əlaqədar qurumları, Şəhərin Arxitekturasına nəzarət edən orqanları, Tikintidə Təhlükəsizliyə  nəzarət etməli olan təşkilatları, Bakı ŞİH-ni bu məsələ ilə təcili və ciddi məşğul olmağa haraylayırıq.
Qoy Baş prokurorluq, hüquq-mühafizə orqanları araşdırsın, görək buna kimlər icazə verib ? 
Cənablar, on minlərlə insanın talehi ilə oynamayın. /GUNDELİK-BAKU.COM/скачать dle 12.1