“Sabah”  futbol klubunun, “Bridge Plaza” biznes mərkəzinin  sahibi  Yaqub  Hüseynovun qardaşı  Raufun da adı cinayət işində keçir..

Rusiyada təqaüdçü kişilərlə, yaxud  təqaüdçü  qadınlarla ( “babusya” )  evlənib onların əmlakını ələ keçirən cinayətkar dəstələr barədə çox oxumuşuq. 
Yəni cinayətkar dəstə yaşlı insanların  etibarını, etimadını qazanaraq, sonradan cinayət  edib, onların evlərini, torpaq  sahələrini ələ keçirib satırlar. 
Görək Azərbaycanda buna bənzər hansı əməllər baş verir ?  
Azərbaycandakı cinayətkarlar  Rusiyadakı “həmkarları”  kimi özlərinə əziyyət verib  yaşlıların etimadını, etibarını qazanmaq barədə düşünmür, elə  birbaşa  cinayət əməlinə əl atırlar. Və ən dəhşətlisi  odur ki, bu cinayət  əməllərində icra hakimiyyətinin, əmlak komitəsinin və digər dövlət qurumlarının nümayəndələri  birgə iştirak edirlər. 
Bunun bariz nümunəsini  məşhur sənətkar Zeynəb Xanlarovanın bacısı oğlu, Türkan sakini  Daşqın Nəsirovun cinayət əməllərində görmək olar. 
Belə ki,  Daşqın Nəsirov  Xəzər aryonu, Türkan qəsəbəsində yaşayan 91 yaşlı Xumara Şabanova və 81 yaşlı Əzizəxanım Atayevanın torpaqlarını saxta sənədlərlə satıb.
Ən dəhşətlisi odur ki, Daşqın Nəsirov  dövlət məmurları ilə əlbir olaraq qadınlara sağ ola-ola ölüm kağızı çıxardıb. 
Bu cinayət əməlində Daşqın Nəsirova Xəzər rayon icra başçısının Türkan qəsəbəsi üzrə sabiq icra nümayəndəsi Rahil Babayev, bələdiyyənin sabiq sədri Mehman Ağayevin, eləcə də ləğv edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin sabiq rəisi Zəfər Abdulov, sabiq rəis müavini Eldar Mirzəyev dəstək olublar.
İndi gördünüzmü, bizdəki cinayətkar dəstə daha dəhşətlidir. 
Hətta  mediada yayılan məlumata görə, “torpaq mafiyası”nın cinayət işində Xəzər RİH başçısının sabiq 1-ci müavini  Vaqif Həsənovun da adı keçir. 
Onu da qeyd edək ki, Vaqif  Həsənov hazırda Ağdam rayonunun icra başçısıdır. 
Sözün qısası,  bu cinayətkar dəstə ilə bağlı  Xəzər rayon prokurorluğu tərəfindən başlanmış cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilmiş, bir neçə dəfə  Daşqın Nəsirov guya səhhəti ilə bağlı azadlığa buraxılmış, sonra yenidən həbs edilmişdir. 
Bəs görəsən, Daşqın Nəsirov  və onun cinayətkar dəstəsi  ələ keçirdikləri torpaq sahələrini kim(lər)ə  çox baha qiymətə satıblar ? 
Mətbuatda  yayılan məlumatlardan bəlli olur ki, qanunsuz yolla ələ keçirilən torpaq sahələrini məşhur iş adamı “Bridge Group of Companies” şirkətlər qrupunun, “Bridge Plaza” biznes mərkəzinin (Azservice) və “Global Interiors Group” şirkətinin təsisçisi Yaqub Hüseynov  alıb. 
Görək,  yaşlı  qadınların  torpaq sahələrini  baha qiymətə  alan  Yaqub Hüseynov  kimdir ? 
Yaqub  Hüseynov  2017-ci ildə yaradılan “Sabah” futbol klubunun təsisçisi və bir neçə şirkətin sahibidir. 
Onu da qeyd edək ki,  Azərbaycan Premyer Liqasında oynayan  “Sabah” futbol klubunu  Yaqub  Hüseynov və müəyyən qədər AFFA maliyyələşdirir. 
Ümumiyyətlə, Türkandakı torpaqların  qanunsuz ələ keçirilməsində  bir neçə tanınmış iş adamının adı hallanır. Onlardan biri də məhz Yaqub Hüseynovdur. 
Şərti adı “torpaq mafiyası” olan məsələdə iş adamları Bibiqulu və Bahadır Qasımov qardaşlarının da adı keçir. 
Əlbəttə, biznesmen Yaqub Hüseynovun və digərlərinin məqsədi  Xəzərin sahilində  restoran və istirahət mərkəzi otellər  inşa etməkdir. 
Ancaq bunu iki yaşlı qadının cinayət yolu ilə torpaqlarını ələ keçirməklə etmək yolverilməzdir. 
Görəsən, bu adi həqiqəti cənab Yaqub Hüseynov bilmir ? 
Axı, bu torpaqların əsl sahibləri var. 
Həmin torpaqları zəbt olunmuş yaşlı qadınlar Baş prokurorluğun binası önüdə oturaq aksiya keçirərkən əllərində belə bir şüar var idi: Torpağımızı qaytar, Yaqub Hüseynov . 
Məlumat üçün onu da qeyd edək ki, Türkandakı qanunsuz torpaq məsələsində təkcə  “Bridge Plaza”nın  sahibi  Yaqub Hüseynovun  deyil, onun qardaşı Rauf Hüseynovun da adı  keçir. 
Yəqin ki, ədalət məhkəməsi gec-tez yaşlı qadınların torpaq sahələrini satan və alanların layiq olduğu cəzanı verəcəkdir. /Gundelik-baku.com/скачать dle 12.1