Son günlər bir sıra kütləvi informasiya vasitələrində 2018-ci ilin dekabr ayının 27-də "Gömrük-Media" əməkdaşlığı çərçivəsində aparıcı media qurumlarının rəhbərləri ilə Dövlət Gömrük Komitsində keçirilən görüşdə komitə sədri Səfər Mehdiyevin daxili bazarın qorunması istiqamətində gömrük orqanlarının həyata keçirdiyi tədbirlərlə bağlı fikirləri yanlış şərh olunur və komitənin fəaliyyəti şübhə altına alınır.

Komitədən BAKİSESİ.COM-a verilən məlumata görə, bəzi media qurumları, sosial şəbəkə istifadəçiləri çıxışdan yanlış sitatlar gətirməklə Komitəni və onun rəhbərliyini "Baku Steel Company" şirkətinin mənafelərini müdafiə etməkdə, digər sahibkarlarla müqayisədə onlara üstünlüklər təmin etməkdə günahlandırırlar.

Halbuki, görüşdə bu istiqamətdə yönləndirilən suala cavab olaraq S.Mehdiyev, ümumilikdə, daxili bazarın qorunması ilə bağlı həyata keçirilən tədbirlərdən bəhs edib və armatur istehsalı ilə yanaşı, digər sahələrdə də görülən işlərdən danışıb.

Komitədən bildirilib ki, S.Mehdiyev konkret olaraq fikirlərini bu cür səsləndirib: "Qonşu ölkələrdə malların qiymətinin aşağı düşməsi və bu prosesin daxili bazara təsirini azaltmaq məqsədilə Komitənin riskləri idarəetmə mərkəzi prosesi izləyir və lazımi qərarlar verilir. İranda bu gün armaturun qiyməti 200 dollardır. Biz onu bəyan edirik 500 dollara, 300 dollar artırmışıq. Söhbət rüsumdan deyil, malın dəyərinin artırılmasından gedir. Daxili istehsalçılarla, bizdə bu sahədə ən böyük istehsalçı "Baku Steel Company"dir, onlarla danışıqdan sonra qərara gəldik ki, nə qədər qaldırsaq, daxili istehsalçıları qoruya bilərik?!".

DGK-dan bildirilib ki, sitatdan da göründüyü kimi komitə sədri istehsalçılardan bəhs edir və bir şirkətin adını misal olaraq çəkir. Daha sonra DGK sədri daxili bazarın qorunması istiqamətində quş və quş əti, kartof istehsalçıları ilə bağlı həyata keçirilən tədbirlərdən də danışır.

"Lakin nədənsə, bəzi media qurumları bilərəkdən və ya bilməyərəkdən hazırladıqları yazı və reportajlarda mövzudan yayınaraq komitənin fəaliyyətinə kölgə düşürən yanlış şərhlərə yol verirlər", - deyə məlumatda qeyd olunub.скачать dle 12.1