Beynəlxalq Muğam Mərkəzində X Beynəlxalq Uşaq Muğam Festivalının final mərhələsi keçirilib.

BAKİSESİ.COM-un melumatına  görə, festival Mədəniyyət Nazirliyinin, Gənclər və İdman Nazirliyinin dəstəyi, “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

İlk olaraq müxtəlif ölkələrin nümayəndələrinin təbrik teleqramları videoçarxla tamaşaçılara təqdim olunub.

Daha sonra səhnəyə Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxaraq, Azərbaycanda muğam ifaçılığına göstərilən qayğıdan, muğamın inkişafından danışıb. Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizdə keçirilən Beynəlxalq Muğam festivallarının, həmçinin muğam televiziya müsabiqələrinin əhəmiyyətini vurğulayıb.

“Kainat” Gənclik Mərkəzinin direktoru, təşkilat komitəsinin sədri Rahib Rəsulzadə bu illər ərzində keçirilən Beynəlxalq Uşaq Muğam Festivalındakı iştiraklarına görə hərkəsə uğurlar arzulayıb və minnətdarlığını bildirib.

1997-ci ildən yaranan “Kainat” Gənclik Mərkəzi bu günədək Uşaq Muğam festivallarını təşkil edir.

Bu ilki festivalda 9 ölkədən gəlmiş uşaq muğam ifaçıları Bəşirli Kənan, Şahbazov Xaqani, İsmayilov Ruslan (Azərbaycan), Wafaa Emad Mahmod Hussein Abouzaid (Misir), Kakayeva Humay (Türkmənistan),Dilnaz Tashmukhamed (Qazaxıstan), Asrayeva Jasmina, Khakimov Umidjon,Nishanov Shokhrukh (Özbəkistan), Namatbekov Boogachy, Burkanov Ramil (Qırğızıstan), Sultan İpek (Türkiyə), Yaınus tahseen Mohammed (İraq), Farbakhti Artan (İran) öz ölkələrini təmsil ediblər.

İfaları Beynəlxalq münsiflər heyəti qiymətləndirib. Münsiflər heyətinin sədri Xalq artisti, tarzən, professor Ağasəlim Abdullayev idi. Festival iştirakçılarını Baba Salahov adına “Araz” xalq çalğı alətləri ansamblı müşayiət edib.

İştirakçılardan Bəşirli Kənan (Azərbaycan) Qran-priyə, Şahbazov Xaqani (Azərbaycan), Wafaa Emad Mahmod Hussein Abouzaid (Misir) birinci yerə, Farbakhti Artan (İran), İsmayilov Ruslan (Azərbaycan), Kakayeva Humay (Türkmənistan), Yaınus tahseen Mohammed (İraq) ikinci yerə,Rahimjan Sayat(Qazaxıstan), Nishanov Shokhrukh (Özbəkistan), Burkanov Ramil (Qırğızıstan), Sultan İpek (Türkiyə), Dilnaz Tashmukhamed (Qazaxıstan) üçüncu yerə layiq görülüblər.

Qaliblərə xüsusi diplom və qiymətli hədiyyələr verildi.Beş nəfər iştirakçıya həvəsləndirici mükafat təqdim olunub. Finalda iştirak edən bütün ifaçılar diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Konsert muğamsevərlər tərəfindən maraqla və alqışla qarşılanıb.

Oktyabrın 5-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində, Beynəlxalq Muğam Mərkəzi və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə “Nizaminin qəzəlləri”ndən ibarət tədbir keçiriləcək.

скачать dle 12.1