Strategiyalar və Texnologiyaların Təhlili Mərkəzinin (CAST) mütəxəssisləri Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzrə müttəfiqləri – Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanın hərbi, iqtisadi, demoqrafik və təbii potensialı ilə bağlı təhlil aparıblar. Tədqiqatın nəticələrinə görə, bu dövlətlərin Rusiya üçün dəyərini və müttəfiqlərin ona olan sədaqət səviyyələri qiymətləndirilib. Postsovet məkanında eyni vaxtda Rusiyaya çox vacib və sadiq olan  müttəfiq tapılmayıb.
CAST mütəxəssisləri Rusiyanın rəsmi beş KTMT müttəfiqinin strateji passiv olması və ya Moskvadan yalnız siyasi, diplomatik, hərbi və ən əsası, maliyyə qoparması məsələsini sorğulayıb. Keçən həftə nəşr olunan “Soyuzniki” (“Müttəfiqlər”) kitabında (elektron versiyası CAST-ın saytında var) Konstantin Makienkonun rəhbərlik etdiyi müəlliflər qrupu Rusiyanın tərəfdaşlarının yalnız hərbi deyil, həm də iqtisadi, demoqrafik, mədəni və iqtisadi baxımdan əhəmiyyətini araşdırıb. Həmçinin, coğrafi potensialı və təbii sərvətləri, eləcə də sədaqət səviyyələrini qiymətləndirməyə çalışıblar.
 
Belarus vacibdir, amma çox sadiq deyil
Kütləvi şüurda Rusiyanın əsas müttəfiqi Belarus hesab olunur. CAST ekspertləri qeyd edirlər ki, bu rəsmi baxımdan doğrudur: Minsk ittifaq dövlətində Moskvanın tərəfdaşıdır, iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlığın səviyyəsi son dərəcə yüksəkdir.
“Etnik-mədəni və dil baxımından bizə yaxın olan bu ölkənin strateji əhəmiyyətini qiymətləndirməmək qeyri-mümkündür. Əslində, Rusiya ilə NATO arasında bir tampon (və ya müttəfiq münasibətlərini qoruyarkən, qala) olan Belarusun coğrafi mövqeyi böyük əhəmiyyət kəsb edir. Coğrafi məkanın ən vacib nəticəsi Belarus ərazisindən tranzit neft və qaz boru kəmərlərinin keçməsidir”, – deyə rəyçilər xatırladır.
Bununla yanaşı, Minsklə müttəfiq münasibətlərinin səviyyəsini qiymətləndirərkən, xatırlanmalıdır ki, müəlliflərdən biri olan Anton Lavrovun qeyd etdiyi kimi, 1991-ci ildə müstəqillik qazandıqdan sonra Belarusda ilk mərhələdə olduqca açıq şəkildə anti-Rusiya mövqeyi, millətçi və qərbyönümlü fikirlər güclü idi. Rusiyaya istiqamətlənmənin səbəbləri Aleksandr Lukaşenko rejiminin təcrid olunması və Boris Yeltsinin həqiqi qabiliyyətsizlik şəraitində ittifaq dövlətinə rəhbərlik etmək ümidi idi.
“Bu amillərin hər ikisi indi öz aktuallığını itirir və ya itirməkdədir. Bu fonda Belarusun müttəfiqlik etibarlılığının çox ziddiyyətli mənzərəsi var”, – kitabda deyilir.
Bir tərəfdən, azalsa da, hərbi və hərbi-texniki əməkdaşlıq yüksək səviyyədə qalır. Belarus – rus dilinin dövlət statusuna sahib olduğu yeganə beynəlxalq səviyyədə tanınmış dövlətdir (Rusiyadan sonra, əlbəttə). Minsk BMT-də Rusiya əleyhinə qətnamələrin səsverməsində Moskva ilə tam həmrəyliyini göstərir.
Digər tərəfdən, Rusiya-Belarus əlaqələri son 15-20 il ərzində davamlı kiçik və böyük qalmaqallar şəraitində inkişaf edir və Belarus rəhbərliyinin Rusiya ilə hərbi əməkdaşlıq səviyyəsini aşağı salmaq istəyi nəzərə çarpır. Bu, həm Rusiyada təlim keçmiş zabitlərin sayının getdikcə azalması, həm də müasir silahların alternativ tədarükçülərinin axtarışı ilə ifadə olunur.
“Nəhayət, Aleksandr Lukaşenkonun real siyasətinin kritik göstəricisi onun Ukrayna ilə hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək istəyidir. Bundan əlavə, Belarus-Ukrayna hərbi-texniki əməkdaşlığı, o cümlədən ən yüksək formada – ortaq hərbi-sənaye layihələri şəklində həyata keçirilir”, – deyə araşdırmada aydınlaşdırılır.
CAST müəlliflərinin fikrincə, sonuncu vəziyyət Belarusu Rusiyanın hərbi-siyasi müttəfiqi kimi dəyərdən salır.
Ekspertlərin rəyi belədir: “Ümumiyyətlə, Belarusun yüksək əhəmiyyəti və yalnız orta səviyyəli müttəfiq sədaqəti kimi təsvir etmək olar. Eyni zamanda, bütün vəziyyətin ziqzaqlıq hissi, Aleksandr Lukaşenkonun, görünür, Belarus siyasi rəhbərliyinin ən çox Rusiyayönlü (və ya ən az anti-Rusiya) versiyası olmasıdır.
Mövcud status-kvoda hər hansı bir dəyişiklik Rusiya-Belarus münasibətlərinin Ukrayna ssenarisi istiqamətində təkamülünə qədər daha da pisləşməsinə səbəb ola bilər”.
 
Qazaxıstan da vacibdir və eyni zamanda, çox sadiq deyil
Rusiya üçün yüksək əhəmiyyət daşıyan Orta Asiya bölgəsində ən vacib oyunçu, CAST araşdırmasında qeyd olunduğu kimi, Qazaxıstandır. Bu ölkə çox əhəmiyyətli təbii sərvətlərə, ilk növbədə, karbohidrogenlərə malikdir, bu da digər məqamlarla yanaşı, ABŞ, Çin və Türkiyə də daxil olmaqla, digər dövlətlərin də marağına səbəb olur.
Qazaxıstanın Rusiya üçün əhəmiyyəti zəif təchiz olunmuş sərhəddinin böyüklüyü, məcburi de-ruslaşdırmaya baxmayaraq, hələ də qorunub saxlanan böyük rus diasporasının olması ilə müəyyən edilir.
Ekspertlərin qeyd etdiyi ki, coğrafi mövqeyinə görə, Qazaxıstan Rusiyaya qarşı yönəlmiş hərbi potensialı, məsələn zərbə təyyarələri, orta mənzilli raketlər və ya raketdən müdafiə komponentləri yerləşdirmək üçün rahat bir baza təmin edə bilər.
Rusiya və Qazaxıstan arasındakı iqtisadi əlaqələr də böyük əhəmiyyət kəsb edir. Rusiyanın Qazaxıstanla müsbət ticarət balansı var, Rusiya sənayesi üçün boksit və uran kimi müəyyən xammal növləri tədarükü baxımından çox vacibdir. Nəhayət, Qazaxıstanda Rusiya üçün əhəmiyyətli bir hərbi obyekt var – Sarı-Şağan təlim poliqonu.
“Digər tərəfdən, Rusiya ilə münasibətlərin müttəfiq statusu Qazaxıstanın müdafiə təhlükəsizliyi və hərbi tikinti sahəsindəki siyasətini təyin edən əsas sənəddə – Hərbi Doktrinada təsbit olunmayıb. Üstəlik, Qazaxıstan rəhbərliyinin bir çox əməli addımları – de-ruslaşdırmanın sürətləndirilməsi, ölkənin rus bölgələrini etnik qazaxlarla məskunlaşdırma siyasəti, ərazi qoşunlarının yaradılması, qərb (yəni Rusiya) istiqamətindəki hərbi kontingentlərin güclənməsi, Rusiyanın geosiyasi rəqibləri, ilk növbədə, ABŞ-la hərbi və hərbi-texniki əməkdaşlığın inkişafı əyani görünür. Qazaxıstan hakimiyyəti Rusiyanı milli təhlükəsizliyi üçün mümkün təhdidlərdən biri hesab edir”.
Humanitar sahədə Nur-Sultanın Moskvadan uzaqlaşdırılmasının dəlili latın əlifbasına keçid idi, məqsəd, icmal müəlliflərinin fikrincə, “Rusiya mədəniyyətinin qalıq mirasını silməkdir”.
Ekspertlər xatırladır ki, BMT Baş Assambleyasında Rusiya əleyhinə 6 qətnamədən 4-ünə Qazaxıstan səsvermədə bitərəf qalıb. Qazaxıstan siyasi sisteminin avtoritar mahiyyətini və hər hansı bir avtoritar sistemdə olduğu kimi, daxili siyasi sabitliyin yüksək risklərini və xarici siyasətdə kəskin dəyişiklik ehtimalını daşıyan əlavə bir risk faktoru hesab edirlər.
Deyilənləri nəzərə alaraq, CAST Qazaxıstanın xarakteristikasını “yüksək əhəmiyyət – orta sədaqət səviyyəsi” kimi təsvir edib.
 
Ermənistan: orta əhəmiyyətli və çox sadiq
CAST ekspertləri Ermənistanı faktorlar baxımından Rusiyanın “ən etibarlı hərbi-siyasi tərəfdaş”ı adlandırırlar. Onlar xatırladırlar: “SSRİ dağıldıqdan sonra blokada, Türkiyədən gələn təhdidlər və Dağlıq Qarabağdakı müharibənin ən çətin şəraitində respublika rəhbərliyi Rusiya ilə strateji tərəfdaşlığın lehinə seçim edib. Bu əsnada Rusiya ilə Ermənistan arasındakı münasibətlər sonrakı illər ərzində inkişaf edib”.
Kitabda deyildiyi kimi, Rusiya dövlətlərarası razılaşmalarla davamlı olaraq Ermənistan ərazisində ciddi hərbi mövcudluğunu saxlayıb. İrəvan BMT kimi beynəlxalq təşkilatlarda Moskvanın mövqeyini dəstəkləyir. O cümlədən BMT Baş Assambleyasında Krımla bağlı anti-Rusiya qətnamələri əleyhinə səs verib.
Mütəxəssislər Ermənistanın humanitar missiya çərçivəsində Suriyaya minaaxtaranlar və həkim göndərdiyini də vurğulayırlar.
“Əlbəttə, bu missiyanın mövcudluğu qismən Suriyada əhəmiyyətli erməni diasporunun olması ilə əlaqədardır, lakin digər tərəfdən, bu, Rusiyanın Suriyadakı əməliyyatına siyasi dəstək jestidir”.
Öz növbəsində, Ermənistan, KTMT və Avrasiya İqtisadi İttifaqı (Aİİ) üzvü olaraq, araşdırmada qeyd olunduğu kimi, Rusiya bazarına erməni malları və əmək qaynaqlarının sərbəst girişi, daxili rus qiymətləri ilə silah alma və güzəştli kreditlər əldə etmə şəklində əhəmiyyətli iqtisadi və hərbi üstünlüklər qazanıb.
Bununla yanaşı, ekspertlər Rusiya-Ermənistan münasibətlərini tamamilə əngəlsiz adlandırmanın mümkün olmadığını vurğulayırlar. Nəqliyyat əlaqələrində yaranan çətinliklər zaman-zaman müxtəlif iqtisadi məsələlərə, məsələn, Rusiya təbii qaz təchizatının qiymətinə təsir göstərir. “Ancaq iki ölkə arasındakı münasibətlər 2018-ci ildə baş verən iğtişaşlar nəticəsində Ermənistanda müxalif qüvvələrin hakimiyyətə gəlməsinə dözümlü qalıb. Bunu müxtəlif layihələr, habelə hərbi-texniki əməkdaşlığın davam etdirilməsi sübut edir. Münasibətlərin və birliyin indi daha da inkişafı, Ermənistanın yeni rəhbərliyinin gələcək addımlardan və gedişatdan asılıdır”.
Tədqiqatçılar resursları az görünən Ermənistanın əhəmiyyətini az qiymətləndirməməyə çağırır.
Bu tərəfdaşın əhəmiyyəti ən sabit amil – coğrafi məkanla müəyyən edilir. Rusiya üçün Ermənistan Cənubi Qafqaz bölgəsində, faktiki olaraq digər iki respublikaya da ciddi təsir göstərən forposta çevrilib”.
CAST-ın düsturuna görə, Ermənistanın müttəfiq potensialı “orta əhəmiyyət – yüksək sədaqət” kimi qiymətləndirilir.
 
Qırğızıstan çox vacib deyil, amma çox sadiqdir; Tacikistan nə vacib, nə də sadiqdir
Rusiya-Qırğızıstan münasibətlərinin gələcəyinə gəlincə, CAST mütəxəssislərinə görə, “əgər təmin edilmirsə, onda iqtisadi və humanitar (Rusiyadakı nəhəng qırğız diasporası və Qırğızıstanda rus diasporu nəzərə alınmaqla) gücləndirmək üçün hər cür şansı var”.
Amerikanın Manas bazasından çıxarılmasından sonra Qərb də ölkəyə olan marağını itirib, lakin araşdırmada deyildiyi kimi, “şübhəsiz, o, Rusiya və Çin təsirinin artmasına mane olacaq”.
Rusiya Qırğızıstanın bütün hərbi quruluşunun əsas donoru olmaqda davam edəcək və “islamçı” yaraqlıların aksiyaları halında, ilk xilas olunacaq müttəfiqdir”, – deyə ekspertlər əmindirlər.
Xatırladaq ki, Tacikistan keçmiş SSRİ-nin  və dünyanın ən kasıb ölkələrindən biridir. “İqtisadi irəliləyiş üçün perspektivlər görünmür və ehtimal ki, geriləmə onilliklər boyu davam edəcək”.
Tədqiqatçıların fikrincə, strateji baxımdan Tacikistanın iqtisadi inkişafı Çinin “Bir qurşaq – Bir yol” planının uğurundan asılı olacaq. Eyni zamanda, bu təşəbbüsün 2013-cü ildə elan olunmasından bu günə qədər həmin sahədə heç bir təsirli uğur əldə edilməyib.
Təhlükəsizlik sahəsində Tacikistan, araşdırma müəlliflərinin xatırlatdığı kimi, ciddi daxili və xarici təhdidlərə malikdir. Daxili qeyri-sabitliyin səbəbləri – hakim elitanın və “millətin lideri” Emoməli Rəhmonun ailəsinin bütün qaynaqları əlində cəmləşməsi fonunda ölkənin hədsiz yoxsulluğu, habelə işsiz gənclərin ifrat çoxluğu – radikal islamçılığı gücləndirir. Xarici təhlükəsizlik sahəsində əsas amili – Əfqanıstanın gələcəyini proqnozlaşdırmaq çətindir.
Əksər ekspertlər hesab edir ki, ABŞ, həqiqətən, Əfqanıstandan çıxsa, orada “Taliban”ın qələbəsi qaçılmazdır və bu, Tacikistanda, bütövlükdə, bölgədə Rusiyanın hərbi güclənməsini tələb edəcək.
“İslamçılar və narkotik ticarətinə görə, Tacikistan və Qırğızıstan da Rusiyanı maraqlandırmalıdır”, – deyə CAST-ın kitabında deyilir.
Ümumən, müəlliflərin qeyd etdiyi kimi, bu Orta Asiya respublikalarının hər ikisi “olduqca ehtiyatlı və daxili dərəcədə qeyri-sabitdir”. Daxili siyasi dinamikada həlledici rolu klan-müştəri və ərazi ziddiyyətləri oynayır. Tacikistanda, xüsusilə də “Taliban” qonşu Əfqanıstanda hakimiyyətə gəlsə, radikal islamçıların fəallaşması üçün yüksək risklər qalmaqdadır.
Təhlükəsizlik və müdafiə baxımından Rusiyadan tamamilə asılı olmasına baxmayaraq, Düşənbə çox vaxt anti-Rusiya şifahi hücumlarına və mediada rusofobik təzahürlərə imkan verir.
Bütün bu amilləri nəzərə alaraq, CAST mütəxəssisləri Qırğızıstana “aşağı əhəmiyyət – yüksək sədaqət”, Tacikistana isə “aşağı əhəmiyyət – aşağı sədaqət” kimi  qiymətləndirmə veriblər.
Tərcümə: Strateq.azскачать dle 12.1