“Bildiyiniz kimi artıq 27 aprel tarixindən karantin rejiminin ilk yumşaldılma prosesinə başlanılıb və bu proseslər daxilində əlbəttə ki, statistikalar gözdən keçiriləcək, araşdırmalar aparılacaqdır. Bu araşdırmaların nəticəsindən asılı olaraq vəziyyətə uyğun karantin rejiminin növbəti yumşalma prosesləri ilə bağlı qərarlar veriləcəkdir”.
Bunu “Ölkə.Az”a açıqlamasında  deputat  Şahin Seyidzadə deyib.
Onun sözlərinə görə, son günlərdə biz statistik rəqəmlərin optimist olduğunu görə bilərik. “Yəni ölkəmizdə ilk günlərdən cənab Prezident İlham Əliyevin göstərişi ilə atılan addımlar, görülən tədbirlər nəticəsində koronavirusun yayılmasının qarşının alınması mübarizədə ilkin müsbət nəticələr əldə etdik. İzolyasiya tədbirləri, sərhədlərin təhlükəsizliyin təmini üçün bağlanılması, xaricdə olan vətəndaşlarımızın ölkəyə gətirilməsi, maska və dezinfeksiya maddələrinin hazırlanması üçün fəaliyyət göstərən zavodların fəaliyyətə başlaması və s. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hər gün dəqiq məlumatların, göstərişlərin verilməsi, müvafiq olaraq bütün nazirliklərin öz növbəsində sahəsi olan işlərdə xalqın yanında olması bizim birliyimizin və bu birlik nəticəsində güclü olmağımızın nümunəsidir”- Ş.Seyidzadə qeyd edib.
Millət vəkili bildirib ki, hal-hazırda hər kəsi maraqlandıran bir sual var: “Bu da ondan ibarətdir ki, mayın 4-də karantin rejimi tamamilə bitəcəkmi? Çünki qeyd etdiyiniz kimi yas mərasimləri, bərbərxana və gözəllik salonlarının fəaliyyəti, rayonlara gediş-gəlişin bərpası, elm və təhsil ocaqlarının, ticarət mərkəzlərinin nə zaman fəaliyyət başlaması ilə bağlı vətəndaşlar tərəfindən ünvanlanan suallar mövcuddur. Tam səmimi olaraq qeyd etmək lazımdır ki, bu barədə bizim, bu gün konkret olaraq “bəli, may ayının 4-də karantin rejimi yekunlaşacaq” deməyimiz doğru olmaz. Qeyd etdiyim kimi, dövlətimizin əlaqədar qurumları tərəfindən hər gün hər saat araşdırmalar aparılır, statistik göstəricilər ölçülür və əgər hal-hazırda nəzərdə tutulan 4 may tarixinə qədər biz koronavirusun yayılma tempinin azalmasını hətta bitməsini, sağalma statistikasının yüksəlməsini müşahidə etsək əlbəttə ki, karantin rejiminin yumşaldılması realdır”.
Bununla belə millət vəkili onu da qeyd edib ki, geridə qoyduğumuz müddətdə birlik göstərərək virusa qarşı mübarizə göstərdiyimiz kimi, post-karantin dövründə də biz birliyimizi qorumalıyıq: “Çünki istər-istəməz karantin rejimi bitdikdən müəyyən böhranlar yaşanacaqdır. Amma əsas reallıq budur ki, krizis menecmenti zamanı ölkə başçısı və dövlət qurumlarımızın mövqeyi çox möhkəm və peşəkardır.
Yekun olaraq mən hər kəsi evdə qalaraq zərurət olmadıqca sosial izolyasiya tədbirlərinə əməl etməyə səsləyirəm. Həmçinin riskləri gözə alraq, əvəzolunmaz fəaliyyət göstərərək xalqa xidmət edən bütün peşə sahiblərinə təşəkkürümü bildirmək istəyirəm”. скачать dle 12.1