Aprelin 6-da prezident İlham Əliyev tərəfindən əfv sərəncamı imzalanmasına baxmayaraq, bu məsələ gündəmdən düşmür. İndi də siyasi əfv məsələsi müzakirələrə çevrilib. Mayın 10-da mərhum prezident Heydər Əliyevin anadan olmasının 97, yaxud mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 102 illiyi ilə əlaqədar belə bir əfvin olacağı barədə çoxsaylı ehtimallar səslənməkdədir.

Koronavirusla bağlı mayın 4-dək Azərbaycanda elan olunan müddətin uzadılacağı barədə fikirlər daha çox önə çəkilir. Çünki virusa yoluxma hallarında azalma və ya çoxalma müşahidə olunur. Dəhşətli epidemiyanın 65 yaşdan yuxarı insanları daha tez tutduğu nəzərə alınaraq, aprelin 6-dakı kimi bir əfvin olacağına ümidlər çoxdur. Amnistiya Aktının icrasının aylarla davam etdiyi xüsusi vurğulanır və bu baxımdan əfvin olma ehtimallarının çoxluğu diqqətə çəkilir.

Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev məsələyə bu cür şərh verdi: “Öncəliklə onu qeyd edim ki, koronavirusa qarşı aparılan mübarizə tədbirləri tədricən yumşalmağa doğru getməlidir. Bu, ölkədə yaranan situasiyadan çox asılıdır. Virusa yoluxma ilə əlaqədar azalma və artma halları baş verməkdədir. Bütün bunlar da onu göstərir ki, xüsusi karantin rejiminin yumşaldılması ilə bağlı məsələyə çox ehtiyatla yanaşmaq lazımdır. Beynəlxalq Səhiyyə Təşkilatının bu istiqamətdə tövsiyələri var ki, ikinci dalğa ola bilər. Ona görə buna ehtiyatla yanaşılmasının vacibliyi önə çəkilir. Bu istiqamətdə yumşalmalar baş verəcək. İqtisadiyyatda geriləmələr kifayət qədər böyükdür. Bütün bunları aradan qaldırmaq üçün bir çox sahələrdə işə başlanılacaq. Hökumət bu məsələləri ciddi analiz edir. İstənilən halda xüsusi karantin rejiminin tam aradan qaldırılması hələ tezdir. Buna getmək yeni problemlərə yol aça bilər. Belə bir şəraitdə bir çox tədbirlərin görülməsi zəruridir. Ölkə başçısı tərəfindən 6 apreldə 65 yaşdan yuxarı 176 nəfər əfv olundu. Digər kriteriyalar da bu əfvdə nəzərə alındı. Yüksək risk qrupuna daxil olanlar xüsusi diqqətdə saxlanıldı. Nəzərə alaq ki, məhbusların azad edilməsi üçün digər yollar da var. Vaxtından əvvəl şərti azadetmə institutu mövcuddur. Xüsusi komissiya fəaliyyət göstərir. Bu komissiya video konfranslar şəklində məsələni araşdırır, müvafiq rəylər verir. Belə rəylərin də 99%-i demək olar ki, məhkəmələr tərəfindən təmin olunur. Bu proseslər pandemiya başlayandan daha da sürətlənib. Bununla bağlı sürətli qərarlar qəbul olunur. Bildiyim qədəri ilə 400-ə yaxın şəxsin azad edilməsi prosesi baş verib. 176 nəfərin azad edilməsini də nəzərə alsaq, xeyli sayda şəxsin azadlığa çıxdığı açıq görünür. Başqa bir proses də gedəcək. Belə ki, Cinayət Məcəlləsinin 200 maddəsində dəyişikliklər hazırlanıb. Artıq bunlar yaxın günlərdə Milli Məclisdə üçüncü oxunuşa təqdim olunacaq. Səhv etmirəmsə, 18 maddə Cinayət Məcəlləsindən tamam çıxarılacaq. Alternativ cəzalar bir çox maddələr üzrə müəyyən edilib. Ölkə başçısının Məhkəmə-Hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı 2019-cu ilin fevralında fərmanı var. Bu fərmanın da keçən müddət ərzində mühüm nəticələr verdiyinin şahidi olduq. Bütün bunlarla yanaşı amnistiyanın olması barədə də fikirlər dolaşır. Vətəndaş cəmiyyəti, hüquq müdafiə təşkilatları, elə bizlər tərəfindən də belə fikirlər səslənir ki, bu cür akt qəbul oluna bilər. Sonuncu Amnistiya Aktı hörmətlı, Milli Məclisin o zamankı deputatı, birinci xanım Mehriban xanım tərəfindən irəli sürülmüşdü. Bu akt 9 mindən çox şəxsə şamil edilmişdi. İndi bir müddət keçib və amnistiya gözlənilən bir məsələdir. Hazırda Azərbaycanda cəza siyasətinin humanistləşdirilməsi istiqamətində çox ciddi addımlar atılır. Əfv sərəncamı ilə bağlı məsələyə gəlincə, bu ola bilərmi? Əlbəttə, istisna etmirəm ki, bu ola bilər. Sonuncu əfv xüsusi bir sərəncam idi. Bunu zəruri edən hər şeydən əvvəl dünyada yaranmış bir problem idi. Hər il ölkə başçısı tərəfindən ümumi bir əfv sərəncamı verilir. Burada da yaş məhdudiyyəti qoyulmur. Ötən ilin martında ölkə başçısı tərəfindən belə bir əfv sərəncamı imzalandı. 131 məhbus azad edilmişdi. İstisna etmirəm ki, bu il də ola bilər. Hazırda məhkumlar tərəfindən Əfv Komissiyasına, komissiyanın katibliyinə, eyni zamanda Prezident Administrasiyasının Hüquq Mühafizə Orqanları ilə iş şöbəsinin Əfv Sektoruna mütəmadi olaraq, ərizələr daxil olmaqdadır. Bu proses məhkumların yaxınları, onların nümayəndələri, deputatlar, yerli və beynəlxalq QHT-lər tərəfindən də müraciətlər şəklində həyata keçirilir. Müraciətlərin də hər biri araşdırılır, müvafiq arayışlar hazırlanır. Bütün hallarda əfv sərəncamının verilməsi prezidentimizin müstəsna səlahiyyətidir, yəni prezident tərəfindən müəyyən edilir ki, əfv sərəncamı nə zaman verilsin, ya yox. Bu hüquq kiminləsə bölüşdürülmür, yaxud kiməsə verilmir. Hər zaman prezidentimizin fəaliyyətində humanizm, mərhəmət ən üst yerlərdə qərarlaşır”.

Hüquqşünas Azərbaycanda siyasi amnistiya, yaxud əfv məsələsinin heç zaman olmadığını da qeyd etdi: “İnsanlar konstitusiya, qanunlar qarşısında bərabərdirlər. Ona görə də, hər hansı bir şəxsi fərqləndirmək, ona hər hansı bir ad vermək doğru deyil. 2019-cu ildə ən müxtəlif formada adları müzakirəyə çıxarılan şəxslərdən 50-dən çoxunun adı əfv siyahısına düşmüşdü. Bu onu göstərdi ki, əfv sərəncamlarında ayrı-seçkiliyə yol verilmir. Kriteriyalara cavab verilirsə, hər kəsə eyni yanaşma sərgilənir. Bu yanaşmanın da əsasını humanizm, mərhəmət, ədalət təşkil edir. Kimin adı əfv siyahısına daxil olursa, burada dövlətin, cəmiyyətin maraqları, eləcə də müraciət edən şəxsin şəxsiyyəti, səhhəti, davranışları, ailə vəziyyəti, ziyanın ödənilib-ödənilməməsi nəzərə alınır. Qərar balans qorunaraq verilir. Bu kontekstdən yanaşılaraq, cənab prezident tərəfindən əfv sərəncamları verilmişdi. Bu proses də davam edir. Ötən illərin təcrübəsi bunu göstərir. İndiyə qədər ölkə başçısı tərəfindən 2003-cü ildən bu tərəfə 37 əfv sərəncamı imzalanıb. Bu sərəncamlar nəticəsində 5 minə yaxın şəxs cəzanın qalan hissəsindən azad olunub. Bu, möhtəşəm, böyük bir rəqəmdir, humanizmin, mərhəmətin nümunəsidir”.
Musavat.com
скачать dle 12.1