Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyev Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olub.
Fondun mətbuat xidmətindən "BAKİSESİ.COM"a verilən məlumata görə, baş katib qurumun rəhbəri Günay Əfəndiyeva ilə görüşüb.
G.Əfəndiyeva B.Amreyevi yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb. O, Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Türk Şurasının VI sammitində imzalanan sənədlərin və qəbul olunan qərarların türk dünyası üçün vacib əhəmiyyət kəsb etdiyini qeyd edib.
G.Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti, məqsədləri və həyata keçirdiyi tədbirlər barədə geniş məlumat verib. O, həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevin fondun fəaliyyətinin təmin edilməsi ilə bağlı sərəncamından və bunun əsasında fond üçün Bakı şəhərinin mərkəzində ayrılan inzibati binadan, orada aparılan təmir-bərpa işlərindən söz açıb.
Bakıya səfəri çərçivəsində ilk görüşünün Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə keçirdiyini qeyd edən B.Amreyev öz növbəsində, fondun fəaliyyət istiqamətlərini yüksək qiymətləndirdiyini və bu baxımdan istər mədəniyyət, istərsə də digər sahələrdə Azərbaycanın türk dünyası üçün mühüm rol oynadığını, xalqları birləşdirən mərkəz olduğunu söyləyib.
B.Amreyev Türk Şurası ilə digər türkdilli təşkilatlar arasında effektiv koordinasiyanın təşkili və türk mədəniyyətinin inteqrasiyasının daha da inkişaf etdirilməsi istiqamətində işlərin aparılmasının əhəmiyyətini vurğulayıb. Bu baxımdan baş katib ortaq fəaliyyətin bu qədim mirasın daha geniş miqyasda tanıdılmasında böyük töhfə verəcəyinə, Türk Şurası və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu arasında uğurlu əməkdaşlığa dair inamını bildirib.
Sonda qurumlar arasında əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən birgə həyata keçiriləcək proqramlar barədə danışıqlar aparılıb.скачать dle 12.1