“Xaricdə distant formada oxuyub diplom alanların bu diplomların ölkəmizdə tanınmaması ilə bağlı hökuməti və ya Təhsil Nazirliyini məhkəməyə verməsi üçün ciddi əsaslar yaranıb”.
Yenisabah.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
O, ölkəmizdə distant təhsilin tətbiqini diqqətə çəkib:
“Artıq bir ildir ki, ölkəmizdə ali təhsil distant formadadır. Güman ki, bu, bir müddət də davam edəcək.  İmtahanlar da distant formada təşkil olunur. Beləliklə, təhsil alma forması və qiymətləndirmə distantdır. Yekunda isə bütün tələbələrə dövlət sənədi olan diplom təqdim olunacaq.
Qəribədir ki, Təhsil Nazirliyi məhz təhsil formasının distant formada olmasını əsas gətirərək xaricdə distant formada təhsil alanların sənədlərini, ümumiyyətlə, yaxın buraxmır.
Məlum Qaydalarda imtina ilə bağlı belə bir bənd var:
"Xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə".
Artıq məlum olduğu kimi, ölkəmizdə bütün ixtisaslar üzrə distant forma tətbiq olunur. Yəni xarici distant diplomun tanınmasından imtina üçün əsaslar aradan qalxıb. Amma TN bu bəndə əsaslanaraq xarici distant diplomları müzakirə predmetinə çevirmir. Bu tip təhsil alanlar  distant səbəbindən birmənalı olaraq rədd edilir. Beləliklə, ziddiyətli vəziyyət yaranır”.
Mütəxəssis qeyd edib ki, ölkədə distant formada alınan diplom dövlət tərəfindən tanındığı halda, Harvardı distant bitirən şəxsin diplomunun tanınmaması məntiqə söykənmir:
“Xarici ölkənin səlahiyyətli qurumu tərəfindən təsdiqlənən təhsil sənədinin tanınmaması düşünürəm ki, indiki halda ikili standartdan başqa bir şey deyil. Ölkəmizin təhsil sistemində yeni yaranmış situasiya hüquqi müstəvidə Təhsil Nazirliyini çıxılmaz vəziyyətə salan bir fakta çevrilib. Fikrimcə, hökumət, Təhsil Nazirliyi bununla əlaqəli qanunvericiliyin təkmilləşdirilməsinə başlamalıdır.
"Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları" yenidən işlənməlidir”.
Osman Gündüz hesab edir ki, diplomların tanınmasına təhsil formasından və şəxsin təhsil aldığı ölkədən asılı olmayaraq ümumi, vahid qaydalar əsasında yanaşmaq doğru olar:
“Distantla bağlı Təhsil Nazirliyini gözləyə biləcək daha bir məhkəmə çəkişməsi ola bilər. Bu halda iddiaçı tərəflər daha güclü ola biləcək”.скачать dle 12.1