BakiSesi.com

Ermənistanın heç bir mənəvi haqqı yoxdur - VİDEO

Tarix:28-05-2020, 11:28 | Oxunub: 738
Ermənistanın heç bir mənəvi haqqı yoxdur - VİDEO
Ermənistan hakimiyyəti 5 ildir ki, "Çıraqovlar və digərləri Ermənistana qarşı" işi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin çıxardığı qərarı yerinə yetirmir. Öz məqsədlərini həyata keçirmək məsələsi gəldikdə isə , onlar bu məhkəmə qarşısında tələblər irəli sürürlər. Bu isə onların beynəlxalq məhkəmələrin qərarlarına hörmətsiz yanaşmalarının növbəti təzahürüdür. "Çıraqovlar və digərləri Ermənistana qarşı" işində iştirak edən şəxslərdən biri olan Adışirin Çıraqov, Ermənistanı Avropa Məhkəməsinin qərarlarını yerinə yetirməyə çağırır.

Ermənistan hakimiyyəti 5 ildən artıqdır Avropa İnsan Haqları Məhkəməsinin çıxardığı qərarı icra etmir. Ancaq heç bir mənəvi haqları olmasa da, bu məhkəmə qarşısında müəyyən məqsədlərini həyata keçirmək üçün tələblər irəli sürürlər.

Bu sözləri "Xəzər Xəbər''ə müsahibəsində Laçın rayonundan olan məcburi köçkün, "Çıraqovlar və digərləri Ermənistana qarşı" işində iştirak edənlərdən biri Adışirin Çıraqov deyib. O bildirib ki, Avropa İnsan Haqları Məhkəməsinin Böyük palatası bu işlə bağlı Ermənistan dövləti qarşısında qərar qəbul edib. 2015-ci ildə qəbul edilən qərarda bildirilir ki, Ermənistan hökuməti vurduğu maddi və mənəvi ziyana görə bu işlə bağlı 6 şikayətçinin hər birinə 5 min avro və ümumi xərclərə görə 28 min 642 funt sterlinq təzminat ödəməlidir. Ancaq üzərindən 5 il keçməsinə baxmayaraq, Ermənistan hələ də bu qərarı icra etməkdən yayınır.

Adışirin Çıraqov deyir ki, Ermənistan üzərindən bu qədər vaxt keçməsinə, onlara dəymiş ziyanı ödəməməsinə və müraciət etdikləri məhkəmənin qərarlarına hörmətsiz yanaşmasına baxmayaraq, həmin məhkəmə qarşısında iddialarla çıxış edir. Bu isə Ermənistanın beynəlxalaq məhkəmələrin verdiyi qərarlara nə dərəcədə əməl etdiyini ortaya qoyur. Söhbət Avropa İnsan Hüquqları Məhkəməsinin bu ilin 26 may tarixli "Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı" qərarına münasibətdən gedir.

Qeyd edək ki, 2005-ci ilin aprel ayında Laçın rayonundan olan məcburi köçkünlər - Elxan və Adışirin Çıraqovlar, Fəxrəddin Paşayev, Akif Həsənov, Ramiz və Qaraca Cəbrayılovlar Avropa Məhkəməsinə ərizə ilə müraciət edərək, Ermənistan Respublikası tərəfindən işğal edilmiş Laçın rayonuna qayıtmaq və öz mülkiyyətindən istifadə etmək, öz evlərində yaşamaq imkanından məhrum olunmaları barədə şikayət ediblər. 2015-ci ilin iyununda Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası azərbaycanlı məcburi köçkünlərin şikayəti üzrə qərarını açıqlayıb. Qərarda qeyd olunub ki, öz əmlaklarına sahib çıxmaq hüququndan məhrum olunan məcburi köçkünlərin hüquqları pozulub.

© xezerxeber.azскачать dle 12.1