Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC məhəllə daxili yollarda və səkilərdə asfalt örtüyünün təmiri ilə bağlı elan etdiyi tenderin qalibini açıqlayıb. 
HİT.Az xəbər verir ki, qalib şirkət “Xezer-Construction” MMC-dir. Satınalma müqaviləsinin maliyyə dəyəri 2 539 163.77 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri məlumatlarında “Xezer-Construction” MMC-nin 26 fevral 2018-ci ildə qeydiyyata alındığı göstərilib. 
Şirkətin nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Mətləb Ağayev küçəsi, ev 36, mənzil 1-də yerləşən MMC-nin qanuni təmsilçisi Abışov İslam Məhəmməd oğludur.
Açıq mənbələrdə onun barəsində hər hansı məlumat yoxdur. “Xezer-Construction” MMC-yə gəlincə, "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC ötən il də şirkətlə satınalma müqaviləsi imzalayıb. Bakı şəhəri, Saraykin küçəsi 57 nömrəli ünvanda yerləşən 16 mənzilli və 10-cu park döngəsi 6 nömrəli ünvandakı 9 mənzilli qəzalı vəziyyətdə olan binaların söküntüsü işlərinin satınalınması nəzərdə tutulan müqavilənin maliyyə dəyəri 188 500 AZN olub.
Araşdırmalarımız zamanı o da məlum olub ki, "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC 2012-ci ilin 6 ayı ərzində toplam maliyyə dəyəri 3 366 552. 63 AZN təşkil edən 5 satınalma müqaviləsi imzalayıb. Müqavilələrdə əsasən təmir işləri nəzərdə tutulur.
“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC 18 fevral 2019-cu ildə yaradılıb. Nizamnamə kapitalı 10 AZN olan MMC-nin qanuni təmsilçisi Əliyev Abit Sadiq oğludur. 
MMC-nin yaradılması Eldar Əzizovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmasından sonrakı dövrə təsadüf edir. Məlumat üçün deyək ki, Eldar Əzizov bu vəzifəyə 15 noyabr 2018-ci il tarixdə təyinat alıb.
Abit Əliyevə gəlincə, o, Eldar Əzizovun kadrı hesab edilir. Onun karyera yüksəlişi 2003-cü ildən sonra başlayıb. 2003-cü ildə Eldar Əzizov Gəncənin icra başçısı təyin edilib. Həmin vaxt Abit Əliyev Samux rayon Qaz İstismar İdarəsinin müdiri işləyirdi. Eldar Əzizov onu Gəncəyə gətirərək Mənzil Kommunal Təsərrüfatı İdarəsinə müdir təyin edib. Eldar Əzizov Sumqayıtın icra başçısı olanda Abit Əliyev onun yanında olub. O, Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinin müdiri təyin edilib. Eldar Əzizov Səbailin icra başçısı təyin olunanda isə Abit Əliyev müavin vəzifəsinə yüksəlib. 
Göründüyü kimi, Eldar Əzizov Bakı meri vəzifəsinə təyinat aldıqdan sonra da Abit Əliyevi işsiz qoymayıb. “Bakı şəhər Əsalı Tikinti və Təmir” MMC-ni ona həvalə edib. 
Abit Əliyevin Eldar Əzizova yaxın olması faktı sözügedən MMC-nin keçirdiyi tenderlərin şəffaflığını şübhə altına qoyur. Media da “Bakı şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin tenderləri barədə çoxsaylı tənqidi materiallarla  zəngindir.скачать dle 12.1