"Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı birləşmələri Laçın rayonu istiqamətində yerləşən Azərbaycan ordusunun bölmələrini növbəti dəfə intensiv atəşə tutublar. Bunun nəticəsində yenidən şəhid vermişik. Bu halda bir çox suallar yaranır. İlk yaranan sual odur ki, Ermənistanın ali siyasi rəhbərliyi bir tərəfdən Azərbaycan tərəfinin irəli sürdüyü beş baza prinsipini qəbul edir, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirir, güc tətbiq etmək və güclə hədələməmək öhdəliyi götürür, digər tərəfdən isə hərbi avantüraya, təxribatlara əl atır və bununla da yenidən gərginlik yaratmış olur. Bunların hamısı Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində baş verir. Belə olan halda bu sülhməramlı qüvvələr hara baxır? Nəyə görə onlar missiyalarını yerinə yetirmirlər? Bu suallar bu gün Azərbaycan ictimaiyyətini ən çox narahat edən suallardır. Burada digər bir sual da yaranır. Ermənistan hakimiyyəti bununla nə demək istəyir? Ermənilər sülhdən danışırlar, sərhəd komissiyasının yaradılması istiqamətində addımlar atmaq, əməkdaşlığa hazır olduqlarını bildirirlər, amma reallıqdakı hərəkətlər bəyan etdikləri mövqeyə ziddir. Yəni onların sözü ilə əməli arasında 180 dərəcə fərq var".
 
Bunu açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
 
Deputat bildirib ki, Ermənistan belə hərbi təxribatlara əl atmaqla beynəlxalq ictimaiyyətə müharibənin, münaqişənin hələ də bitməməsi ilə bağlı fikirlər sırımaq istəyir: “Onlar belə etməklə hələ də həllini gözləyən məsələlərin olduğunu dünyaya göstərmək istəyirlər. Bu ilk növbədə Qarabağın statusu və ATƏT-in Minsk Qrupunun fəaliyyətini bərpa etməklə bağlıdır. Cəfəng, real əsasları olmayan mövqeni ortaya qoymaq istəyirlər. Azərbaycan Prezidenti, Ali Baş Komandanımız dəfələrlə qeyd edib ki, status məsələsi daha yoxdur, gorbagor olub. İndi Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonları var. "Dağlıq Qarabağ" adlanan bir məfhum və inzibati ərazi vahidi mövcud deyil. ATƏT-in Minsk Qrupuna gəlincə isə, həmsədrlik institunu elə həmsdrlərin özü dəfn edib. Bu gün həmin həmsədrlər - bir tərəfdən ABŞ, Fransa digər tərəfdən Rusiya bir-birinə faktiki düşmən gözü ilə baxırlar. Ukrayna meydanında onlar bir-birilə ilə real müharibə vəziyyətindədirlər. Belə olan halda, hansı ATƏT-in Minsk Qrupundan söhbət gedə bilər?”
 
Deputat qeyd edib ki, Ermənistan tərəfi daxili auditoriyaya ünvanlanmış jestlər edir: “Paşinyanı erməni ictimai fikrində satqın, dönük, xəyanətkar kimi təqdim edirlər. Xüsusilə də revanşistlər bu istiqamətdə çox ciddi təbliğat işi aparırlar. Paşinyan təxribatlara imza atmaqla özünün güzəştsiz, prinsipial siyasətçi olduğunu ortaya qoymaq istəyir. O, bununla demək istəyir ki, xəyanətkar və satqın deyil. Bu amilin Ermənistanın ali siyasi rəhbərliyini belə, hərbi avatüralara əl atmağa vadar etdiyini düşünürəm. Unutmalı deyillər ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev dəfələrlə qeyd edib ki, "dəmir yumruq" yerindədir. Ermənistan tərəfi hərbi təxribatlarından əl çəkməzsə, hadisələrin bundan sonrakı inkişafına görə məsuliyyət Ermənistanın üzərinə düşəcək. Belə təxribatçı addımlar Ermənistan üçün faciəvi nəticələrlə yekunlaşa bilər".
 
E.Nəsirov baş vermiş təxribatlara görə Rusiya sülhməramlılarının da üzərinə böyük məsuliyyətin düşdüyünü vurğulayıb: “Onlar öz missiyalarını yerinə yetirməli və 10 noyabr bəyanatının şərtlərinə əməl etməlidirlər. Rusiya sülhməramlı qüvvələrinin bir çox hallarda kənar müşahidəçi statusunda davranışı, hadisələri kənardan izləməsi cinayətkar yol seçmiş qeyri-qanuni erməni hərbi birləşmələrinin avantüralarına göz yumması, onlarda arxayınlıq sindromu formalaşdırır. Hesab edirlər ki, belə təxribatlara imza ata, Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tuta və əsgərlərimizin həlak olmasına, şəhid olmasına səbəb olub, heç bir cəza almaya bilərlər. Uzun zaman Ermənistan tərəfi bu illüziyalarla yaşayıb. 44 günlük Vətən müharibəsi isə hər şeyi yerinə qoydu və məlum oldu ki, bunların hamısı Ermənistanın uydurduğu əfsanələr, nağıllardır, sabun köpüyü kimi qısa müddətdə ləğv olub getdi. Ona görə də Rusiya sühməramlı qüvvələri də vəziyyəti düzgün qiymətləndirməli və erməni təxribatlarının qarşısının alınması üçün əməli addımlar atmalıdır. Əks halda, bu 10 noyabr razılaşmasının tamamilə əksinə yönəlmiş addım olacaq. Belə olan halda isə bu sənədin əhəmiyyətinə böyük kölgə salınmış olacaq".скачать dle 12.1