Bərdə rayonu, Muğanlı kəndi ərazisində fəaliyyət göstərən fiziki şəxs Ələsgərov Xəqani Əliağa oğluna məxsus su emalı müəssisəsində plandankənar yoxlama aparılıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, götürülmüş nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyasına təqdim edilib.
Ekspertizanın nəticələrinə əsasən, müəssisədə qablaşdırılan “Muğanlı” əmtəə nişanlı içməli suyun tərkibində “Pseudomonas aeruginosa” və “MAFAnnMM 22° C” bakteriyasının yol verilən həddən çox olduğu müəyyən edilib. Həmçinin, müəssisənin qeydiyyatdan keçmədiyi və müvafiq çıxarışla təmin olunmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, mexaniki havalandırma sisteminin quraşdırılmadığı, işçi üçün sanitar-məişət avadanlıqları ilə təchiz edilmiş soyunub-geyinmə sahəsinin təşkil olunmadığı, xüsusi iş geyimi ilə təmin edilmədiyi və dövri tibbi müayinədən keçmədiyi məlum olub. Eyni zamanda, müəssisədə satışı həyata keçirilən “Muğanlı” əmtəə nişanlı içməli suların etiket məlumatlarında “təbii mineral süfrə suyu” sözü qeyd olunduğu aşkar olunub. Aşkarlanan nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisədə suyun emalının qadağan edilməsinə dair məhdudlaşdırıcı qərar qəbul olunub və müəssisə rəhbəri barəsində inzibati protokol tərtib edilib. Eyni zamanda, nümunə nəticəsi uyğunsuz çıxan mal partiyasının ticarət şəbəkələrindən geri çağırılıması və məhsulların məhv edilməsi haqqında qərar qəbul olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.
AQTA su satışı ilə məşğul olan ticarət şəbəkələrinə bir daha xəbərdarlıq edərək bildirir ki, “Qida təhlükəsizliyi haqqında” Qanunun müvafiq tələblərini kobud şəkildə pozaraq müvafiq normalara cavab verməyən bu kimi məhsulların satışı dayandırılmalı və geri çağırılması ilə bağlı müvafiq tədbirlər həyata keçirilməlidir. Əks halda, həmin suların satışını həyata keçirən ticarət müəssisələri barədə qanunvericilik çərçivəsində inzibati tədbirlər görüləcək.
İstehlakçılardan hər hansı uyğunsuzluq və şübhəli hallar aşkar etdikdə, dərhal Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.


скачать dle 12.1