
Onun sözlərinə görə, müxalifət Azərbaycan Silahlı Qüvvələrinin sutka ərzində apardığı lokal antiterror tədbirlərinin nəticələrinə belə kölgə salmağa çalışır: "Məsələn, AXCP sədri Əli Kərimli hesab edir ki, belə lokal antiterror tədbirlərinə ehtiyac yox idi və guya bu addımlar nəticə etibarilə Moskvanın mənafeyinə xidmət göstərirmiş. O bunu hansı məntiqlə sözləyir?".
Elman Nəsirov sözlərinə belə davam edib: "Başqa bir mühacir jurnalist olan və özünü bloger kimi təqdim edən Əfqan Muxtarlı da yenə qəribə mövqeyi ilə diqqətdən yayınmayıb. O hesab edir ki, Ruben Vardanyanın həbsi əslində bir faşistin həbsidir. Bu düzgün yanaşmadır. Ancaq bundan sonra isə bu addımın özünü də kölgəyə salmaq və başqa bir don geydirmək istəyir. Əfqan Muxtarlı bildirir ki, Vardanyan Bakıda qonaq saxlanılacaqsa və sonra Moskvaya ötürüləcəksə, bu bir propaqanda addımıdır. Bu tamamilə yanlış bir mövqedir. Vardanyan separatçıların əsas liderlərindən biri olub. Son zamanlar Qarabağdakı qarşıdurmanın güclənməsində onun "misilsiz" xidmətləri var. Vardanyan cinayətkardır və hüquqi müstəvidə öz layiqli cəzasını alacaq. Ona görə də indidən onun "Bakıda qonaq kimi saxlanılması" tipdə ifadələr çox yersiz və mənasızdır. Bu Azərbaycan sərhədçilərinin uğurlu əməliyyatına kölgə salmaqdan başqa birşey deyil.
Təkcə Vardanyan deyil, qondarma rejimin keçmiş xarici işlər naziri özü Azərbaycanın tələbi ilə təslim olmaq qərarına gələrək Şuşaya yola düşüb. Hesab edirəm ki, digər separaçılar da eyni addımı atacaqlar. Məlum oldu ki, artıq Qarabağdakı separatçı rejimin dırnaqarası rəhbəri özünü buraxmış elan edib. Yəni, separatçı rejim daha Qarabağda yoxdur və bunu rəsmən bəyan ediblər. Bu müzəffər Prezidentimiz cənab İlham Əliyevin tarixi nailiyyəti, onun uzaqgörən siyasətinin məntiqi nəticəsi və formalaşdırdığı yenilməz ordumuzun növbəti tarixi uğurudur. Cənab Prezidentimizin qeyd etdiyi kimi, "Nəyi, nə vaxt və necə etmək lazım olduğunu biz yaxşı bilirik". Atılan addımlar da məqsədyönlü, sistemli, ardıcıldır və nəticələr də göz qabağındadır".