Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi sahə­sində fəaliyyətlər davam etdirilir.
DSX-dən bildirilib ki, mayın 31-də saat 03:10 radələrində Ağstafa rayonunun Sadıqlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədinin pozulmasına dəlalət edən əlamətlər aşkar edilmiş, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, ərazi qapadılmışdır.
Həyata keçirilmiş tədbirlər nəticəsində dövlət sərhədini pozmağa cəhd göstərən 5-i azyaşlı olmaqla, 6 nəfər Azərbaycan Respublikası vətəndaşı saxlanılmışdır.
Araşdırma zamanı onların Gürcüstan ərazisində dilənmə məqsədilə dövlət sərhədindən qanunsuz keçməyə cəhd göstərdikləri müəyyənləş­dirilmişdir.   
Ötən müddətdə bu kateqoriyadan olan şəxslər barəsində dövlət sərhədinin qanunsuz olaraq keçmələrinə görə cinayət işi başlanılaraq ibtidai istintaq aparılmış, azyaşlılar aidiyyəti üzrə icra hakimiyyətləri yanında yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi üzrə komissiyaya və ya komissiyanın iştirakı ilə müvafiq aktla valideynlərinə təhvil verilmişlər.
Dövlət sərhədinin qanunsuz keçilməsinin cinayət tərkibli əməl olması, uşaq əməyinin istismarı və azyaşlıların avaraçılığa cəlb edilməsinə görə hüquqi məsuliyyət daşımaları, eləcə də azyaşlı uşaqların gecə vaxtı, vəhşi heyvanların olduğu ərazilərdən keçirilməsinin onların həyatlarına təhlükə, emosional-psixoloji durumlarına sarsıntı olması barədə valideyn­lərlə dəfələrlə izahedici söhbətlərin aparılmasına baxmayaraq, bu kimi cəhdlərin təkrarən baş verməsi müşahidə olunur.
Dövlət Sərhəd Xidməti tərəfindən aidiyyəti dövlət qurumları ilə birlikdə bu kateqoriyadan olan sərhəd pozucularının dövlət sərhədini pozma cəhdlərinin qarşısının alınması üzrə tədbirlər davam etdirilir.  
скачать dle 12.1