“Bu evə bayraq nə yaraşar!”. Şəhid Sübhan Cəbrayılov bu sözləri Salyanda ata evindən çıxarkən qardaşına demişdi. Anası Ləzifə Cəbrayılova deyir ki, o zaman Sübhanın bu dediklərini başa düşməmişdik. “Sən demə, şəhid olmaq arzusu imiş...”, - şəhid anası dərin hüzn içində deyir.
Sübhan Cəbrayılov 25  oktyabr 1983-cü ildə Salyanda anadan olub. Hələ uşaqlıqdan hərb sənətinin vurğunuymuş. Nəhayət, bu arzusunu reallaşdıra bilib və İkinci Qarabağ savaşında müstəsna qəhrəmanlıqları ilə fərqlənən Xüsusi Təyinatlı Qüvvələrin baş giziri kim vətənə xidmət edib.
“O həmişə döyüşdə idi. Sanki ürəyi Qarabağla döyünürdü. Aprel döyüşlərində də iştirak etmişdi. Evdə çox az-az olurdu. 20 il idi ki, xidmət edirdi. Aprel döyüşlərindən sonra bir dəfə ona dedim ki, bəlkə artıq hərbidən ayrılasan? Onda neçə-neçə hərbçi yoldaşını itirmişdi. Biri hətta onun qucağında canını tapşırmışdı. Özünə yer tapa bilmirdi, qisas hissi ilə yaşayırdı. Cavab verdi ki, bəs uşaqların qisasını kim alacaq?” – deyə Ləzifə Cəbrayılova bildirir.
Sübhan Cəbrayılov İkinci Qarabağ savaşı başlamışdan əvvəl artıq xidmətdə olub. Ləzifə ana deyir ki, sentyabrın 25-ındə onunla əlaqə saxlayıb: “Görüntülü zəng vurmuşdu. Yenə həmişəki kimi bizə ürək-dirək verirdi. “Hər şey yaxşıdır, narahat olmayın” deyirdi. Amma müharibə barədə heç nə demədi. Sentyabrın 27-də eşitdik ki, müharibə başlayıb. 3-4 gün Sübhandan xəbər olmadı. Sonra zəng elədi, dedi narahat olmayın, hər şey yaxşıdır. Bundan sonra oktyabrın 19-na kimi ondan bir xəbər olmadı. Oktyabrın 19-da zəng edib, həyat yoldaşı ilə danışıb. Yenə deyib ki, narahat olmayın. Sonra da deyib ki, telefonuma zəng çatmasa bilin ki, getdim...”
Ləzifə ananın sözlərinə görə, elə həmin gün Sübhanın yaralanması barədə xəbər alıblar. “Əvvəl məlumat aldıq ki, yaralanıb. Sonra dedilər neytral zonadadır, biz tərəfə keçə bilmir. Oktyabrın 23-də öyrəndik ki, şəhid olub”, - deyə şəhid anası bildirir.
Beləliklə, şəhid olmağı arzulayan Sübhan doğum günündə bu ali məqama yüksəlib. “Doğum günündə mənə şəhid anası adını hədiyyə etdi”, - deyir Ləzifə ana.
Sübhan Cəbrayılov Zəngilan işğal azad edildikdən sonra Qubadlı uğrunda döyüşlərə qatılıb. Elə bu döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. “Demişdim, adın Sübhandır, adın köməyin olsun, Allah arzularına çatdırsın. Çatdı arzusuna... Bacısı bir dəfə ondan narahat olduğunu bildirmişdi. Cavab vermişdi ki, şəhid bacısı olacaqsan da, niyə narahat olursan ki...”, - şəhid anası deyir.
Sübhan özündən sonra iki yadigar qoyub: 12 yaşlı Rahim və 10 yaşlı Fidan.
Ləzifə Cəbrayılova deyir ki, övladları atalarının şəhid olmasını sanki xidmətdəymiş kimi qarşılayıblar: “Ailəsini, uşaqları hazırlamışdı buna. Arzusu idi, ay bala. Ona görə elə bil əvvəlcədən hər şeyi buna uyğun hazırlamışdı... Uşaqlar bilir ki, ataları şəhid olub. Amma bunu onun yoxluğu kimi yox, yenə də xidmətdə olduğu kimi qarşılayırlar... Hərdən şəkli ilə danışıram... Deyirəm arzuna çatdın, evə bayraq yaraşar deyirdin, qardaşın sənin sözlərini yadına salıb ağlaya-ağlaya birinin əvəzinə ikisini asdı...”.
 

скачать dle 12.1