İyulun 9-u Azərbaycanda diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramıdır.
 
Milli Məclisin deputatı Elman Nəsirov Azərbaycanın son 1 il ərzində imza atdığı diplomatik uğurlar barədə danışıb. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan diplomatiyası sayəsində dövlətimiz beynəlxalq aləmdə mövqelərini kifayət qədər gücləndirib.
 
E.Nəsirov vurğulayıb ki, əvvəllər olduğu kimi, 2020-2021-ci illərdə də Azərbaycan uğurlu xarici siyasət kursunu həyata keçirməyə davam edir: “Cənab Prezident İlham Əliyev dövlətimizin xarici siyasət kursunu müəyyən edir. Azərbaycanın xarici siyasəti bizim milli maraqlarımızın beynəlxalq aləmdə müdafiəsinə istiqamətlənib. Prezident tərəfindən xarici siyasət əsasən ikitərəfli münasibətlər formatında müəyyən edilib. Çünki ikitərəfli münasibətlər yaxşı inkişaf edəndə bu, üçtərəfli, dördtərəfli, hətta altıtərəfli münasibətlərin yaranmasına zəmin yaradır. Burada qonşu ölkələrlə münasibətlər prioritet sahədir. Beləliklə, Azərbaycan qonşu Gürcüstan və İran, həmçinin Rusiya və sözsüz ki, qardaş Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Bunun nəticəsidir ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və Bakı-Tbilisi-Ərzurum kimi strateji əhəmiyyətli layihələr icra edilir. Azərbaycanın beynəlxalq aləmdə mövqeləri kifayət qədər güclənib”.
 
Deputat xatırladıb ki, ötən il dünyada, eləcə də Azərbaycanda xüsusən pandemiya ili kimi yadda qalıb: “Bu məsələdə də Prezident İlham Əliyev həm milli və regional, həm də beynəlxalq səviyyədə ümumbəşəri bəlaya qarşı çox ciddi töhfələr verdi. Ölkədə təkcə 2020-ci ildə 644 milyon manat vəsait pamdemiyaya qarşı mübarizəyə sərf edildi. Cari ilin büdcəsində isə müvafiq məsələyə 261 milyon manat vəsaitin ayrılması planlaşdırılıb. Pandemiyanın yaratdığı iqtisadi çətinliklərin aradan qaldırılması üçün dövlət büdcəsindən 2,5 milyard manat vəsait ayrılıb və nəticələr ürəkaçandır. Belə ki, pandemiya ilə mübarizədə dövlətimiz ciddi nailiyyətlərə imza atıb. Bu məsələdə ölkə Prezidentinin Türk Şurasının xüsusi sammitinin və Qoşulmama Hərəkatının zirvə toplantısının təşkilinə nail olduğunu xüsusi vurğulamaq lazımdır.  Bütün bunlar sübut edir ki, Azərbaycan olduqca uğurlu xarici siyasət kursunu həyata keçirir”.
 
E.Nəsirov həmçinin Azərbaycanın ən böyük hərbi və diplomatik uğuru hesab edilən Vətən müharibəsi və ermənilər tərəfindən postmüharibə dövründə mina xəritələrinin təhvil verilməsi məsələsinə də toxunub. Parlament üzvü bildirib ki, 2020-ci ildə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu şanlı zəfərə imza atıb: “Ərazi bütövlüyümüzün təmin olunması ilə regionda yeni reallıq yarandı. İndi isə işğaldan azad edilmiş Azərbaycan torpaqlarında yenidənqurma və bərpa işləri uğurla həyata keçirilir. Hesab edirəm ki, tarixi qələbənin əldə edilməsində diplomatiyamızın üzərinə çox böyük məsuliyyət düşdü. Azərbaycan həm hərbi və diplomatik, həm də informasiya cəbhəsində mübarizəsini uğurla başa vurdu. Yəni, tarixi qələbəmizin təmin edilməsində diplomatiyanın rolu əvəzedilməzdir. Uğurlu diplomatik addımlar sayəsində bir çox dövlətlər bizim haqq işimizi müdafiə etdi, eyni zamanda bir sıra ölkələrin bu prosesdə neytrallığı təmin edildi. Fürsətdən istifadə edib, bütün diplomatları peşə bayramı münasibətilə ürəkdən təbrik edir və onlara möhkəm can sağlığı arzulayıram”.скачать dle 12.1