"Şükür Allaha, yaxşıyam, atamın ölümündən sonra yavaş-yavaş özümə gəlirəm. Artıq atamın 40-ı da çıxıb. Toylara da gedib-gəlirəm, çünki mənim çörəyim ordan çıxır. Ailəmi, bütün külfətimi toylarla dolandırıram. Atam həmişə deyirdi ki, heç vaxt toydan qalma. Nə olursa-olsun hər zaman toylarına get. Atamın çox yaxşı səsi var idi, onunla bağlı arzularım da çox idi. İstəyirdim onunla bir duet oxuyub, lentə yazdırım. Həyat o qədər qısadır ki, hər şeyi gərək vaxtında edəsən. Atam üçün bağda bir xüsusi ev tikdirmişdim, çox təəssüflənirəm ki, atam o evi görmədi".
Moderator.az-a açıqlamasında əməkdar artist Mətanət İsgəndərli deyib. O daha sonra sosial şəbəkələrdə yazılan tənqidlərdən danışıb.
"Atamı daha çox istəyirdim, ona çox bağlı olmuşam. O mənə indiyə qədər güldən artıq söz deyib, qəlbimə dəyməyib. Bir dəfə demişdim ki, atam məni çox istəyir, bütün övladlarından seçir. Götürüb rəy yazmışdılar ki, evə pul gətirən sənsən də, ona görə səni çox istəyir. O insanlar hər şeyi öz arşınları ilə ölçürlər. Başa düşmürlər ki, valideyn sevgisi pula, var-dövlətə görə ölçülmür, bu təmənnasız sevgidir. Həmin insanlar üçün müqəddəs heç nə yoxdur. Ata da balasını pula görə çox istəyirsə daha bu dünya dağılmalıdır da" deyə müğənni bildirib.
Müğənni efirlərə çıxmamağının səbəblərindən də danışıb.
"Hələ ki, efirlərə çıxmaq istəmirəm. Çox kilo almışam, içimdən gəlmir ki, efirə çıxım. Toylara məcburiyyətdən gedirəm" deyə Mətanət İsgəndərli deyib.
Mətanət İsgəndərli nəvələrindən də danışıb.
"Nəvələrim yanımdadır, nə məndən, nə də atalarından bir an belə ayrı dayana bilməzlər. Nə qədər işim çox olsa da onlara hər zaman vaxt ayırıram. Bu gün onları Botanika bağına, daha sonra Dənizkənarı Milli Parka aparmışam. Bütün nənələr kimi onları sağlam, tərbiyəli, savadlı, xoşbəxt görmək mənim arzumdur. Böyük nəvəm Tuncayın yaxşı səsi var, sənətimi davam etdirmək arzusundadır. Mən də istərdim ki, sənətimi davam etdirsin. Bu gün kimə baxırsan, əlinə mikrofon götürüb, özünə müğənni deyir. Amma mən istərdim ki, Tuncay sənətimin layiqli davamçısı olsun. İnanıram ki, olacaq da. Çünki mən ona da, digər nəvələrimə də arxayınam" deyə müğənni bildirib.
 
скачать dle 12.1