"Azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı keçirilir. Bu qurultay Zəfər Qurultayı adlanır. Çünki ilk dəfədir ki, bu tədbir işğaldan azad olunan torpağımızda, azad Şuşa şəhərində reallaşdırılır".
Bu sözləri Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.
"Hamımızın bir Vətəni var, o da AZƏRBAYCANDIR!" - Elman Nəsirov
O bildirib ki, həmin qurultayda ölkə Prezidenti cənab İlham Əliyev çox dərin məzmunlu bir nitq söyləyib:
"Dövlət başçımız ona diqqəti cəlb edib ki, hələ 2001-ci ildə ilk dəfə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib və bu qurultayda Ulu Öndər Heydər Əliyev böyük inam hissi ilə vurğulayıb ki, ərazi bütövlüyümüz mütləq bərpa olunacaq, mütləq torpaqlarımız işğaldan azad olunacaq. Bu gün isə, Ulu Öndərin davamçıları olaraq, biz torpaqlarımızı işğaldan azad etmişik, münaqişəyə son qoymuşuq, tarixi ədaləti və milli ləyaqəti bərpa etməyi bacarmışıq!
Bu gün Qarabağın incisi olan Şuşa şəhərində, bizim mədəniyyət paytaxtımızda Dünya Azərbaycanlılarının V Qurultayı keçrilir.
Cənab Prezident bu çıxışında xüsusilə vurğulayıb ki, bizim qarşımızda iki mühüm məsələ dayanırdı: ilk növbədə tarixi qələbəmizi, tarixi zəfərimizi beynəlxalq müstəvidə qəbul etdirmək, eyni zamanda işğaldan azad olunan torpaqlarımızın bərpası və yenidənqurma işini həyata keçirmək.
Bu kontekstə cənab Prezident onu da qeyd edib ki, artıq beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar, dünya dövlətləri Azərbaycanın tarixi zəfərini qəbul edirlər. BMT, ATƏT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlar birmənalı şəkildə Azərbaycan ərazi bütövlüyünü, yeni tarixi reallıqları qəbul edirlər. Bütün qonşu dövlətlər də bu həqiqəti təsdiqləyirlər və artıq 3+3 formatında da ciddi əməkdaşlıq prosesinin əsası qoyulub.
Qarabağın yenidənqurulması istiqamətində də çox ciddi işlər görürük. Öz imkanlarımız, potensiallarımız hesabına bunu həyata keçiririk. Şuşanın baş planı hazırlanır və hər şey planlı şəkildə reallaşdırılır.
Ermənilər isə Şuşanı öz şəhərləri kimi qələmə vermək üçün adını da dəyişmişdilər, bununla da beynəlxalq ictimaiyyətə belə bir yalanı qəbul elətdirmək istəyirdilər. Amma faktlar başqa şey diqtə edir.
Əgər sizin şəhərdirsə, niyə burada cəmi 1800 nəfər yaşayıb, onların da 90 faizi hərbçilər və onların ailəsi olub?! Əgər sizin şəhərdirsə, niyə 17 bulağın hamısını qurudub məhv etmisiniz?! Bircə də olsa, yeni bina tikməmisiniz! Şuşanın bütün tarixi abidələrini məhv etmisiniz! Şuşada olan məscidləri məhv etmisiniz! Sizindirsə, niyə bu addımları atmısınız?!
Biz tarixi zəfərimizlə tək dünya erməniliyinə qalib gəlmədik, eyni zamanda onların himayədarlarına da qalib gəldik. Biz təkcə ərazi bütövlüyümüzü bərpa etmədik, həm də erməni faşizminin başını əzdik! Əgər o, bir daha başını qaldırsa, yenə də qarşısında "Dəmir Yumruğu" görəcək!
Ölkə başcımız çıxışında dünya azərbaycanlılarına da müraciət edərək bildirib ki, diaspor quruculuğu prosesi sürətlə inkişaf edir və bizim diaspor təşkilatlarımız yaşadığı ölkələrdə vəzivələrini ləyaqətlə yerinə yetirirlər. Azərbaycan icması tarixi qələbəmizin əldə edilməsinə də böyük töhfə verib. Onlar Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrdə çıxışları, məqalələri, fikirləri ilə açıq şəkildə ifadə ediblər dünyada yayılması prosesinə ciddi təsir ediblər.
Yeni tarixi şəraitdə, postmüharibə dövründə həllini gözləyən məsələlər də var. Bu məsələlərin sürətlə tənzimlənməsi üçün, təbii ki, dünyada yaşayan azərbaycanlıların da töhfə vermə potensialı böyükdür. Biz inanırıq ki, bu qurultay çərçivəsində irəli sürülən yeni vəzifələrin həyata keçirilməsində bizim diasporlarımızın da çox böyük köməyi, dəstəyi olacaq. Çünki hamımızın bir Vətəni var, o da AZƏRBAYCANDIR!"

скачать dle 12.1