Bu günlərdə Sumqayit şəhər sakini Bayramov Hümbət Bayram oğlu “Aktualxeber.az” saytına müraciət edərək Vətən Müharibəsi qazisi olan oğlu Bayramov Ağaşirinə laqeydlikdən şikayət edib. Onun sözlərinə görə, 20 yaşlı A.Bayramov Qusarda yerləşən N saylı Hərbi Hissədə Müddətdən Artıq Xidmət Edən (MAXE) kimi bu ilin sentyabrın 27-də başlanılan Vətən Müharibəsinə qatılıb və noyabrın 3-də Xocəvənd uğrunda gedən döyüşlərdə Qırmızıbazar yaxınlığında mərmi qəlpəsindən yaralanıb. Hospitalda müalicə alarkən qaraciyərində və qolundakı qəlpələri çıxarmaqdan həkimlər imtina ediblər. “Mən özüm hospitala gedib həkimə dedim ki, qara ciyərindəki qəlpə sonradan korroziya verib orqanizmi zəhərləyəcək. Özünü hospitalın baş həkiminin müavini kimi təqdim edən şəxs, adı yadımdan çıxıb, məni inandırmağa çalışdı ki, qara ciyər öz-özünü bərpa edəcək. Onu başa düşdüm, amma bu qəlpə metaldır, korroziya olacaq, onu ki, çıxarmaq lazımdır. Qolundakı qəlpəni də, yalandan bəhanə edirlər ki, güya elə bir yerdədir ki, onu çıxarsalar sinir damarını zədələyə bilər. Mən başa düşmürəm, xaricdə adamın qolunu kəsib yenidən yerinə tikirlər, yenə də işləyir, bizdə niyə belə bəhanə tapırlar. Cavan uşaqdı, qolu şikəst qala bilər…”,- deyən H.Bayramov onu da əlavə etdi ki, yaralandığı üçün 15 günlük məzuniyyət alan oğlu hərbi hissəyə qayıtsa da onu yenidən hospitala qaytarıblar. Burda isə yenidən laqeydliklə qarşılaşıb. Biz gənc oğlunun səhhəti üçün narahat olan atanın şikayətinin lazımi instansiyalara çatması üçün bu məqaləni yazdıq. Ümid edirik ki, Müdafiə Nazirliyinin məsul şəxsləri də qorxmadan çəkinmədən Vətən torpağının düşməndən azad olunması uğrunda sinəsini düşmən mərmisinə sipər etmiş bu gənc qəhrəmanımızın səhhətinə biganə qalmayacaqlar.
Mövzunu diqqətdə saxlayacağıq.скачать dle 12.1