Qəbul müddəti başa çatmaq üzrədir

Doktoranturaya qəbul üçün sənəd qəbulu və seçim mərhələsinin sonuna az vaxt qaldığı bir dövrdə yüzlərlə namizəd beynəlxalq dil sertifikatlarının tanınması ilə bağlı yaranmış qeyri-müəyyənlik səbəbindən ciddi narahatlıq keçirir. Aidiyyəti dövlət qurumlarına çoxsaylı fərdi və kollektiv müraciətlər göndərilsə də, namizədlər bildirirlər ki, əsas hüquqi suallara hələ də aydın və normativ hüquqi aktlara söykənən cavab verilməyib.

Məsələnin mərkəzində isə bir fundamental sual dayanır:

Qüvvədə olan beynəlxalq dil sertifikatının hüquqi nəticələrini dəyişdirən əlavə qiymətləndirmə proseduru hansı normativ hüquqi akta əsaslanır?

Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin X hissəsinə əsasən dövlət orqanları yalnız Konstitusiya və qanunlar əsasında, qanunla müəyyən edilmiş qaydada fəaliyyət göstərə bilərlər.

Həmin maddənin IX hissəsində isə açıq şəkildə müəyyən edilir:

"Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz."

Bu konstitusion prinsip dövlət orqanlarının vətəndaşlar üçün yalnız qanunvericilikdə nəzərdə tutulmuş tələbləri tətbiq edə biləcəyini təsbit edir.

Bununla yanaşı, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun əsas prinsiplərinə görə hüquq və vəzifələrə təsir göstərən qaydalar normativ hüquqi aktlarla müəyyən edilməli, əvvəlcədən məlum olmalı, aydın və ictimaiyyət üçün əlçatan olmalıdır.

Ali Attestasiya Komissiyasının təsdiq etdiyi "Fəlsəfə doktoru imtahanlarının keçirilməsi Qaydaları"nın 3.4-cü bəndində isə CEFR üzrə B2 və ya daha yüksək səviyyəli beynəlxalq dil sertifikatına (TOEFL, IELTS, Cambridge English Qualifications, TestDaF, DELF, DALF, STANAG və s.) malik şəxslərin xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunduğu açıq şəkildə göstərilir.

Dövlət İmtahan Mərkəzinin doktoranturaya qəbul qaydalarında da qüvvədə olan beynəlxalq sertifikat sahiblərinin xarici dil imtahanından azad olunacağı, beynəlxalq sertifikatların nəticələrinin ekvivalentliyinin müəyyən ediləcəyi qeyd edilir.

Lakin namizədlərin iddiasına görə, mövcud normativ sənədlərdə əlavə müsahibə, saatlarla davam edən qiymətləndirmə, yaxud aylar əvvəl əldə edilmiş beynəlxalq sertifikat üzrə dil biliyinin yenidən yoxlanılması barədə açıq norma yoxdur.

Bunun əvəzində namizədlərə bildirilir ki, tətbiq olunan prosedur qəbul elanları, jurnal məlumatları və daxili qaydalar əsasında həyata keçirilir.

Narazılıq doğuran əsas məqamlardan biri də budur ki, vətəndaşların hüquqlarına təsir göstərən belə bir prosedurun hüquqi əsasları tam şəkildə ictimaiyyətə açıqlanmır. Namizədlər hesab edirlər ki, açıqlanmayan daxili sənədlər və ya təşkilati göstərişlər normativ hüquqi aktı əvəz edə bilməz.

Digər ciddi narahatlıq isə qiymətləndirmənin keçirilmə forması ilə bağlıdır. Namizədlərin bildirdiyinə görə, onlara əvvəlcədən "qısa yoxlama" aparılacağı deyilsə də, bəzi hallarda onlar saatlarla davam edən şifahi və yazılı qiymətləndirmə prosesinə cəlb olunurlar. Bir çox namizəd beynəlxalq imtahanı 6 ay, hətta 1 il əvvəl verdiyini, bu müddət ərzində dil bacarıqlarının dəyişə biləcəyini, buna görə də sonradan aparılan daxili qiymətləndirmənin həmin tarixdəki beynəlxalq imtahan nəticəsi ilə eyniləşdirilməsinin mübahisəli olduğunu bildirir.

Namizədlər həmçinin qeyd edirlər ki, qiymətləndirmənin meyarları, qərarın qəbul edilmə qaydası, apellyasiya mexanizmi və hüquqi əsasları barədə əvvəlcədən tam və aydın məlumat təqdim olunmur. Bu isə qəbul prosesinin şəffaflığı və hüquqi müəyyənliyi ilə bağlı əlavə suallar yaradır.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, inzibati orqanın inzibati akt qəbul etməkdən imtina etməsi və ya hərəkətsizliyi məhkəmə qaydasında mübahisələndirilə bilər. Bu səbəbdən namizədlər hesab edirlər ki, qəbul edilən qərarlar tam hüquqi əsaslandırılmış olmalı və tətbiq edilən hər bir prosedurun normativ hüquqi bazası aydın şəkildə göstərilməlidir.

Qəbul müddətinin başa çatmasına çox az vaxt qaldığı halda, hələ də cavabsız qalan əsas suallar bunlardır:

Əlavə qiymətləndirmə hansı normativ hüquqi aktla müəyyən edilib?

Bu prosedurun tətbiqi üçün hüquqi səlahiyyət hansı sənəddən irəli gəlir?

Qüvvədə olan beynəlxalq sertifikatın hüquqi nəticələri hansı əsasla əlavə qiymətləndirmədən asılı vəziyyətə salınır?

Namizədlərin hüquqi müəyyənlik və qanuni gözlənti prinsipləri necə təmin olunur?

Namizədlər aidiyyəti dövlət qurumlarını bu suallara təxirə salınmadan, hüquqi əsaslara söykənən, şəffaf və əsaslandırılmış cavab verməyə çağırırlar. Onların fikrincə, doktoranturaya qəbul kimi ölkənin elmi potensialını formalaşdıran mühüm bir prosesdə hüquqi müəyyənlik, şəffaflıq və qanunçuluq prinsiplərinin tam təmin olunması həm vətəndaşların hüquqlarının qorunması, həm də dövlət institutlarına ictimai etimadın saxlanılması baxımından xüsusi əhəmiyyət daşıyır.