Kubra Məhərrəmova yazır...
20 aprel 2020-ci il. Bu gün ölkəmizdə 24 martdan elan olunmuş xüsusi karantin rejimi bitməli idi. Lakin koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə karantin müddəti uzadıldı, 5 maya qədər. Yəni xüsusi karantin rejimi davam edir. Deməli, indiyə kimi hansı tədbirləri görürdüksə, yenə də ona davam etməliyik. 
Ən əsası, maska və əlcək taxmalı və sosial məsafəni gözləməliyik. Amma və lakin qaynarqanlı, həddən artıq emosional, özünəgüvən hissinin pik həddini yaşayan Azərbaycan xalqı belə qərara gəlib ki, bəsdir! Maskadır, əlcəkdir, lazım deyil. Halbuki pandemiyanın ilk vaxtlarında xalqımız bir-birini, aptekləri, tibb şirkətlərini maska çatışmadığına görə qarğayır, təhqir edir, az qala əlbəyaxaya çıxırdılar.
Hər kəs özünə borc bilirdi ki, sosial şəbəkələrdə “ay cammat, bizim məhəllədəki aptekdə maska yoxdur, hamısı oğrudur, banditdir. Bizi qırmaq istəyirlər” kimi və bundan betərini yazsın. 
Əla. Maska çatışmırdı, az idi, çox idi, axır ki, bir ay əvvəl hamı maska taxırdı. Tibbi maska tapmayanlar təmir-tikinti zamanı taxılan maskalardan istifadə edirdi. Heç tapmayanlar ağızlarını (əsasən də xanımlar) yaylıqla bağlayırdı. Aptekdən spirt tapmayanlar tut arağı ilə əl-üzünü silirdi ki, virus onları tutmasın. Əsas məqsəd virusa yoluxmamaq idi. 
Bu gün tibbi maska ölkəmizdə istehsal olunur. “Bakı Tekstil Fabriki” tərəfindən yaradılan müəssisə gündə 120 mindən 250 minə qədər tibbi maska istehsal edir. Bu gün hər bir aptekdən hər kəs iki ədəd maska ala bilər. Yəni satışa limit qoyulsa da, hər kəsə çatacaq qədər maska var.  
Amma camaat daha maska taxmır. Nə oldu, elə hay-haray bura kimi idi? Yoxsa maska taxmaqdan çox, maska davası edilirdi? Bəlkə, sadəcə, şikayətlənmək üçün mövzu lazım idi? Bəlkə, virusun yox olduğu barədə məlumatları var? Bəlkə, maska taxmamaq “bomba oğlan”, ya da “bomba qız” anlamını verir?
Bəlkə, məhəlləyə SMS-lə düşəndə, maska taxmayanda, eyvanlardan “bunun cəsarətinə qurban” deyib, onları alqışlayırlar? Bunlar da alqış sədaları altında məhəllədəki marketə düşüb çörək alırlar?
Məncə, maska taxmayanları son statistik məlumatlar arxayın edib. Çünki hazırda Azərbaycanda yoluxanların sayı sağalanlardan azdır. Ölüm sayı isə çox cüzidir. Yəni nə İtaliyadakı, nə də İrandakı qədər deyil. Çox şükür!
Amma qəti narahat olmayın, maska, əlcək taxmayan vətəndaşlarımızın sayəsində tezliklə rəqəmlərin nisbəti dəyişər. Onda da hay-haray salarsınız ki, “bəs ölürük, ay camaat, bizə yiyə duran yoxdur”! İnanın ki, sizə nə həkim, nə dərman, nə də xəstəxanada çarpayı yetəcək. Çünki dünyanın elə bir ölkəsi yoxdur ki, onun əhali sayına görə tibbi personalı, tibbi iqtisadiyyatı, xəstəxana sayı olsun. 
Bu gün hər kəsin təhlükəsizliyi onun öz əlindədir. Şüurlu varlıq olaraq düşünməliyik ki, tibbi maska, əlcək taxılmalıdır, əllər yuyulmalıdır. Sosial məsafə saxlanılmalıdır! Xüsusi karantin rejimi isə tətil deyil, dama çıxıb nərd vurmaq da deyil. Axşamlar da həyətə düşüb, qonşularla samovar çayı içib, loto oynamaq deyil. Deyil, ay camaat, deyil!
скачать dle 12.1