Beynəlxalq dil sertifikatları ətrafında yaranan qalmaqal böyüdükcə Dövlət İmtahan Mərkəzinin müxtəlif namizədlərə göndərdiyi rəsmi cavablar da ciddi müzakirə mövzusuna çevrilib. Namizədlərin təqdim etdiyi məktubların təhlili göstərir ki, eyni hüquqi məsələ üzrə vahid və ardıcıl hüquqi mövqe əvəzinə, hər müraciətə fərqli əsaslandırmalar verilir.

“Bakisesi.com” xəbər verir ki,bir namizədə göndərilən məktubda bildirilir ki, əlavə görüşün məqsədi yalnız dil biliyinin səviyyəsini müəyyən etməkdir.

Başqa namizədə yazılır ki, məqsəd beynəlxalq sertifikatın doktoranturaya qəbul üçün ekvivalentlik balını müəyyən etməkdir.

Digər cavabda əsas arqument kimi TOEFL Home Edition formatı üzrə "risklər" göstərilir.

Növbəti məktubda isə qeyd olunur ki, əgər görüş zamanı uyğunsuzluq aşkar edilərsə, məsələ ETS-ə göndərilir və sertifikatın taleyinə yalnız ETS qərar verir.

Ən diqqətçəkən məqam isə odur ki, bütün bu məktubların demək olar ki, hamısında eyni fikir təkrarlanır:

təqdim edilən sertifikat saxta hesab edilmir;

sertifikat etibarsız elan olunmur;

namizədin hər hansı imtahan qaydasını pozduğu iddia edilmir.

Belə olan halda haqlı sual yaranır:

Əgər sertifikat etibarlıdırsa, saxta deyilsə və namizəd haqqında heç bir hüquq pozuntusu müəyyən edilməyibsə, eyni hüquqi münasibət üzrə niyə hər məktubda fərqli hüquqi əsas göstərilir?

Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsi dövlət orqanlarının yalnız qanunla müəyyən edilmiş qaydada fəaliyyət göstərə biləcəyini təsbit edir. Hüquqi dövlət prinsipi isə inzibati orqanlardan sabit, ardıcıl və proqnozlaşdırılan hüquqi mövqe tələb edir.

"Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun hüquqi müəyyənlik prinsipi də məhz bunu nəzərdə tutur: eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni hüquqi yanaşma tətbiq edilməli, hüquqi əsaslandırmalar isə dəyişkən deyil, vahid olmalıdır.

Lakin beynəlxalq sertifikatlarla bağlı yaranmış vəziyyət tam əks mənzərə yaradır.

Namizədlərin sözlərinə görə, hər yeni rəsmi cavab əvvəlki məktublarda irəli sürülmüş arqumentləri tamamlamır, əksinə, yeni izahlar əlavə edir. Bir məktubda olmayan hüquqi əsas növbəti məktubda ortaya çıxır. Digərində fərqli arqument irəli sürülür. Nəticədə eyni məsələ üzrə vahid hüquqi mövqe deyil, bir-birindən fərqlənən izahlar formalaşır.

Bu isə artıq yalnız beynəlxalq sertifikat məsələsi deyil. Bu, inzibati qərarların hüquqi sabitliyi və dövlət idarəçiliyində ardıcıllıq məsələsidir.

Əgər tətbiq edilən prosedurun hüquqi əsası mövcuddursa, niyə həmin əsas bütün namizədlərə göndərilən cavablarda eyni şəkildə izah edilmir?

Əgər prosedur normativ hüquqi aktla müəyyən olunubsa, niyə hər məktubda yeni arqumentlər ortaya çıxır?

Əgər prosedur qanunidirsə, niyə onun hüquqi əsaslandırılması müraciətdən-müraciətə dəyişir?

Qəbul müddətinin başa çatmasına sayılı günlər qalmış namizədlər hesab edirlər ki, bu suallara artıq ümumi izahlarla deyil, konkret normativ hüquqi aktlara istinad edilməklə cavab verilməlidir.

Çünki hüquqi dövlətin ən mühüm prinsiplərindən biri sadədir: qanun dəyişmədiyi halda hüquqi əsaslandırma da dəyişməməlidir. Eyni hüquqi münasibət üzrə fərqli məktublar, fərqli arqumentlər və fərqli izahlar isə qəbul prosesinin şəffaflığı və hüquqi müəyyənliyi ilə bağlı narahatlıqları daha da artırır.