Mərkəzdən Qaynarinfo-ya verilən məlumata görə, sınaq imtahanında iştirakçılara 2022-ci ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun olaraq test tapşırıqları hər qrupda 3 imtahan fənni üzrə aşağıdakı kimi təqdim olunacaq:
I qrup | II qrup | III qrup DT altqrupu | III qrup TC altqrupu | IV qrup |
Riyaziyyat | Riyaziyyat | Azərbaycan (rus) dili | Azərbaycan (rus) dili | Biologiya |
Fizika | Coğrafiya | Tarix | Tarix | Kimya |
Kimya | Tarix | Ədəbiyyat | Coğrafiya | Fizik |
İmtahanın müddəti 3 saatdır (coğrafiyya fənni üzrə əlavə imtahanın müddəti 1 saat). Yazılı cavablandırılması tələb olunan açıq tipli tapşırıqların cavabları "cavab vərəqi”ində nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə "cavab kartı”ında qeyd olunur. İmtahanın sonunda cavab vərəqələri və cavab kartları abituriyentlərdən təhvil alınır.
İmtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Şəki, Mingəçevir, Bərdə, Göyçay, Füzuli, Şirvan, Xaçmaz, Lənkəran şəhərlərində təşkil olunacaq. Dekabrın 26-da keçiriləcək coğrafiya fənni üzrə əlavə imtahan isə Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəranda olacaq.
Abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan binalarına buraxılış yalnız abituriyentin şəxsiyyət vəsiqəsinin əsli, "İmtahana buraxılış vərəqəsi" və "İmtahan iştirakçısının sağlamlığı haqqında” bəyannamə əsasında həyata keçirilir. Göstərilən sənədlərindən biri olmayan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmır.