Azərbaycan Prezidenti İlham Əliyevin Ağdam və Ağcabədi rayonlarına səfəri bir daha göstərdi ki, işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması ilə yanaşı, regionlarımızın inkişafı məsələsi də dövlətimizin qarşısında duran ən mühüm hədəflər sırasındadır. Elə bu səbəbdən də Prezidentin Ağdam və Ağcabədi rayonlarına səfəri çərçivəsində çox mühüm strateji əhəmiyyətli obyektlərin açılışı həyata keçirildi. Elektrik enerjisi istehsalı müəssisələrinin açılışı bu nöqteyi-nəzərdən çox böyük məna və əhəmiyyət kəsb edir. Bu baxımdan Ağdam şəhərində yeni inşa olunmuş “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının, o cümlədən “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin, habelə “Ağcabədi” yarımstansiyasının açılışını xüsusi qeyd etmək lazımdır. Bu elektrik stansiyalarının işə salınması nəticəsində regionun elektrik enerjisi ilə təminatı məsələsində vəziyyət daha da yaxşılaşacaq. Davos Dünya İqtisadi Forumunun son hesabatında Azərbaycan elektrik enerjisinə əlçatanlıq səviyyəsinə görə dünyada ikinci yerdə dayanır. Bu da onu göstərir ki, bu sahə Azərbaycanda prioritetdir və inkişaf tempinə malikdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
O bildirib ki, Prezident İlham Əliyevin bu səfəri zamanı Ağdam Sənaye Parkında iki müəssisənin təməli qoyuldu. Bu hadisə onu göstərdi ki, qeyri-neft sənayesinin inkişafı ölkəmizin qarşısında duran prioritet məsələdir. Azərbaycanda turizmin inkişafı da mühüm sahələr sırasındadır. Bu nöqteyi-nəzərdən “Park Forest Otel Ağdam” mehmanxanasının təməlinin qoyulması da təsadüfi sayılmamalıdır. Səfər çərçivəsində, həmçinin Ağdam şəhərində yeni yaşayış kompleksinin təməli qoyuldu. Bunun da çox böyük mənası və əhəmiyyəti var. Qarşıda duran əsas vəzifə işğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdışın təmin olunmasıdır. Böyük Qayıdışı təmin etmək üçün ərazilərin minalardan təmizlənməsi prosesi mühüm əhəmiyyət kəsb edir. Ağdamda yeni yaşayış kompleksinin təməlinin qoyulması nəticə etibarilə Ağdam sakinlərinin öz torpaqlarına tarixi qayıdışını təmin edən mühüm addımlardan biri kimi dəyərləndirilməlidir. Səfər zamanı Prezident Ağdam Cümə məscidinin bərpa işləri ilə də yaxından tanış oldu. Məlum olduğu kimi, Ağdam Cümə məscidinin bərpa işlərini Heydər Əliyev Fondu həyata keçirir. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tarixi-mədəni irsimizin bərpası istiqamətində müstəsna işlər görür.
“Eyni zamanda, Prezidentin səfəri çərçivəsində Ağcabədidə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yeni inşa edilən hərbi şəhərciyi istifadəyə verildi. Hərbi şəhərcikdə şəxsi heyətin xidmət, məişət, sıra və döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsi üçün qərargah, 3 əsgər kazarması, zabitlər üçün beşmərtəbəli və ikimərtəbəli 84 mənzilli 2 yataqxana, 2 yeməkxana, tibb, qarovul, texniki nəzarət-buraxılış məntəqələri, digər köməkçi binalar inşa olunub, idman şəhərciyi yaradılıb. Yeni binalar zəruri mühəndis-kommunikasiya, o cümlədən elektrik və su təchizatı, havalandırma, yanğın-siqnalizasiya, rabitə-informasiya və videomüşahidə sistemləri ilə təchiz edilib. Belə şəhərciklərin yaradılması bir daha onu göstərir ki, bu gün Azərbaycan Ordusu dünyanın ən müasir, güclü orduları sırasındadır. Eyni zamanda, onların yaşayış yerləri də sosial durumları da ən müasir standartlara cavab verir. Bu şəhərcik də bu baxımdan nümunəvi sayıla bilər. Prezidentin həm Ağdam, həm də Ağcabədiyə səfəri bir daha onu təsdiqlədi ki, ölkəmizdə qarşıda dayanan strateji vəzifələrin həyata keçirilməsi istiqamətində çox ciddi addımlar atılmaqdadır. Bu addımlar bütün ölkəni əhatə edir, təkcə Qarabağla, Şərqi Zəngəzurla kifayətlənmir. Azərbaycanın simasi bu gün kökündən dəyişməkdədir, bütün bunlar isə cəmiyyət, ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir”, - deyə Elman Nəsirov qeyd edib.скачать dle 12.1