Azərbaycan diplomatiyası qarşısında dayanan mühüm vəzifələrin həlli istiqamətində ardıcıl addımlar atılıb- Elman Nəsirov
14
aprel

Prezident İlham Əliyevin sədrliyi ilə 12 aprel tarixində keçirilmiş cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə ilə əlaqədar açıqlama verən millət vəkili Elman Nəsirov bildirib ki, bu müşavirədə ölkəmizin daxili və xarici siyasətinin qarşısında dayanan çox mühüm məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. Prezident öz tövsiyə və tapşırıqlarını verdi: "Cənab prezidentin xarici siyasət məsələləri ilə bağlı söylədiyi fikirlər üzərində dayanmaq istərdim. Ölkə Prezidenti cənab İlham Əliyev vurğuladı ki, postmüharibə dövrünün həllini gözləyən çox ciddi məsələləri var. Həmin məsələlərin tənzimlənməsi istiqamətində Azərbaycan diplomatiyası məqsədyönlü fəaliyyət göstərir. Bu kontekstdə ölkə Prezidenti keçən ilin dekabr, bu ilin aprel ayında keçirilən Brüssel görüşlərinə diqqəti cəlb etdi. Xüsusilə də, vurğuladı ki, 6 aprel tarixində keçirilən Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi və təşəbbüsü ilə keçirilən Azərbaycan -Ermənistan siyasi liderlərinin görüşündə Azərbaycan tərəfinin irəli sürdüyü 5 baza prinsipinin rəsmi reallığını qəbul etmək məcburiyyətində qaldı. Həmin prinsiplərə görə, ilk növbədə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır, Azərbaycana qarşı ərazi iddialarından birdəfəlik əl çəkməli, Azərbaycana qarşı təhlükə və təhdidlər yaratmaq siyasətindən imtina etməlidir. Habelə, digər mühüm məsələlər, yəni iki dövlət arasında sərhədlərin delimitasiyasi və demorasiyasına razılıq verir. Nəqliyyat kommunikasiyaların bərpası siyasətini dəstəkləyir. Bu heç şübhəsiz ki, Zəngəzur dəhlizinin işə salınması ilə bağlı məsələlərdir. Yeri gəlmişkən, Cənab Prezident onu da vurğuladı ki, artıq Ağbənd istiqamətində dəmiryolu xəttinin 60%-i yerinə yetirilib. Bu Zəngəzur dəhlizinin reallaşması üçün lazım olan Azərbaycan ərazisində mühüm yoldur. Avtomobil yolunun çəkilişi prosesi də sürətlə getməkdədir. Eyni zamanda, Cənab Prezident vurğulayıb ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da güclənib. Beynəlxalq təşkilatlarla münasibətlərimiz sıx inkişaf tempinə malikdir. Bunu da qeyd edim ki, Azərbaycanın BMT ilə münasibətlərinin 30 ili tamam oldu. Bu münasibətlə Şuşa şəhərində də çox mühüm bir tədbir keçirildi. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsi bizim üçün çox ciddi, siyasi, diplomatik avantajlar yaradır. Azərbaycan həm də mühüm beynəlxalq təşkilata sədrlik edir ki, bu da bizim üçün olduqca vacib məsələdir. Beynəlxalq aləmdə bizim mövqelərimizi gücləndirən amildir. Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətləri dinamik inkişaf tempinə malikdir. Bizim qonşularla münasibətlərimiz mühüm əhəmiyyət kəsb edir. Bunun sayəsində də strateji əhəmiyyətli layihələr həyata keçirilməkdədir. Cənab prezidentin cari ilin birinci rübünün yekunları ilə bağlı nitqi və səslənən fikirləri bir daha onu təsdiqləyir ki, üç ay ərzində Azərbaycan diplomatiyası qarşısında dayanan mühüm vəzifələrin həlli istiqamətində ardıcıl, sistemli addımlar atılıb. Prinsipial və qətiyyətli mövqe ortaya qoyub. Bunun da sayəsində bizim həllini gözləyən məsələlərin tənzimlənməsi istiqamətində mövqelərimiz daha da güclənib"
KOMMENTLƏR