Bunu açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat qeyd edib ki, Azərbaycan-Ermənistan sərhədində atəşkəsin pozulması hallarının artması çox arzulanan və gözlənilən sülh müqaviləsinin imzalanmasını sual altında qoyur.
“Prezident İlham Əliyev cari ilin birinci rübünün yekunlarına həsr edilmiş müşavirədə qeyd edib ki, sülh müqaviləsini yubanmadan imzalamaq lazımdır. Çünki bu müqavilə regionda davamlı sülhün və təhlükəsizlik mühitinin formalaşması üçün çox vacibdir. Prezidentin məsələ ilə bağlı aydın mövqeyi və Ermənistan siyasi rəhbərliyinin adekvat münasibəti radikal qüvvələrin, eləcə də Qarabağdakı seperatçıların vahid bayraq altında birləşməsinə səbəb olub. Odur ki, onlar Paşinyanın istefasını tələb edirlər. Təbii ki, əsas iddia hakimiyyət iddiasıdır. Lakin Paşinyanın yerinə kimin gəlməsindən asılı olmayaraq, reallıq dəyişmir. Yəni, Ermənistanın müharibə aparmaq üçün nə gücü, nə də potensialı var. Nəzərə almaq lazımdır ki, Ermənistanın güvəndiyi ATƏT-in Minsk Qrupu da artıq buraxılmış hesab edilir. Fikrimcə, indiki situasiyada Ermənistanın siyasi rəhbərliyi sülh müqaviləsinin bağlanması üçün danışıqlara vaxtı ləngitmədən başlamalıdır. Ermənistan xalqı Azərbaycanla sülh müqaviləsinin imzalanmasının xüsusilə iqtisadi faydasını mütləq görəcək. Onu da qeyd etmək lazımdır ki, Paşinyanı devirməyin mümkünlüyünə inanmıram. Əgər Paşinyan 44 günlük Vətən müharibəsindən sonra da hakimiyyətini qoruya bilibsə, deməli, erməni xalqına müharibə lazım deyil”, - deyə deputat bildirib.